Bakı Dövlət Universitetinin Qazax filialının kollektivinə
Hörmətli professorlar, müəllimlər, əziz tələbələr! Sizi 2018/2019-cu yeni tədris ilinin başlanması və
Bilik günü münasibətilə təbrik edirəm! Xalqımızın elm, təhsil və mədəniyyət
tarixində xüsusi yeri olan, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun,
Mehdi Hüseyn, İsmayıl Şıxlı, Mirvarid Dilbazi, Osman Sanvəlli və s. kimi
yüzlərlə böyük şəxsiyyətlər və alimlər yetirən Qazaxda belə bir təhsil ocağının
fəaliyyət göstərməsi çox dəyərli hadisədir. Ölkəmizin və bütün müsəlman
Şərqinin ilk və ən böyük ali məktəbi olan Bakı Dövlət Universitetinin
respublikamızda yeganə filialının məhz Qazaxda yerləşməsi qanunauyğun haldır.
Çünki Qori Müəllimlər Seminariyasının yeganə filialı da vaxtilə Qazaxda açılmış,
burada elmə, təhsilə böyük maraq ənənələri olmuş, Qazax regionda, həm də qonşu
ölkələrdə milli ziyalı təbəqəsinin formalaşmasına güclü təsir göstərmişdir.
Həmin şərəfli ənənələri uğurla davam etdirmək üçün möhtərəm Prezidentimiz cənab
İlham Əliyev 29 aprel 2016-cı il tarixli sərəncamı ilə bu təhsil ocağının Bakı
Dövlət Universitetinin balansına vermişdir. Həmin sərəncamdan sonra filialın
inkişafı göz qabağındadır. Yeni auditoriyaların, laboratoriyaların açılması,
qəbul olunan tələbələrin Bakı şəhəri də daxil olmaqla, keçən ilki 54 şəhər və
rayonun müqabilində bu il 62-yə, qəbul olunanların sayının keçən ilki 389
nəfərdən bu il 562 nəfərə çatması, həmin gənclərin 150 nəfərinin ixtisas
seçimində Qazax filialını birinci sırada qeyd etməsi, 500-dən yuxarı bal
toplayan birinci kurs tələbələrinin sayının kəskin artması, tədris edilən
ixtisasların 17-yə qalxması, bununla bərabər təhsilin keyfiyyətinin,
tələbələrin elmə marağının və məsuliyyətinin artması, imtahanların şəffaflığı,
nəticələrin yüksəlməsi bizi çox sevindirir. Çox şadıq ki, cəmi bir neçə il
əvvəl 300 nəfər ətrafında tələbəsi olan filialda hal-hazırda 1140 tələbə təhsil
alır. Bu gün ölkəmizdə gedən quruculuq işləri, regionların
inkişafına göstərilən dövlət qayğısı nəticəsində Qazax rayonunda da böyük
dəyişikliklər baş verir. Regionun ən gözəl və inkişaf etmiş bu rayonunda yeni
Universitet şəhərciyinin tikilməsi planlaşdırılır. Gələcək nəslin müasir
tələblərə cavab verən yüksək səviyyəli mütəxəssis kimi yetişdirilməsi üçün
əlimizdən gələn hər şeyi edəcəyik. Hörmətli professorlar, müəllimlər, əziz tələbələr! İnanıram
ki, ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil respublikamızın dinamik
inkişafını təmin edən möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
altında qazanılan uğurlarda sizin də öz payınız olacaqdır. Əminəm ki, 100 yaşlı
Bakı Dövlət Universitetinin şanlı ənənələrini davam etdirməklə, bu şərəfli
tarixi olan ali məktəbin əməkdaşı və tələbəsi olmaq məsuliyyətini dərindən dərk
etməklə xalqımızın elm və təhsil tarixinə yeni səhifələr yazmaqda bizimlə birgə
olacaqsınız. Hər birinizi Yeni tədris ilinin başlanması və Bilik günü
münasibətilə bir daha təbrik edir, yeni uğurlar, cansağlığı və xoşbəxtlik
arzulayıram! Hörmətlə, Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmov
Facebook-da paylaş