2018-2019-cu tədris ilində qarşıda duran vəzifələr müzakirə olunub
Bu gün Respublika Prezidenti İlham Əliyevin təhsilin
inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son
dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Sevindirici
haldır ki, bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Son
bir neçə ildə Azərbaycanda təhsil sahəsində olan yeniliklər nəzərə çarpacaq
dərəcədə artmışdır. Ölkəmizdə heç bir dövrdə
olmayan qədər məktəb binaları tikilmiş, bir çox məktəb binaları üçün yeni
korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir.
Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm
işlər görülmüşdür. Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş kompyuter
sinifləri yaradılmışdır. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata
keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi ilə
seçilmişdir. Fond ölkədə məktəb tikintisində yaxından iştirak etməklə yanaşı,
onların əyani vəsaitlər, şagirdlərin isə məktəb ləvazimatları ilə təmin
olunmasında mühüm rol oynamışdır. Bu proses indi də davam edir. Bir sözlə, bu
gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata
keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın
xoşbəxt gələcəyinə hesablanmışdır. Bu gün bu fikirlər Qazax Rayon İcra Hakimiyyətində
2018-2019-cu tədris ilinin başlanması və yeni dərs ilində qarşıda duran
vəzifələrə həsr olunmuş iclasda səslənib. Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən
iclasda RİHB Aparatının məsul işçiləri, Təhsil şöbəsinin əməkdaşları, işçi
qrupunun üzvləri, şəhərdə fəaliyyət göstərən məktəb direktorları, RİHB-nin kənd
İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
tədbirdə çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan
təhsilinə diqqət və qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr
ulu öndərin təhsil siyasətinin uğurlu davamıdır. İcra başçısı bildirib ki, hər kəsə yaxşı məlumdur ki,
Qazax rayonu ölkəmizdə təhsilin beşiyi sayılır. Ona görə də bu sahə ən yüksək
səviyyədə olmalı, daha çox inkişaf etməlidir. Rayonumuzda bunun üçün lazım olan
bütün şərait vardır. Məktəblərimizdə qabaqcıl müəllimlər, təcrübəli pedaqoqlar
çalışır. Şagirdlər də müəllimlərin tədrisindən bəhrələnərək təhsil sahəsində
yüksək göstəricilər əldə edir, sevindirici nəticələr qazanırlar. Zaman-zaman
təhsil sahəsində möhkəm zəmin yaranmış, sağlam bünövrə daha da möhkəmlənmiş,
məktəblərdə qabaqcıl ənənə formalaşmışdır. Rayon rəhbəri bildirib ki, təhsil sahəsinin daha da
qabaqcıl olması üçün fəaliyyətə başladığım ilk gündən bu sahəyə diqqət və qayğı
ilə yanaşmışam. Təhsilin inkişafı üçün əlimdən gələni əsirgəməmişəm.
Müəllimlərə, eləcə də şagirdlərə rayon rəhbərliyi tərəfindən həmişə diqqət və
qayğı göstərilmişdir. Şagirdlərin müasir standartlara cavab verən məktəblərdə
təhsil almaları üçün yeni məktəb binaları tikilmiş, əsaslı təmir olunaraq
yenidən qurulmuşdur. Müəllimlərin daha yaxşı şəraitdə dərs keçmələri, tədrisin
yüksək səviyyədə aparılması təmin olunmuş, bu sahədə vəziyyət ildən-ilə
yaxşılaşmışdır. Hazırda S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı
şəkildə yenidən qurulması bunun bariz nümunəsidir. Görülən genişmiqyaslı
işlərin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, təhsil
sahəsində yüksək nəticələr əldə olunmuş, uğurlu göstəricilər qazanılmışdır. İcra başçısı qeyd edib ki, təhsil sahəsi ilə bağlı
əldə etdiyimiz ən uğurlu göstəricilərdən biri də işçi qrupunun yaradılması
oldu. İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Təhsil şöbəsi tərəfindən işçi
qrupunun yaradılmasında əsas məqsəd məktəbləri nəzarətdə saxlamaq deyil, əksinə
təhsil sahəsinin inkişaf etdirilməsi idi. Şagirdlərin dərsə davamiyyətini,
müəllimlərin dərsə hazırlıq səviyyələrini müəyyən etmək və seçilən müəllimləri
yüksək qiymətləndirmək idi. Eyni zamanda, məktəbdə müəllim-direktor,
müəllim-şagird və müəllim-valideyn münasibətlərini formalaşdırmaq idi. Ötən müddət
ərzində şagirdlərin dərsə davamiyyət faizi onu göstərdi ki, biz bu istəyimizə
çatdıq. İşçi qrupunun yüksək fəaliyyəti sayəsində təhsilin keyfiyyətinin
artırılmasına, məktəblə İcra Hakimiyyəti arasında sağlam əlaqələrin qurulmasına
nail ola bildik. Biz bu nailiyyəti builki qəbul imtahanında iştirak
edən məzunların sayından da aydın şəkildə gördük. 2017-2018-ci
tədris ili üzrə qəbul olma faizi 54,15 oldu. Belə ki, tədris ilində 676 nəfər məzundan
509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər
ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları
ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər
ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici
haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən,
19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Geniş müzakirə şəklində keçən
iclasda qazanılan uğurlarla yanaşı, yeni tədris ilində qarşıda duran bir neçə məsələlədən
də söhbət açılıb. Məktəblərdə dərs saatının düzgün qaydada bölünməsi, eləcə də
bölgü zamanı diaqnostik qiymətləndirmədə müəllimlərin topladıqları ballara
uyğun bölgü aparılması qeyd olunub. İclasda şagirdlərin dərsə davamiyyəti
də müzakirə edilib. Ötən il olduğu kimi, bu il də yaradılmış işçi qrupları tərəfindən
dərsə davamiyyətə nəzarət ediləcəyi bildirilib. Dərsdən yayınma kimi halların
qarşısının alınması üçün ciddi şəkildə tədbirlər görüləcəyi vurğulanıb. Bildirilib ki təhsil sahəsində baş
verə biləcək hər hansı neqativ hadisə birbaşa rayonun adı ilə bağlı olur. Bunun
üçün istər müəllimlərin, Istər məktəb direktorlarının, istərsə də aidiyyəti şəxslərin
işlərində daha məsuliyyətli olmaları tövsiyə olunub. Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı,
S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbin direktoru Murğuz Mustafayev və
başqaları çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi
münasibətə, istər müəllimlər, istərsə də şagirdlər üçün yaradılmış yüksək
şəraitə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. GOYEZEN.AZ
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qazanılan
uğurları əldə saxlamaq və bu göstəriciləri daha da artırmaq üçün bundan sonra
da böyük səylə çalışmağı tövsiyə edib. Bildirib ki, rayonumuzda bunun üçün hər
cür imkan vardır. Bu imkanlardan səmərəli istifadə etməklə daha böyük uğurlara
imza atılmalıdır.
Facebook-da paylaş