Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda Novruz bayramı təntənəli şəkildə qeyd olunub
Qazaxda Novruz bayramı təntənəli şəkildə qeyd olunub19-03-2019, 20:17 |
Qədim və milli bayramımız olan Novruz bayramı respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da böyük təntənə ilə qeyd olunub. Bu münasibətilə rayonumuzda ümumrayon şənliyi keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyi ilə əlaqədar Olimpiya İdman Kompleksinin qarşısı bayramsayağı, Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb, Novruzun rəmzi olan böyük tonqal çatılıb. Rayon sakinlərində xoş əhval-ruhiyyə yaradan Novruz bayramında minlərlə rayon sakini iştirak edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti Novruz şənliyində iştirak etmək üçün Olimpiya İdman Kompleksinə gəliblər. Bayramın atributları sayılan Kosa və Keçəlin, Bahar qızın qonaqları salamlaması ilə tədbir start götürüb. Zurnaçıların, aşıqların baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Novruzun rəmzi olan tonqal alovlandırıldıqdan sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və qonaqlar bayram ovqatlı sərgilərə, bayramsayağı bəzənmiş süfrələrə, pəhləvanların, idmançıların və uşaqların maraqlı çıxışlarına, əl işlərindən ibarət nümunələrə, qədim məişət əşyalarına tamaşa ediblər. Adət-ənənələrimizə uyğun hazırlanmış Novruz təamları ilə tanış olub, ululardan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayişinə baxıb, aşıqların ifasında qədim el havalarını dinləyiblər. Bayram şənliyində Kosa və Keçəlin zarafatları, Bahar qızın söylədikləri şeirlər, məzəli əhvalatlar, Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər rayon sakinlərinin və tamaşaçıların sevincinə səbəb olub. Sonra Novruz bayramına həsr olunmuş tədbir Olimpiya İdman Kompleksinin içərisində konsert proqramı ilə davam etdirilib.
Aparıcılar Akif Əmirov və Zəmanə Dərviş konsert proqramını açıq elan edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, rayon sakinlərinə ən xoş arzularını çatdırıblar. Qeyd ediblər ki, Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir. Ən qədim təsəvvürləri qoruyub saxlamış bu bayram təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. Odlar diyarına onun hər gəlişi min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət olunmuşdur. Milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənələri çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir. Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca tutulması və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bildirilib ki, Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu, ulu öndər Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi. Vurğulanıb ki, dövlət başçısı İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin daha sürətli və davamlı inkişafının əsası qoyulmuş, ictimai-siyasi sabitlik möhkəmləndirilmiş, Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmişdir. Bütün bu uğurları vətəndaşlarımız öz gündəlik həyatında qabarıq hiss edir, gələcəyə böyük ümid bəsləyirlər. Xalqımız builki Novruz bayramını məhz belə bir yüksək ovqatla qarşılayır. Ölkə başçısının milli dəyərlərimizə son dərəcə diqqətlə yanaşdığının, mədəniyyətimizin inkişafına xidmət edən lazımi tədbirlərin həyata keçirildiyinin şahidi oluruq. Bu illərdə ölkə prezidenti İlham Əliyev mənəvi irsimizlə bağlı kitabların dərc olunmasından tutmuş yaradıcı şəxslərin fəaliyyətinin qiymətləndirilməsinə qədər müxtəlif sərəncamlar imzalamışdır. Bu, ölkə rəhbərinin ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi həm də mədəni-mənəvi irsimizə bağlılığından xəbər verir. Diqqətə çatdırılıb ki, Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. 