Əsaslı şəkildə yenidən qurulan 6 saylı bağçada işlər yekunlaşmaq üzrədir
Bu gün tam əminliklə deyə
bilərik ki, 2018-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı. Rayonda
yeni avtomobil yollarının çəkilməsi, sosial obyektlərin, müəssisələrin,
məktəblərin inşa olunması və s. bu dediklərimizin əyani sübutudur.
Qazaxda bütün sahələrlə
yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan
bağçalarda tərbiyə olunması istiqamətində də məqsədyönlü işlər görüldü.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət
mərkəzində saxladığı bağça tikintisi və yaxud da əsaslı şəkildə təmir olunması,
müasir inventar və avadanlıqlarla təchiz edilməsi yola saldığımız 2018-ci ildə
də uğurla davam etdirildi.
Ümumiyyətlə, son iki il
yarımda rayon rəhbərinin uşaqlara olan sonsuz diqqətinin, uşaq bağçalarının
əsaslı şəkildə yenidən qurulması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin
nəticəsidir ki, bu gün Qazaxda olan 25 uşaq bağçasından 18-i tam müasir
standartlara cavab verən səviyyədədir. Həmin təmirli şəhər bağçalarından
1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi
köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd
2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı
kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala
Cəfərli kənd uşaq bağçaları bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.
Yola saldığımız 2018-ci il
şəhərin mərkəzində yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının kollektivi
üçün də uğurlu bir il oldu. Belə ki, tələbata cavab verməyən digər bağça binaları
kimi 6 saylı bağçanın da əsaslı şəkildə yenidən qurulmasına başlanıldı. Binanın
dam örtüyü, otaqların qapı və pəncərələri, tavan və döşəmələri yeniləndi.
Bağçaya müasir istilik sistemi çəkildi. Binanın daxilində və həyətində abadlıq
işləri aparıldı. Həyətə tamet döşəndi, dekorativ və həmişəyaşıl gül kolları
əkildi. Bağça binasının ətrafına hasar çəkildi və suvaq işi görüldü. Bağçanın
giriş hissəsinə yeni darvaza qoyuldu. Bundan əlavə, bağçanın həyətində gözətçi
otağı tikildi.
Hazırda isə bağçada son
tamamlanma işləri aparılır.
Bu gün rayon rəhbərliyi əsaslı
şəkildə yenidən qurulan 6 saylı bağçada görülən son tamamlanma işləri ilə tanış
olublar.
Rayon rəhbərliyinə görülən işlər
barədə məlumat verilərək bildirilib ki, rənglənmə işlərinə başlanılıb. Binanın
xarici fasadında bu iş demək olar ki, yekunlaşıb. Otaqlarda isə birinci qat
rənglənib. Sabahdan ikinci dəfə rənglənəcəkdir. Bundan əlavə, laminat
vurulmasına başlanılacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş