• Təqvim

  • Unutma

  • Maraq



2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun HESABAT MƏRUZƏSİ

2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun
Bildiyiniz kimi, aprel ayının 11-də Azərbaycan Respublikasında Prezident seçkiləri keçirildi. Respublikanın hər yerində olduğu kimi, Qazax rayonunun əhalisi də seçkiyə böyük ruh yüksəkliyi ilə qoşularaq kütləvi şəkildə iştirak edərək Azərbaycanın parlaq gələcəyi naminə cənab İlham Əliyevə göstərdikləri böyük etimadı nümayiş etdirmişlər. Eyni zamanda bu gün Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyevin andiçmə mərasimi keçirilmişdir. Bu münasibətlə həm cənab Prezidenti, həm Azərbaycan xalqını təbrik edirəm.

Aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda ölkə başçısı cari ilin ilk üç ayı ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Ölkə başçısı öz çıxışında bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini qeyd edərək 2018-ci ilin bizim üçün uğurlu il olacağını bildirmişdir.

Cənab Prezident 2018-ci ilin birinci rübü ərzində ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirildyini və bu tədbirlər içərsində VI Bakı Qlobal Forumunu xüsusilə qeyd etmişdir. Bu Forumda 50-dən çox ölkədən 47 fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı iştirak etmişdir. Birinci rübdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər etmişdir. Bu səfərlər də ölkəmizin dost ölkələrlə ikitərəfli münasibətlərinin inkişafı üçün önəmli rol oynamışdır.

Bu il ölkəmizdə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır. Biz bu təşkilata 7 il bundan əvvəl üzv olmuşuq, gələn ildən başlayaraq Azərbaycan dünyanın ikinci böyük təşkilatına sədrliyi öz üzərinə götürəcəkdir. Bu, 120 ölkənin Azərbaycana olan böyük hörmətinin, inamının təzahürüdür.

Bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur ki, bunun böyük əksəriyyəti xarici sərmayədir. Bu isə ölkəmizin xarici investorlar üçün çox cəlbedici olduğunu göstərir. Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Qeyri-neft sənayemiz 10 faiz artıb və hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu artımın tərkibində biz daha çox bitkiçiliyin artımını görürük, bitkiçilik 50 faizdən çox artmışdır. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir.

Ölkə başçısı xarici ticarət dövriyyəsinin 31 faiz, o cümlədən, ümumi ixracın 24 faiz, qeyri-neft ixracının 37 faiz artdığını və bunun uğurlu siyasətin bariz nümunəsi olduğunu bildirmişdir. Birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 1 milyon 500 min yeni daimi iş yeri yaradılmışdır.

Cənab Prezident Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qaldığını, bu il bu layihənin 3 önəmli hissəsinin - TANAP, Cənubi Qafqaz Kəməri və “Şahdəniz-2” başa çatacağını vurğulamışdır. Ölkəmiz dünyada daha çox tanınır və turistlərin sayı getdikcə artır, birinci rübdə turistlərin sayı 12,5 faiz artmışdır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim edir.

2018-ci ilin birinci rübü rayonumuz üçün uğurlu olmuşdur.

Qazax rayonu üzrə 2018-ci ilin yerli gəlir və xərclərinin proqnozu 9.363.000 manat məbləğində müəyyənləşdirilmişdir.

2018-ci ilin birinci rübündə yerli daxilolmalar 1.824.849 manat proqnoza qarşı 2.045.427 manat və ya 112,09 faiz yerinə yetirilərək büdcəyə 220.578 manat artıq vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 279.499 manat və ya 15,83 faiz çox vəsait daxil olmuşdur.

2018-ci ilin birinci rübündə qarşılıqlı hesablaşmalar əsasında 222.861 manat vəsait daxil olmuş və 204.731 manat vəsait öz təyinatı üzrə xərc edilmişdir.

Yekun olaraq 2018-ci ilin birinci rübündə yerli gəlirlər cəmi 2.047.710 manat proqnoza qarşı 2.268.288 manat, yəni 110,77 faiz yerinə yetirilmişdir.

2018-ci ilin 3 ayında yerli xərclər 2.025.236 manat proqnoza qarşı 1.919.979 manat, yəni 94,8 faiz icra olunmuşdur
.
Rayon ərazisində 5 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 3 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2018-ci ilin 3 ayı ərzində əhaliyə 5.111.570 manat kredit verilmiş, əhalidən 1.379.650 manat və 1.106.334 ABŞ dolları əmanət cəlb olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 layihə üzrə 1.576.000 manat (162 iş yeri) kredit verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə əmək pensiyaları, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışan işçilərin əmək haqları artırılmışdır. Bu isə 2018-ci ildə rayonumuz üzrə əmək pensiyaları və sosial müavinətlərdə 2.841.600 manat, əmək haqlarında isə 1.489.000 manat, ümumilikdə 4.330.600 manat artım deməkdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi üçün 2018-ci ilin 3 ayında 9.954.200 manat vəsait köçürülmüşdür. Şöbədə 2018-ci ilin 3 ayında sosial sığorta haqları üzrə yığım proqnozu 99,3 faiz yerinə yetirilmişdir. Belə ki, 736.600 manat proqnoza qarşı 726.000 manat vəsait toplanmışdır. O cümlədən, bu göstərici büdcə təşkilatları üzrə 419.900 manat proqnoza qarşı 467.000 manat toplanmaqla 111 faiz, qeyri-büdcə təşkilatları üzrə 313.700 manata qarşı 262.000 manat olmaqla 83,3 faiz, o cümlədən, hüquqi şəxslər 181.400 manata qarşı 178.000 manat olmaqla 98 faiz, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə isə 126.300 manata qarşı 84.400 manat toplanmaqla 66,8 faiz yerinə yetirilmişdir.

