Çoxmənzilli binalarda yaşayan sakinlərlə səyyar görüş keçirilib
Günü-gündən sürətlə inkişaf edən, yeniləşən Azərbaycan bu gün dünyanın ən
nüfuzlu dövlətlərindən birinə çevrilib. Ölkəmiz nəinki qazanılan uğur və
nailiyyətləri, eləcə də aparılan abadlıq və quruculuq işləri, həyata keçirilən
çoxsaylı layihələri ilə güclü bir dövlət olduğunu bütün dünyaya sübut edir. Diqqət çəkən məqamlardan biri də odur ki, aparılan bu sürətli
və dinamik inkişaf paytaxt Bakı ilə yanaşı, respublikamızın digər bölgələrində
də uğurla davam etdirilir. Bu inkişafı Qazax rayonunun simasında son iki il
yarım ərzində görülən işlərdən aydın şəkildə görmək olar. Ötən müddətdə aparılan
genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri, eləcə də təhsil, səhiyyə,
mədəniyyət, idman və digər sahələrdə qazanılan nailiyyətlər bunu söyləməyə əsas
verir. Qazaxda Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim
diqqət mərkəzində saxladığı sahələrdən biri də vətəndaş amilidir. Son iki il
yarımda rayon rəhbərinin istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi
səyyar görüşlər və bu görüşlərdə icra başçısının sakinlərin müraciətlərini
dinləməsi, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşması artıq bir
ənənə halını alıb. Növbəti səyyar görüşlərdən biri isə bu gün şəhərin N.Nərimanov yaşayış massivində
yerləşən 1 saylı binada (dəmiryol binası) yaşayan sakinlərlə olub. Çoxmənzilli binanın qarşısında keçirilən görüşdə RİHB aparatının məsul
şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib.
Səmimi söhbət əsasında keçən görüşdə rayonumuzda görülən tikinti-quruculuq
işlərindən, rayonun sosial-iqtisadi göstəricilərindən söz açılıb, qazanılan
uğurlardan, sakinləri narahat edən qayğılardan danışılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək
sakinləri salamlayıb və bildirib ki, bugünkü görüş cari ilin proqramına
uyğun olaraq nəzərdə tutulmuş səyyar görüşdür. Bildirib ki, keçirilən
bütün səyyar görüşlərin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz
dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Rayon
rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin söylədiyi kimi bu gün Azərbaycan
dövlətinin siyasətinin əsasında xalq və onlara göstərilən xidmət dayanır. Dövlət siyasətinin prioritet istiqamətlərindən birini
təşkil edən vətəndaş amilinin Qazaxda hər zaman ön plana çəkildiyini vurğulayıb.
Rəhbər kimi təyin olunduğu ilk gündən hər zaman sakinlərin arasında
olmağı, onları narahat edən qayğıları öz dillərindən eşitməyi və sakinlərin
istəyini, mövqeyini hər şeydən üstün tutduğunu diqqətə çatdırıb.
2016, 2017-ci illərdə rayonumuzda aparılan quruculuq işlərini müqayisə edən
icra başçısı bu il "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na
uyğun olaraq Qazaxda görülən işlərin daha geniş vüsət aldığını bildirib. İcra başçısı istifadəyə verilən çoxsaylı sosial obyektlərin inşasından, yeni
iş yerlərinin yaradılmasından, rayonun sosial-iqtisadi göstəricilərinin gündən-günə
artmasından söz açaraq bildirib ki, elə bir sahə yoxdur ki, orada inkişaf,
tərəqqi olmasın. Qeyd edib ki, bu gün Qazaxda "Azərxalça” ASC tərəfindən xalça
müəssisəsi tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 107
nəfərin işləməsi o deməkdir ki, yeni iş yerlərinin açılması baxımından
rayonumuzda xalça müəssisəsinin yaradılması böyük əhəmiyyət kəsb edir. Rayon
rəhbəri "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun
istifadəyə tam hazır olduğunu, hazırda İkinci Şıxlı kəndində "İnvestel
GROUP” MMC tərəfindən tikilən Aqroparkda, "Gedik Carçı Qaynaq”
LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod
Zavodunda, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında son tamamlanma işlərinin
aparıldığını bildirib. Bütün müəssisələrdə avadanlıqların quraşdırıldığını
diqqətə çatdırıb.
Prezident İlham
Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı
imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamdan söz açan icra başçısı son
iki il yarım ərzində həmin Sərəncamın uğurla icra edildiyini bildirib. Rayon
rəhbəri həmin Sərəncama əsasən ötən il 78, bu il isə daha 47 ədəd çoxmənzilli
yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində,
su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və
həyətlərində abadlıq işlərinin aparıldığını, 3 çoxmənzilli yaşayış binasının
həyətində isə xeyir-şər evlərinin tikildiyini və təmir olunduğunu, eləcə də bir
binanın həyətində bu işin davam etdirildiyini qeyd edib. Rayonda olan 163 ədəd
çoxmənzilli yaşayış binasından artıq 125 ədədinin yüksək səviyyədə təmir
olunmasını və sakinlərin istifadəsinə verilməsini vətəndaşların yaşayış
şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib. Cari ildə Heydər Əliyev prospektində yerləşən 61A, 63, 65 nömrəli,
"Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı
2,3,4,5,60, 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina”
adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A
ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov
yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı,
"Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı
beşmərtəbəli yaşayış binalarını rayonda təmir olunan binalara nümunə olaraq
göstərib. Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında
çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər
haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamın da uğurla
icra olunduğunu diqqətə çatdıran rayon rəhbəri həmin Sərəncama əsasən şəhərin
Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və
Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı
binaların dam örtüklərinin dəyişdirilməsini görülən işlərin əyani sübutu kimi
qiymətləndirib. Hal-hazırda bu gün şəhərin N.Nərimanov
yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı və Ə.Şıxlinski
küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası
olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binaların da əsaslı
şəkildə təmir olunduğunu bildirib. Rayon rəhbəri
vurğulayıb ki, şəhərdə yerləşən digər binalar kimi, sizin yaşadığınız bu bina
da nümunəvi olacaq və şəhərin gözəlliyinə yeni bir rəng qatacaqdır. Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan
rayon rəhbəri qeyd edib ki, Qazax müəllimlər seminariyasının 100
illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr
2018-ci il tarixli Sərəncamı bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax
ziyalılarına hər zaman böyük önəm verib. Rayon rəhbəri Qazax təhsilinə,
ziyalılarına verdiyi dəyərə, göstərdiyi diqqət və qayğıya, tarixi əhəmiyyətli
Sərəncama görə bütün qazaxlı ziyalılar adından dərin minnətdarlığını bildirib.
Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə respublika məktəbləri arasında
rayonumuzun üçüncü yerdə olmasını qeyd edib. Vurğulayıb ki, Respublika
Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə
yerləşən S.Vurğun adına 2 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir olunur
və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Hazırda məktəbdə avadanlıqlar
yerləşdirilir. Bundan əlavə, 2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə
tutulan 3 məktəb - Kosalar, Qaymaqlı, Kəmərli kənd tam orta məktəbləri də
müasir standartlara cavab verən səviyyəyə çatdırılacaqdır. Bütün bunlar isə dövlətimizin və dövlət başçısının
təhsil sahəsinə olan böyük qayğısıdır. Rayon rəhbəri
son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların
sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan
şəraitdən də danışıb. Bildirib ki, bu gün tam
əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan 16-sı müasir
standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5
saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün
salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı,
Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının,
Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçalarının, ötən ay
açılışını etdiyimiz İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu dediklərimizin əyani sübutudur. Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə
yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın
- İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş
Salahlı, Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının
nəzərdə tutulduğunu bildirib. Bu gün rayonda uşaqlara və bağçalara göstərilən
diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan
şəraitin ən yüksək səviyyədə olduğunu bildirib. İcra başçısı rayonda mövsümlə əlaqədar olaraq istər elektrik enerjisinin
gərginliyinin, istərsə də qazın təzyiqinin normal səviyyədə olması üçün
məqsədyönlü işlər görüldüyünü və bununla bağlı aidiyyəti üzrə tapşırıqlar
verildiyini qeyd edib. Bildirib ki, rayonda əhalinin yüksək
keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müsbət işlər görülür ki,
bunlardan biri də müasir tələblərə cavab verən yeni transformatorların və elektrik
xətlərinin çəkilməsi, SİP kabelləşmə işinin
aparılmasıdır. Bu gün sərhəd kəndlərindən olan Məzəm, Quşçu Ayrım, Cəfərli,
Bala Cəfərli kəndlərində bu iş başa çatıb, Fərəhli kəndində isə davam edir. İcra başçısı bildirib ki, hər kəsə yaxşı məlumdur ki, rayonda həll
olunmayan bir məsələ var ki, o da su-kanalizasiya xəttinin çəkilməsidir. Bu
istiqamətdə də məqsədyönlü işlər görülür və yaxın vaxtlarda işlərə başlanılması
nəzərdə tutulub. Rayon rəhbəri qeyd edib ki, bu gün görülən bütün işlər, həyata keçirilən
genişmiqyaslı layihələr, əldə edilən bütün uğurlar bir amala və məqsədə xidmət
edir ki, onun da kökündə vətəndaş amili dayanır. Hər bir iş vətəndaş üzərində
qurulub və onların rifah halının yaxşılaşdırılmasına yönəlib. İcra başçısı bu gün Heydər Əliyev Fondunun
vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü
ilə 2011-ci ildə iyulun 12-dən fəaliyyətə başlayan İDEA (Ətraf mühitin mühafizəsi
naminə beynəlxalq dialoq) İctimai Birliyinin Qazaxda həyata keçirdiyi layihəni əhalinin
rifahının yaxşılaşdırılması istiqamətində görülən iş kimi yüksək qiymətləndirib. 4 nəfər rayon sakinin hər birinə 0,5 hektar bölünməklə, cəmi
2 hektar sahədə 1000 ədəd ərik ağacının əkilməsini və bağ salınmasını vətəndaş
amilinin ön planda tutulmasına bariz nümunə olduğunu bildirib. Sakinlərdən
Məhəmməd Yusifov, Məmməd Məmmədzadə, Həqiqət Məsiyeva, Mustafa Mustafayev,
Donara Yusifova, Rəna Orucova, Tamara Rəhimova və başqaları çıxış edərək respublikamızda, eləcə də Qazax
rayonunda görülən genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə bütün
sakinlər adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən müddət ərzində
Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə
qarşıladıqlarını qeyd ediblər. Bugünkü səyyar görüşü yüksək qiymətləndirən bina sakinləri minnətdarlıqla
yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra
məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən binanın
qarşısına işığın çəkilməsi, digər binanın təmir olunması, işlə təmin olunma və
s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir
məsələyə diqqətlə baxılacağını bildirib. İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı
İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi
həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən
bugünkü səyyar görüş də bunun bariz nümunəsidir. Görüş başa çatdıqdan sonra rayon rəhbəri binada görülən işlərlə də tanış
olub, tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş