• Təqvim

  • Maraq



Qazaxda 2 hektar ərazidə ərik bağı salınıb

Bu gün "İDEA” İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə Qazaxda aztəminatlı ailələr üçün ərik bağları salınıb.

Rayonun Qazaxbəyli kəndi ərazisində keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları və iştirakçıları salamlayıb, respublikanın müxtəlif bölgələrində aztəminatlı ailələr üçün meyvə bağlarının salınmasının əhəmiyyətindən danışıb. Bildirib ki,"Planetimizin ən dəyərli sərvəti insanlardır. Yer kürəsində hər şey insanların yaşaması, dünya nemətlərindən faydalanması və həm maddi, həm mənəvi cəhətdən yüksək səviyyədə inkişafı üçündür. Təbiət də, yerin təki də, onun üstündə olan sərvətlər də, dövlət də insan və xalq üçündür. Bütün təşkilatlar da insanın bu günü və gələcəyi üçündür” - deyən ulu öndər təbiətin mühafizəsini onun gələcək nəsillərə daha da inkişaf etdirilərək çatdırılmasını hər zaman mühüm məsələ kimi ön plana çəkmişdir.


Rayon rəhbəri qeyd edib ki, "Dünya Ətraf Mühitin Mühafizəsi Günü”nün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Əsası ulu öndər tərəfindən qoyulmuş bu ənənə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin, Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir.


Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə "Ekologiya ili” elan etməsi bu sahəyə diqqəti daha da artırmışdır. "Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər.

Bununla yanaşı son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Kənd təsərrüfatında 2018-ci ilin doqquz ayında 4,3 faiz artım müşahidə olunub. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir. Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzindədir və cənab Prezidentin rəhbərliyi ilə kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələr əldə etməyə imkan verəcəkdir.


İcra başçısı bildirib ki, Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək” layihəsi də cəmiyyətimizə böyük töhfələr vermişdir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanıntəşəbbüsü ilə 2011-ci ildə iyulun 12-dən fəaliyyətə başlayan İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır.

Reallaşdırdığı layihələr ətraf mühitin mühafizəsinə xidmət etməklə yanaşı, ekoloji məsələlərlə bağlı ictimaiyyətin maarifləndirilməsində mühüm rol oynayır və insanları təbiətin qayğısına qalmağa təşviq edir.

"Əgər öz təbiətimizdən, iqlimimizdən səmərəli istifadə etsək özümüzü bütün ərzaq məhsulları ilə təmin edə bilərik” - deyən ulu öndər Azərbaycan təbiətinin qorunmasının onun iqtisadiyyatımızın inkişafı üçün töhfəsini hər zaman yüksək qiymətləndirmişdir.

İcra başçısı bildirib ki, bu gün Qazaxda həyata keçirilən bu layihə əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək. 4 nəfər Qazax rayon sakinin hər birinə 0,5 hektar bölünməklə, cəmi 2 hektar sahədə 1000 ədəd ərik ağacı əkilməsi və bağ salınması vətəndaş amilinin ön planda olması deməkdir.

Rayon rəhbəri öz adından, eləcə də Qazax ictimaiyyəti adından layihənin bütün təşkilatçılarına, eyni zamanda, layihənin rəhbəri Leyla xanım Əliyevaya öz təşəkkürünü və minnətdarlığını bildirib.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 27 noyabr 2018-ci il tarixli, 9-21/145 nömrəli Sərəncamına əsasən meyvə bağının salınması üçün torpaq sahəsi ayrılmış kənd sakinlərinin adları açıqlanıb və Sərəncamın bir nüsxəsi sahiblərinə təqdim olunub.




İDEA İctimai Birliyinin nümayəndəsl Nəzakət İsayeva bildirib ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli və Göygöl rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilmişdir. 

Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma, ərik növlərindən olmaqla ümumilikdə 18560-ə yaxın meyvə ağacları əkilib və 57 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

Birlik nümayəndəsi qeyd edib ki, aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları gələcəkdə ölkənin digər rayonlarında da təşkil ediləcəkdir.

Meyvə bağı salınmış kənd sakinlərindən Qabil Qocayev, Valeh Seyidov, Müşgül Nəbiyev və Fərhad Fərzəliyev aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu layihəni yüksək qiymətləndirdiklərini qeyd edib, layihənin təşkilatçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonra ağacəkmə aksiyasına start verilib. İki hektar ərazidə 1000 ədəd ərik ağacı əkilib. Qeyd edək ki, Qazax rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyaya 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulmuşdur.

Ağaclar əkildikdən sonra tədbir Qazax rayon Mədəniyyət Mərkəzinin "Qönçə” rəqs ansamblı üzvlərinin bir-birindən şən, şux rəqs nömrələri ilə davam etdirilib.








































GOYEZEN.AZ

 

 

 



Facebook-da paylaş