2018-ci ilin birinci rübündə şöbədə qeydiyyatda 13537 nəfər pensiyaçı olmuşdur. Onlardan 9.344 nəfəri yaşa görə, 3.374 nəfəri əlilliyə görə və 819 nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır. Bundan başqa 682 ailənin 2.973 üzvünə rüb ərzində 315.600 manat ünvanlı sosial yardım, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş 2.392 nəfər müharibə veteranına 378.800 manat müavinət, 3.861 nəfərə 1.090.100 manat sosial müavinət ödənilmişdir.

Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür.

2018-ci ilin birinci rübündə Qazax Elektrik Şəbəkəsi tərəfindən 35/10/6 kv-luq Daş Salahlı və Şıxlı yarımstansiyalarında, eləcə də, 35/10 kv-luq yarımstansiyalarda olan avadanlıqlarda cari təmir işləri aparılmışdır. 35 kv-luq hava xəttində 0,4 km uzunluğunda cari təmir işləri aparılmış, 7 ədəd izalyator dəyişdirilmişdir. 10 kv-luq hava xəttində 17,85 km uzunluğunda cari təmir işləri, 1,7 km uzunluğunda tarımlama işləri aparılmış, 1,45 km məsafədə ağaclar budanmış, 12 ədəd əyri dayaq düzəldilmiş, 133 ədəd izalyator dəyişdirilmiş, 17 ədəd ağac dayaq beton dayaqla əvəz edilmiş, 0,5 km uzunluğunda zədəli naqillər yenisi ilə əvəz olunmuşdur. 0,4 kv-luq hava xəttində 11,6 km uzunluğunda cari təmir işləri aparılmış, 21 ədəd ağac dayaq beton dayaqla əvəz edilmiş, 2,15 km uzunluğunda tarımlama işləri aparılmış, 97 ədəd sınıq izalyatorlar dəyişdirilmiş, 3 km məsafədə ağaclar budanmış, 1,2 km uzunluğunda zədəli naqil yenisi ilə əvəz edilmişdir. Qazax şəhəri, Kosalar və Çaylı kəndlərində SİP kabelin çəkilməsi üçün 95 ədəd metal dayaq, 12 ədəd beton dayaq quraşdırılmış və 1,4 km uzunluğunda SİP kabel çəkilmişdir. 2018-ci ildə Qazax şəhərində yerləşən hərbi şəhərcik-2, M.Rəsulzadə, Ə.Seyidov, Ə.Süleymanov və Bakı küçələrində, eləcə də, Qarapapaq kəndində hazırda fəaliyyət göstərən açıq naqillərlə çəkilmiş 0,4 kv-luq xətlərin 20 km uzunluğunda SİP kabellə çəkilməsi nəzərdə tutulmuşdur.

2018-ci ilin birinci rübü ərzində Elektrik Şəbəkəsinə 27.071.200 kvts enerji ötürülülmüşdür. Orta hesabla 10,1 faiz itki-2.734.200 kvt saat çıxıldıqdan sonra 24.337.000 kvt saat faydalı enerji qalmışdır, bunun da dəyəri 1.947.600 manatdır. Şəbəkə üzrə cəmi pul yığımı 1.610.300 manat olmuşdur. Ümumi yığım 82,7 faiz təşkil etmişdir. Yığım faizinin aşağı olmasının səbəbləri qeyri balansın yaranması (Ağstafa rayonundakı yarımstansiyadan çıxan elektrik enerjisi ilə Qazax yarımstansiyasına daxil olan enerji arasında olan fərq), Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Qaçqınkom tərəfindən ödənişlərin aparılmamasıdır. Buna görə də, 337.300 manat debitor borc yaranmışdır. Pul yığımı yerli əhali sektorunda 781.500 manat olmuşdur. 2017-ci illə müqayisədə ümumi yığım 6,9 faiz və ya 227.100 manat artıq, əhali sektorunda isə 70.700 manat çox icra olunmuşdur.

Bildiyiniz kimi, Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Şəmkir RQİİ-nin Qazax Xidmət Sahəsi tərəfindən 3 ayda istehlakçılara 28.428.667 m3 təbii qaz satılmışdır. Əhali abonentlərə satılmış qazın dəyəri 1.324.015 manat, yığım isə 1.383.895 manat olmaqla 104,5 faiz yerinə yetirilmişdir. 2017-ci illə müqayisədə 2018-ci ildə əhali abonentlərindən qazın satışına görə yığım 10 faiz çox olmuşdur. Ötən dövr ərzində 70 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. 29 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə əvəz olunmuşdur. “Təmiz Qaz” MMC tərəfindən aşkar olunmuş müxtəlif diametrli qaz xətlərində 1.692 ədəd sızma aradan qaldırılmışdır.

Qazax Telekommunikasiya Qovşağı tərəfindən 2018-ci ilin birinci rübün yekununa görə 361.120 manat tarif gəliri proqnozuna qarşı 378.700 manat gəlir əldə edilərək proqnoz tapşırığa 105 faiz əməl olunmuşdur. Gəlirin 196.400 manatı internet xidmətindən, 149.920 manatı abunə xidmətindən, 31.042 manatı şəhərlərarası və beynəlxalq danışıqlardan, 1.140 manatı telefon çəkilişindən, 298 manatı isə digər xidmətlərdən daxil olmuşdur. Rüb ərzində 31 ədəd yeni telefon çəkilmiş, 4 ədəd telefon şəbəkəyə bərpa olunmuş, “Aztelekom” internet provayder üzrə 420 ədəd artım olmuş, ümumi istifadəçi sayı 6.119-a çatmışdır. Hesabat dövründə rayon üzrə cəmi telefonların sayı 14.861, hər 100 təsərrüfata düşən abonentlərin sayı 67, internet istifadəçilərinin sayı isə 8.923 nəfər olmuşdur.

Hesabat dövründə Qazax Poçt filialı tərəfindən rüb ərzində 605.752 manat enerji pulu, 1.016.801 manat qaz pulu, 66.018 manat su pulu, həmçinin 21.685 manat vergi pulu, 20.234 manat DSMF pulu, 31.985 manat DİN-nin ödəniş haqları, 1.315 manat dekoder pulu yığılaraq aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 110 faiz yerinə yetirilmişdir. Filial tərəfindən 354 ədəd bağlama qəbul edilmiş və 112 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir. Həmçinin 2.208 məktub göndərilmiş, 4.352 ədəd məktub qəbul edilmişdir.

“Qazax-Avtovağzal” ASC 2018-ci ilin birinci rübündə plana 102 faiz əməl edərək 107.000 nəfər sərnişinə xidmət göstərmişdir. ASC-də 11 nəfər əmək fəaliyyəti ilə məşğul olur. Gün ərzində şəhər ətrafı, yəni kəndlərə işləyən marşrut üzrə 80 maşın, şəhərlərarası marşrut üzrə isə 57 maşın fəaliyyət göstərməklə, cəmi 137 maşın işləyir.

Qazax “Su Kanal” İdarəsi tərəfindən 2018-ci ilin 3 ayı ərzində 6.161 əhali abonentə xidmət göstərilmiş, içməli su və çirkab suların dəyəri 117.744 manat olmuş, 100.010 manat vəsait toplanmışdır. Bu isə satışın 85 faizini təşkil edir. “Su Kanal” İdarəsi ümumilikdə 104,26 km su, 36,34 km uzunluğunda kanalizasiya xəttinə xidmət edir. 2018-ci ilin 3 ayı ərzində təşkilat tərəfindən 3 ədəd su mühərriki, 4 ədəd su mühərrikinin nasos hissəsi əsaslı təmir olunmuşdur. H.Əliyev prospekti 61, 63, Azadlıq küçəsi 31, 33 saylı binaların su təchizatının yaxşılaşdırılması və dayanıqlığının artırılması üçün 1 ədəd 7,5 kvt və 1 ədəd 15 kvt-lıq elektrik mühərriki nasosla birgə quraşdırılaraq istismara verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli 2754 saylı Sərəncamı ilə rayonun Kəmərli kəndində içməli su xətti çəkilərək istifadəyə verilmişdir. Əlavə olaraq Qaymaqlı kəndində də su çəkilişinə başlanılmışdır. 1 ədəd artezian quyusunun qazıntısı, 2 ədəd 50 tonluq çənin qoyulması və diametri 110 mm olan 1.344 metr boru vasitəsilə su çəkilişi nəzərdə tutulmuşdur.

Vətəndaşların rayon İcra Hakimiyyətinə müraciətləri əsasında Ağköynək kəndi ərazisində yaşayan Qazax şəhər sakinlərinə mövcüd olan subartezian quyusundan 3 ədəd siyirtmə quraşdırılaraq 36 abonentə polietilen borular vasitəsilə 580 metr uzunluğunda su xətti çəkilərək istifadəyə verilmişdir. Bundan başqa Qazax şəhəri Osman Sarıvəlli küçəsində 100 mm-lik dəmir boru vasitəsilə uzunluğu 250 metr olan su xətti və Ürkməzli kəndində 1500 metr uzunluğunda içməli su xətti çəkilmişdir. Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması üçün sənədləşmə işləri başa çatmışdır, yaxın vaxtlarda işlərə başlanılacaqdır.

2018-ci ilin 3 ayında Qazax Kommunal Müəssisələri Kombinatı üzrə 192.780 manat vəsait daxil olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 68.967 manat çoxdur. Kombinat tərəfindən göstərilən xidmətlərə görə əhalidən 6.724 manat, kommersiya müəssisələrindən 5.310 manat, təşkilat və idarələrdən 8.598 manat olmaqla, 20.632 manat vəsait yığılmışdır. 2017-ci ilin müvafiq dövründə əhalidən 3.866 manat, kommersiya müəssisələrindən 4.734 manat, təşkilat və idarələrdən 8.678 manat olmaqla, 17.278 manat vəsait yığılmışdır. Ümumi yığım keçən illə müqayisədə 19,4 faiz çox olmuşdur. Kombinatda 83 nəfər işçi işləyir. Rüb ərzində təşkilat tərəfindən 33.911 manat əmək haqqına, 28.445 DSMF-yə və 29.224 manat əlavə dəyər vergisi olmaqla, cəmi 91.580 manat vəsait ödənilmişdir. Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2018-ci ilin yanvar ayından Kommunal Müəssisələri Kombinatının abadlıq və təmizlik sahələrində 240 nəfər işlə təmin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 yanvar tarixli 7s nömrəli Sərəncamı ilə ayrılmış 60 ədəd konteyner rayona gətirilərək yaşayış məntəqələrinin ehtiyac olan yerlərinə qoyulmuşdur. Şəhərdə təmizliyin qorunub saxlanması məqsədilə növbətçilik təşkil olunmuşdur. Növbətçilik əsasında şəhərin hər bir sahəsində səhər saatlarından başlayaraq gecə saat 24:00-dək təmizliyin qorunub saxlanması diqqət mərkəzində olur. Zibil poliqonunda həftədə bir dəfə traktorla təmizlik işləri aparılır.

Qazax Mənzil İstismar Sahəsi tərəfindən ötən 3 ay ərzində 17 binanın dam örtüyündə cari təmir işləri aparılmış, 10 binanın kanalizasiya xətlərində yaranmış qüsurlar boruların qismən dəyişdirilməsi ilə aradan qaldırılmışdır. Rüb ərzində sakinlərdən 2267,70 manat mənzil haqqı yığılmışdır.

Qeyd etmək istərdim ki, Qazax şəhərində 85 ədəd çoxmənzilli yaşayış binalarında təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Bu binalardan 74-nün dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır. Hazırda 15 ədəd çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılmış və işlər davam edir. Bu işlərlə əlaqədar 50 nəfər ictimai işlə təmin olunmuşdur.

2018-ci ilin 3 ayı ərzində rayonun təhsil, mədəniyyət və səhiyyə müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.

Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən, 1 məktəb-lisey, 6 ümumi orta, 6 ibtidai məktəb və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan 11.786 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1.714 nəfər müəllim məşğul olur.

2018-ci ilin yanvar ayında keçirilən fənn olimpiadalarının rayon turunda 374 nəfər şagird iştirak etmişdir. Onlardan 49 nəfəri aprel ayında Şəmkir şəhərində keçiriləcək zona mərhələsinə vəsiqə qazanmışlar. Zona mərhələsində yüksək yer tutmuş şagirdlər Bakı şəhərində keçiriləcək respublika turunda iştirak edəcəklər. (4 nəfər şagird respublika turunda iştirak etmək üçün vəsiqə qazanmışdır)

“Fövqəladə Hallar uşaqların gözü ilə” müsabiqəsinin respublika mərhələsində Qazax şəhər 5 saylı tam orta məktəbin şagirdi Nurlan Bayramov, Qazax şəhər 4 saylı tam orta məktəbin şagirdi Nuray Məmmədova və Xanbağı kənd tam orta məktəbin şagirdi Samirə Qapıçıyeva “Model Nominasiyası”nda üçüncü yerə çıxmışlar. Onlar Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

“Ədəbiyyat Biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilmiş, Kommuna kənd tam orta məktəbin IX sinif şagirdi Günay Quliyeva rayon müsabiqəsinin qalibi olmuş və respublika mərhələsinə vəsiqə qazanmışdır.

2018-ci ilin 3 ayı ərzində rayon Təhsil şöbəsinin müvafiq əmri ilə yaradılmış işçi qrupunun üzvləri tərəfindən rayonun şəhər 4 saylı, Ağköynək, Xanbağı, Kəmərli, Qaymaqlı, İkinci Şıxlı, Sarıvəlli kənd ümumtəhsil məktəblərində ayrı-ayrı fənlər üzrə monitorinqlər aparılmışdır. Nəticələr yekunlaşaraq Təhsil şurasında müzakirə olunacaq və nümunəvi müəllimlərə təşəkkür, zəif nəticə göstərən müəllimlərə isə məktəb direktorları tərəfindən inzibati tənbeh tədbirləri görüləcəkdir.

Rüb ərzində ümumtəhsil məktəblərində orta aylıq davamiyyət 94,6 faiz olmuşdur.

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ağköynək kənd tam orta məktəbin direktoru Rəhimova Səfurə Firudin qızı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Bir daha təbrik edirik.

2018-ci ilin mart ayında məktəblilərinin yaz tətilində “Ölkəmizi tanıyaq” tur-aksiyasında rayonun IX-XI sinif şagirdlərindən 40 nəfəri Qəbələ-Şəki-Zaqatala bölgəsində ekskursiyada olmuşdur.

Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Bağçalar “Ərzaq Məhsullarının Təchizatı və Təminatı” ASC tərəfindən ayda iki dəfə vaxtlı-vaxtında ərzaqla təmin olunurlar və buna rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarət olunur.

2018-ci ilin əvvəllərində rayonda olan körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, Qazax şəhərində fəaliyyət göstərən bütün uşaq bağçaları yeni bərk və yumşaq inventarlarla, elektrik cihazları və digər avadanlıqlar ilə təmin olunmuşlar.

Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq 2018-ci ilin yanvar ayında şəhər 1 saylı uşaq bağçasında 3, 5 saylı körpələr evi-uşaq bağçasında 2, 6 saylı körpələr evi-uşaq bağçasında 1 əlavə qruplar açılmışdır. Bu qruplara ümumilikdə 30 nəfər yeni işçi götürülmüş və 100 nəfər uşaq cəlb edilmişdir. Yaranan vakant iş yerlərinə qəbul zamanı isə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə və digər imtiyazlı vətəndaşlara üstünlük verilir. Yeni götürülmüş işçilərdən 3 nəfəri şəhid ailəsi, 3 nəfəri məcburi köçkün, 1 nəfəri Qarabağ müharibəsi əlili ailəsi, digərləri isə işə ehtiyacı olan aztəminatlı ailələrdən seçilmişdir. 2018-ci ildə rayonda fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarına diqqətin artırılması, 13 bağça binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması və Çaylı kəndində 60 yerlik uşaq bağçasının açılması nəzərdə tutulmuşdur. Artıq şəhər 2 saylı uşaq bağçasının əsaslı təmirinə başlanılmışdır.

Rayon İcra Hakimiyyəti tərəfindən bağçalarda əmək intizamına daim nəzarət olunur, mütamadi olaraq reydlər keçirilir. Bağçalarda yaranan problemlər, nöqsanlar və çatışmazlıqlar aşkarlanaraq vaxtında aradan qaldırılır. Fevral ayının 27-si İkinci Şıxlı kənd 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Rəsulova Sədaqət Paşa qızı və tərbiyəçi Məmmədova Turan Novruz qızı işlərində yol verdikləri nöqsanlara və nizam-intizam qaydalarını pozduqlarına görə tutduqları vəzifədən azad edilmişlər. Həmin bağçada 11 il musiqi müəllimi işləmiş ali təhsilli Nərgiz Qurbanəliyeva müdir vəzifəsinə təyin olunmuşdur. 29 il bağçada xadimə işləyən, şəhid İsrayıl Əfəndiyevin həyat yoldaşı Məhəbbət İsmayılova isə iş stajı və orta ixtisas tibbi təhsili nəzərə alınaraq körpə qrupda tərbiyəçi vəzifəsinə keçirilmişdir. Bağçada xadimə vazifəsinə isə şəhidin gəlini Gülbəniz Məmmədova təyin olunmuşdur.

15 mart 2018-ci il tarixdə bütün bağçalarda gecə gözətçilərinin əmək intizamı yoxlanılmış və 7 gözətçi barəsində müvafiq intizam tədbirləri görülmüşdür.

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin Qazax rayon üzrə nümayəndəliyi tərəfindən 2018-ci ilin 3 ayı ərzində rayonda Yeni il şənliyi, 2 Fevral - Gənclər Günü, 8 Mart - Qadınlar bayramı, Novruz bayramı, 20 Yanvar faciəsi, 26 Fevral Xocalı faciəsi, 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə bağlı kütləvi tədbirlər geniş və əhatəli keçirilmişdir.

Yanvar ayının 27-də Mədəniyyət Mərkəzinin böyük zalında Əməkdar İncəsənət Xadimi, Prezident Təqaüdçüsü Aşıq Ədalət Nəsibovun doğum günü ilə əlaqədar ədəbi-bədii tədbir keçirilmişdir.

Qazax Tarix-Diyarşunaslıq Muzeyinə və Dövlət Rəsm Qalereyasına məktəblilərin ekskursiyaları təşkil olunmuşdur. Ekskursiyalarda 5000 nəfərdən çox şagird iştirak etmişdir.

Ümumilikdə rüb ərzində bütün mədəniyyət müəssisələri üzrə 465 mədəni-kütləvi tədbir keçirilmişdir.

3 ay ərzində Olimpia İdman Kompleksinin və Göyəzən İdman Sağlamlıq Mərkəzinin otellərinə 1.157 nəfər turist gəlmişdir ki, onlardan 155 nəfəri xarici vətəndaşlar olmuşdur.

