• Təqvim

  • Maraq



Qazaxda Akif Səmədin 60 illik yubileyinə həsr edilən “Ölüm nəmənədir” adlı sənədli filmin təqdimatı olub


Bu gün "Arb Aran” media şirkətinin "Aranfilm” yaradıcılıq mərkəzi tərəfindən istehsal edilmiş, Azərbaycanlı şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü  Akif Səmədin 60 illik yubileyinə həsr edilən "Ölüm nəmənədir” adlı sənədli filmin təqdimatı olub. 

Qazax şəhərindəki Ədəbiyyat Muzeyində keçirilən təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, "Arb Aran” media şirkətinin direktoru İqbal Məmmədəliyev, "ARB Kəpəz” televiziyasının baş direktoru Fuad Cabbarov, filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülrəhmanova, prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi Nəvai Mətin, şairin yaxın qohumları, dostları, qonaqlar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, AYB Qazax zona filialının üzvləri, şairlər və KİV nümayəndələri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təqdimat mərasimini giriş sözü ilə açaraq respublikamızda dövlət başçısı tərəfindən ədəbiyyat sahəsinə, şeiriyyətə, sözə verilən yüksək qiymətdən danışıb. Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında Ölkə Prezidentinin 11 yanvar 2019-cu il tarixli Sərəncamı bu diqqət və qayğını bir daha nümayiş etdirdi. Həmin Sərəncam Azərbaycanda sözə qiymət verib ucaldan insanlara, şairlərə hər zaman qayğı ilə yanaşılmalı olduğunu bir daha təsdiqlədi.

İcra başçısı qeyd edib ki, bütün dünyada tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınan Qazaxda sözə verilən qiymət, göstərilən hörmət hər zaman yüksək səviyyədə olub. Hər kəsə yaxşı məlumdur ki, fəaliyyətə başladığım ilk gündən diqqət və qayğı göstərdiyim sahələrdən biri də məhz mədəniyyət, xüsusilə də ədəbiyyat sahəsidir. Rayonda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsi, tarixi günlərin yüksək səviyyədə qeyd olunması, bu cür film təqdimatlarının təşkil olunması bunun bariz nümunəsidir.

Rayon rəhbəri Akif Səməd yaradıcılığından söz açaraq bildirib ki, onun qısa, lakin mənalı ömür yoluna nəzər salan zaman bir daha əmin oldum ki, Qazax torpağı doğrudan da Azərbaycan ədəbiyyatına saysız-hesabsız şairlər, elm adamları bəxş edib. O, insan 45 illik ömür yolunda özünü xalqına, ona dəyər verən insanlara sevdirə bilib. O, insan dövlət başçısı tərəfindən qiymətləndirilən şəxsiyyət olub. Gənc yaşında istər xalq, istər dövlət tərəfindən sevilən insanlar isə cismən ölsə də, onlar daim qəlblərdə yaşayırlar. Bu gün tam əminliklə deyə bilərik ki, illər keçsə belə qısa ömür yaşamış bu şəxsiyyəti gələcək nəsillər, onu tanıyanlar, hətta, tanımayanlar belə hər zaman xatırlayacaqlar.  


Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək qeyd edib ki, bu gün biz şairlər fəxr və qürur hissi keçiririk ki, ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza, şairlərə olan yüksək qayğısı onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz ölkə başçısının yenicə qədəm qoyduğumuz ili "Nəsimi ili” elan etməsi poeziyaya verilən qiymətin əyani təzahürüdür.

 

Şairin ömür yoluna nəzər salan şair qeyd edib ki, Akif Səməd (Məmmədov Akif Səməd oğlu) 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1976-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şeirləri dövri mətbuatda dərc edilmişdir. "Qiblə yelləri", "Uzaqlardan gəlirik" "Adəmdən", "Özümə yol" kitabları nəşr olunmuşdur. Akif Səməd 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Aslanbəyli kəndində torpağa tapşırılmışdır. O, qeyd edib ki, Qazax torpağının yetirməsi olan Akif Səməd qısa bir ömür yaşasa da öz dəst-xətti ilə seçilməyi, ən əsası da könüllərdə taxt qurmağı bacardı.

Sonra şairin həyat və yaradıcılığından bəhs edən filmin nümayişi olub. Akif Səməd yaradıcılığına bir daha nəzər salınıb. Yaxınlarının, doğmalarının, dostlarının xatirələrini əks etdirən filmdə Akif Səməd sənənitinin böyüklüyü, dərinliyi bir daha göstərilib. Şairin insani keyfiyyətləri, ədəbiyyatımıza bəxş etdiyi saysız-hesabsız şeirləri geniş oxucu kütləsinə çatdırılıb. Ssenari müəllifi və rejissoru Yeganə Əbdülrəhmanovanın, operatoru Rafiq Əliyevin, prodüseri Nicat Məmmədovun, bədii rəhbəri Tahir Tahiroviçin və baş prodüsseri İqbal Məmmədəliyevin olduğu "Ölüm nəmənədir” adlı sənədli film iştirakçılar tərəfindən alqışlarla qarşılanıb və yüksək qiymətləndirilib.


"Arb Aran” media şirkətinin direktoru İqbal Məmmədəliyev çıxış edərək filmin necə ərsəyə gəlməsindən söz açıb. Qeyd edib ki, filmin çəkiməsində əsas məqsədimiz Akif Səməd şəxsiyyətini, onun həyat və yaradıcılığını gənc şairlərə, yazarlara, eləcə də geniş oxucu kütləsinə çatdırmaq idi.


Bütün səy və bacarıqlarımızı göstərməklə Akif Səməd sənətinin böyüklüyünü nümayiş etdirmək idi. Bu gün şairlər yurdu olan Qazaxda ilk təqdimat mərasiminin belə yüksək səviyyədə, xüsusilə də Ədəbiyyat Muzeyində təşkil olunmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Filmin çəkilişi zamanı əməyi keçən insanlara təşəkkürlərini çatdırıb.


Şairin dostlarından AYB Qazax zona filialında ədəbi məsləhətçi Mustafa Rasimoğlu, Ağstafada fəaliyyət göstərən Hüseyn Arif adına ədəbi məclisin rəhbəri Saqif Qaratorpaq, Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi Nəvai Mətin, AYB-nin üzvləri Mübariz Qaragözlü, Məzahir Yaqub və şairə-publisist İradə Aytel çıxış edərək Akif Səmədlə bağlı xatirələrini bölüşüblər. Qeyd ediblər ki, Akif Səməd öz dilinə, milli, mənəvi dəyərlərinə sahib çıxmağı bacaran, sözü, şeiriyyəti daim yüksək qiymətləndirən bir insan olmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatında dərin iz qoyaraq əbədiyyətə qovuşan bir şairdir. Bu gün onun əsərləri, poeziya sənətimizə bəxş etdiyi şeirləri gələcək nəsillər üçün bir örnəkdir. İllər ötsə belə Akif Səməd yaradıcılığı hər zaman öyrəniləcəkdir. Çıxış edənlər film haqqında fikirlərini bölüşərək ərsəyə gətirilən "Ölüm nəmənədir” adlı sənədli filmin Akif Səməd yaradıcılığının öyrənilməsində böyük əhəmiyyət daşıyacağını bildirərək yüksək qiymətləndiriblər.


Sonda şairin bacısı Rəfiqə Məmmədova çıxış edərək qeyd edib ki, bu gün Akif Səmədin bacısı olaraq fəxr və qürur hissi duyuram ki, o, tez bir vaxtda bizi tərk etsə də, öz adını ədəbiyyatımıza yazdıra bildi. Akif Səməd imzasını tanıda bildi. Bu gün Akif Səmədin ölməz ruhu şaddır ki, dostları, yaradıcılığına qiymət verən insanlar onu unutmurlar. Akif Səməd bizim qəlbimizdə əbədi olaraq yaşayır. Bugünkü təqdimat mərasiminin belə yüksək səviyyədə təşkil olunması, Akif Səməd yaradıcılığına, şəxsiyyətinə verilən dəyər bunu bir daha sübut etdi. R.Məmmədova çıxışında təqdimat mərasiminin təşkilinə və şəxsən iştirakına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailəsi adından sonsuz təşəkkürlərini çatdırıb. Qardaşının əziz xatirəsini yad edib, film ərsəyə gətirdiklərinə görə əməyi keçən insanlara minnətdarlığını bildirib.









GOYEZEN.AZ



Facebook-da paylaş