2009-cu il sentyabrın 30-da isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram şənliyində çıxış edərək Novruz bayramı münasibətilə ölkə prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün xalqımızı, rayon sakinlərini səmimi qəlbdən təbrik edib, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq arzulayıb. Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı bu ən əziz günün - Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzu edib. Rayon rəhbəri qeyd edib ki, Novruz xalqımız tərəfindən qədim zamanlardan həmişə barışıq, dostluq, səmimiyyət, təmizlik və yeniləşmə əhval-ruhiyyəsi yaradan Bahar bayramı kimi qeyd olunub. Novruz təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bir bayramdır. Novruz tarixən hər bir azərbaycanlı ailəsinin ən əziz qonağı olmuşdur. Bu gün isə bu gözəl bayram Azərbaycan xalqının, o cümlədən hər bir Qazax sakininin evində qonaqdır. Bu gün biz öz sevimli bayramımızı sevinc hissi ilə, hörmətlə qarşılayır və ürək dolusu deyirik, xoş gəldin, əziz bayramımız, yolun açıq, qədəmlərin səyalı olsun. Səmimi ürək sözlərini çatdıran icra başçısı tezliklə işğal altında olan rayonlarımızın, eləcə də Qazaxın işğal olunmuş 7 kəndinin azad olunmasını və bu cür bayram tədbirlərinin həmin torpaqlarımızda qeyd edilməsini arzulayıb. Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə müjdəli xəbərin bütün dünyaya yayılacağı günün uzaqda olmadığını bildirib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva tədbirdə çıxış edərək rayon sakinlərini bayram münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Respublika prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmizin, eləcə də bütün bölgələrimizin gündən-günə inkişaf etdiyini qeyd edən deputat son illər Qazaxın da həmin inkişaf edən rayonlar sırasında dayandığını bildirib. Müstəqil Azərbaycanın çiçəklənməsi naminə həyata keçiriləcək bütün işlərində ölkə başçısına və rayon rəhbərinə uğurlar arzulayıb. Ü.Ağayeva da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğalda olan torpaqlarımızın tezliklə azad olunmasını, qələbələrimizin, zəfərlərimizin həmin torpaqlarda qeyd edilməsini, ən əsası da üçrəngli Azərbaycan bayrağının o torpaqlarda dalğalanmasını arzulayıb. Sonra Bakıdan rayonumuza dəvət olunmuş müğənnilər növbə ilə səhnədə yer alıblar. İlkin olaraq səhnəyə çıxan Əməkdar artist Tural Abdullayev ifa etdiyi mahnıları ilə bayram təbriklərini çatdırıb. Xalq artistləri Şahnaz Haşımova və Sabir Əliyevin musiqi töhfələri də əsl bayram əhval-ruhiyyəsi yaradıb. Konsert proqramı getdikcə daha rəngarəng mahnılarla davam edib. Oxunan nəğmələr tamaşaçılar arasında əks-səda doğurub. Səhnədə müğənnilər bir-birini əvəz edir, konsertə toplaşanların zövqünə uyğun mahnılar ifa ediblər. Əməkdar artist Aybəniz Haşimovanın və rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri Müzəffər Fərzəliyevin, Milana Nəbiyevanın, Seymur Məlikzadənin, Həsən Əliyevin ifa etdikləri bir-birindən gözəl nəğmələr rayon sakinləri tərəfindən alqışlarla qarşılanıb. Respublikanın Əməkdar artisti Şəadət Ömərovun ifa etdiyi mahnılar da bayram şənliyinə böyük coşqu qatıb, hər tərəfi alqış sədaları bürüyüb. Gənc və istedadlı müğənni Nəsimi Kamaloğlunun ifası da yaddaqalan olub. Sazın, sözün beşiyi olan Qazax hər zaman aşıq mahnıları ilə seçilib. Aşıqlarımızın ifası həmişə alqışlarla qarşılanıb. Aşıqlardan Camoy Qurbanov, Yaşar Gülümcanov, Saqif Məzəmli və Şahin Süleymanov tərəfindən səslənən şən-şux mahnılar tamaşaçıların könlünü oxşayıb. Beləliklə, Novruz bayramı münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə uğurlardan danışılıb, nailiyyətlərdən söz açılıb, uğurlarımıza həsr olunmuş mahnılar oxunub, nəğmələr ifa edilib. Bahar bayramı münasibətilə təşkil edilmiş konsert proqramı böyük ruh yüksəkliyi ilə başa çatıb.
GOYEZEN.AZ Geri qayıt |