Qazax rayon Mərkəzi Xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, 1 Təcili Yardım stansiyası, 3 Poliklinika, 100 çarpayılıq Ruhi xəstəxana, 2 kənd xəstəxanası, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə rayonumuzda respublika tabeçiliyində olan Müalicə Diaqnostika Mərkəzi və 113 xidməti fəaliyyət göstərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi rayon Xəstəxanasının yerində yeni 145 çarpayılıq Mərkəzi rayon Xəstəxana Kompleksinin tikintisi sürətlə davam etdirilir. Artıq Xəstəxananın əsas binasının tikintisi yekunlaşmaq üzrədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 mart 2018-ci il tarixdə Qazax rayon Mərkəzi Xəstəxanasının (I növbə) tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 14,6 milyon (on dörd milyon altı yüz min) manatının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılması barədə Sərəncam imzalamışdır.

Rayon Mərkəzi Xəstəxanasında 2.939 nəfər şəkərli diabet xəstəsi, 250 nəfər vərəmli xəstə, 737 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır. Hesabat dövründə rayonun səhiyyə müəssisələrinə ambulator gəlişlərin sayı 13.242 nəfər olmuş, 113 cərrahiyyə əməliyyatı aparılmış, 2.300 nəfər laborator müayinədən keçirilmişdir.

Fevral ayının 12-dən etibarən Dövlət Başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla davam etdirilir. Aprel ayınadək 51.316 nəfər əhali tibbi müayinədən keçirilmiş, 47.055 nəfər sağlam hesab edilmiş, 3.910 nəfər amblator müalicəyə, 245 nəfər stasionar müalicəyə, 107 nəfər isə Bakı şəhərində əlavə müayinə və müalicəyə göndərilmişdir. Müayinələr may ayının 10-a kimi davam etdiriləcəkdir.
Vərəmli, şəkərli diabet, onkoloji xəstələrin aşkarlanaraq müalicəyə cəlb edilməsi gücləndirilmiş, həmin xəstələr müntəzəm olaraq pulsuz dərman preparatları ilə təmin edilirlər.

İlin əvvəlindən səhiyyənin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə bir sıra şəhər və kənd tibb müəssisələrində əsaslı və cari təmir işlərinə başlamaq üçün tender sənədləri hazırlanmışdır. 2017-ci ildə əsaslı təmirinə başlanılmış Ruhi Xəstəxanada bu il də əsaslı təmirin başa çatdırılması nəzərdə tutulmuşdur.

Həmçinin, Yuxarı Salahlı kəndində Yaponiya səfərliyinin xətti ilə yeni həkim məntəqəsinin tikintisi nəzərdə tutulmuşdur. Bu məqsədlə torpaq sahəsi ayrılmış, yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır.

Qazax Müalicə Diaqnostika Mərkəzinə 3 ay ərzində 7.725 ambulator gəliş olmuş, mərkəzdə 24.040 laboratoriya müayinələri olunmuş, 249 cərrahi əməliyyat aparılmış və hemodializ şöbəsinə 5 nəfər xəstə daxil olmuşdur. Rüb ərzində hemodializ şöbəsində 68 nəfər xəstə olmuş, xəstələr üzərində 2.215 hemodializ seans aparılmışdır.

Qazax şəhər stadionunda təmir işləri aparılmışdır.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2018-ci ilin 3 ayında gənclərlə iş sahəsi üzrə 12, bədən tərbiyəsi və idman sahəsi üzrə 8 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 2.669 nəfər yeniyetmə, gənc və idmançılar iştirak etmişdir. Gənclərlə iş sahəsi üzrə aşağıdakı tədbirlər keçirilmişdir:

Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə yanvar ayının 17-də Qazax rayon Gənclər Mərkəzində 20 Yanvar faciəsinin 28-ci il dönümünə həsr olunmuş konfrans, yanvarın 18-də Qazax Dövlət Rəsm Qalereyasında “Şəhidlər unudulmur” başlığı altında rəsm müsabiqəsi, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin “İdeoloji Mərkəz” zalında anım tədbiri keçirilmişdir. Fevral ayının 1-də Qazax rayon İcra Hakimiyyətinin dəstəyi və Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə təntənəli bayram tədbiri keçirilmiş, gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edən 30 nəfər gənc diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon Təhsil şöbəsi ilə birgə rayonun bütün orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Xocalıya ədalət” başlığı altında inşa-yazı müsabiqəsi keçirilmiş, fevral ayının 26-da Qazax rayon İcra Hakimiyyətinin dəstəyi və gənc rəssam Akif Əmirovun təşəbbüsü ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Şəhid şəhər” başlığı altında bədii kompozisiya nümayiş etdirilmiş, tədbirdə ümumilikdə 250 nəfər iştirak etmişdir. 11 aprel Azərbaycan Respublikasının Prezident seçkiləri ərəfəsində ilk dəfə səs verəcək gənclərlə maarifləndirici görüşlər keçirilmişdir. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bayram tədbiri, 28-29 mart tarixdə “Şahin” Hərbi İdman Oyunlarının rayon birinciliyi keçirilmiş, Aşağı Salahlı kənd tam orta məktəbin komandası birinci yerə layiq görülmüşdür.

Bədən tərbiyəsi və idman sahəsi üzrə aşağıdakı tədbirlər keçirilmişdir:

12-14 yanvar tarixlərində Bakı şəhərində karate idman növü üzrə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir, 14-19 yanvar tarixlərində Bakı şəhərində boks üzrə Azərbaycan birinciliyi, 16-17 yanvar tarixlərində Bakı şəhərində 20 Yanvar şəhidi M.İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçirilmiş və rayonumuzun idmançısı Əlizadə Sənan Azər oğlu (110 kq) birinci yeri tutmuşdur.

28-30 yanvar tarixlərdə Bakı şəhərində keçirilmiş 2002-2004-cü il təvəllüdlü oğlanlar arasında həndbol üzrə açıq Bakı şəhər birinciliyi keçirilmiş və rayonumuzun komandası 3-cü yeri tutmuşdur.

2 fevral tarixində Gəncə şəhərində yeniyetmələr arasınada sərbəst güləş üzrə zona birinciliyi, 3 fevral tarixində Gəncə şəhərində yeniyetmələr arasınada Yunan-Roma güləşi üzrə zona birinciliyi keçirilmişdir.

14-18 fevral tarixlərində Bakı şəhərində Kikboksinq üzrə kadetlər arasında ölkə birinciliyi, 20-21 fevral tarixlərində sərbəst güləş üzrə ölkə birinciliyi keçirilmiş, Əlizadə Sənan Ayaz oğlu (92 kq) birinci yerə layiq görülmüşdür. 22-23 fevral tarixlərində keçirilmiş sərbəst güləş üzrə ölkə birinciliyində Vəlizadə İntiqam Adil oğlu birinci yerə layiq görülmüşdür.

6 fevral-4 mart tarixlərində Bakı şəhərində boks üzrə yeniyetmələr arasında ölkə birinciliyi, 3-4 mart tarixlərində Samux rayonunda Ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsi keçirilmişdir.

16-21 mart tarixlərdə Şəmkir rayonunda keçirilmiş 2004-2005-ci il təvəllüdlü oğlanlar arasında həndbol üzrə yarışlarda rayonumuzun komandası birinci yeri tutmuşdur.

Hesabat dövründə beynəlxalq yarışlarda 8, respublika yarışlarında 46 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.

28-30 yanvar tarixlərdə Bakı şəhərində keçirilmiş 2002-2004-cü il təvəllüdlü oğlanlar arasında həndbol üzrə açıq Bakı şəhər birinciliyində 3-cü yeri tutmuş rayon komandasının 12 nəfər üzvü və məşqçi-müəllim rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul olunmuş, həmçinin 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 9 nəfər veteran idmançı və məşqçi-müəllim rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilərək Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

2018-ci ilin birinci rübündə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 6.172.300 manat, ümumi məhsul buraxılışının həcmi 35.200.000 manat olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 6.500.000 manat keçən ilə nisbətən 17,8 faiz çox, kənd təsərrüfatı məhsullarının həcmi 10.250.000 manat 2017-ci ilə nisbətən 0,6 faiz çox olmuşdur. Adambaşına düşən ümumi məhsulun həcmi 364 manat, orta aylıq əmək haqqı 295,9 manat olmuşdur.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci rübdə 9 yeni müəssisə yaradılmış, 123-ü daimi olmaqla 275 yeni iş yeri açılmışdır.

2018-ci ilin 3 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 34 müəssisədən 766 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 822 nəfər vətəndaşlardan 777 nəfəri işaxtaran kimi qeydiyyata alınmış, 464 nəfərə işə göndəriş verilmiş, 447 nəfər münasib işlə təmin olunmuşdur.

Rayon ərazisində fəaliyyət göstərən 7 dövlət müəssisəsində 21 kvot iş yeri müəyyən edilmiş, 4 nəfər işlə təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin edilməsi” ilə bağlı sərəncamının icrası ilə əlaqədar olaraq Mərkəzə “Özünüməşğulluq” layihəsində iştirak etmək üçün müraciət etmiş işaxtaranların təsərrüfatlarına baxış keçirilməsinə başlanılmışdır.

Rayonda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi, 2018-ci ilin birinci rübündə də davam etdirilmişdir.

Qazax şəhərində küçələrə 570 p/m uzunluğunda yeni bardür düzülmüş, 7.887 kvadratmetr əraziyə asfalt-beton, çınqıl örtüyü çəkilmişdir, bu istiqamətdə işlər davam edir.

Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart 2015-ci il tarixli 77s saylı Sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə fərdi yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikilməsi məqsədilə sənədləşmə işləri aparılır.

“Azəravtoyol” ASC tərəfindən Qazax-Uzuntala avtomobil yolundan ayrılan, ümumi uzunluğu 7 km olan Ermənistanla sərhəddə yerləşən Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisi işləri davam etdirilir. İkinci Şıxlı kəndində də yaxın vaxtlarda 4 km uzunluğunda yollara asfalt-beton örtüyünün çəkilməsi işlərinə başlanılacaq, həmçinin, 2018-ci ildə Daş Salahlı və Dəmirçilər kəndlərinin də avtomobil yollarının yenidən tikintisi nəzərdə tutulmuşdur.

Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.

Şəhərdaxili yollarda 21 km, kənd yaşayış məntəqələrində isə 35 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.

“Mətanət A" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində və “Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan Əhəng Zavodunun tikintisi başa çatmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Həmçinin, “Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində illik gücü 9.600 ton olan Elektrod Zavodunun tikintisi sürətlə davam edir.

“İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində “Aqropark” yaradılmış, 41 ədəd texnika alınmış, tutumu 2500 ton quru anbar və texnikaların təmiri və saxlanması üçün qaraj tikilmiş və tutumu 2600 ton olan soyuducu anbarın, sahəsi 300 kv.m olan iki mərtəbəli ofis binasının tikintisi davam edir. Xram çayı üzərində 3 pilləli nasos stansiyasının tikintisi başa çatmış, mühərriklər quraşdırılmışdır. 13,5 km uzunluğunda diametri 500 mm olan dəmir boru vasitəsilə su xətti çəkilmişdir. Sahələrdə tutumu 4500 kubmetr olan iki ədəd su hovuzu inşa edilmişdir. 850 hektar sahədə damcı üsulu və çiləmə sisteminin quraşdırılması üçün 18 km sahədaxili xətlər çəkilmiş, boru və qurğular alınmışdır. Həmçinin, “Aqrolizinq” ASC-dən Türkiyə respublikasının Karataş firmasına məxsus özü yığılan və daşınan, hər birinin uzunluğu 500 metr, qiyməti 89.100 manat olan 10 ədəd suvarma şlanqları alınmışdır. Ümumi suvarma işlərinin həyata keçirilməsi məqəsdilə, quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik hava xətti çəkilmiş, 1 ədəd 1000 kv-luq, 2 ədəd 600 kv-luq və 1 ədəd 63 kv-luq transformatorlar quraşdırılmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 14 fərdi yaşayış evlərindən 8-i istifadəyə verilmiş, 6 yaşayış evinin tikintisi başa çatmış, daha 7 yaşayış evinin tikintisi davam edir.

BDU-nun Qazax filialı üçün yeni bina kompleksinin tikintisi məqsədilə Ə.Şıxliniski küçəsi 18a ünvanında 6 hektar torpaq sahəsi ayrılmışdır. Tenderdə qalib elan edilmiş “Grandproje” MMC tərəfindən hazırlanmış BDU-nun Qazax fililalının inzibati, tədris və tələbə yataqxanasının eskiz layihəsi Qazax rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənərək Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinə uyğun olaraq ekspertizadan keçirilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisdənkənar Dövlət Ekspertiza Baş İdarəsinə göndərilmişdir. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır.

2018-ci ilin ilk 3 ayı ərzində rayon ərazisində aşkar edilmiş 2 ədəd top mərmisi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin minaların məhvetmə ərazisinə daşınmışdır.

2018-ci ilin birinci rübündə “Göyəzən” qəzetinin və qəzetin adını daşıyan GOYEZEN.AZ saytının fəaliyyəti qənaətbəxş olmuşdur. Saytda rayonumuzda aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən tədbirlər gündəlik operativ olaraq öz əksini tapmışdır. Bu gün saytın internet səhifəsinin 22 mindən çox izləyicisi vardır.

2018-cı ilin birinci rübü ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədi ilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.

2017-ci ildə qazılması nəzərdə tutulmuş 6 ədəd subartezian quyusunundan Alpout, Canalı, Hüseynbəyli və Birinci Şıxlı kəndlərinin hər birində 1 ədəd, Çaylı kəndində 2 ədəd subartezian quyusunun qazıntısı işləri yekunlaşmışdır. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Çaylı və Orta Salahlı kəndlərində 2 ədəd, Aşağı Salahlı, Canalı, Hüseynbəyli, Kosalar, Dəmirçilər, Xanlıqlar və Qarapapaq kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 11 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuş və 4 subartezian quyusunun qazıntısına başlanılmışdır.

Qazax Suvarma Sistemləri İdarəsi rayonun 17.421 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılmasına xidmət edir. Qeyd olunan sahələrin suvarılması tutumu 120 milyon kubmetr olan Ağstafaçay su anbarı, tutumu 20 milyon kubmetr olan Coğazçay su anbarı, tutumu 2,6 milyon kubmetr olan İncəsu çay su anbarı, tutumu 0,2 milyon kubmetr olan Acı dərə kiçik su tutarında yığılan sular, öz başlanğıcını Gürcüstan Respublikasının ərazisində Xram çayından götürən Şıxlı arxı, həmçinin Xram və Kür çayları üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə aparılır.

2018-ci il aprel ayının 1-nə Ağstafaçay su anbarında 53 milyon kubmetr, Coğazçay su anbarında 4,6 milyon kubmetr, İncəsu çay su anbarında 0,26 milyon kubmetr su olmuşdur. 2017-ci il aprel ayının 1-də isə bu göstəricilər müvafiq olaraq 55 milyon kubmetr, 4,8 milyon kubmetr və 0,3 milyon kubmetr olmuşdur. (15 aprelə - Ağstafaçay su anbarında 57 milyon kubmetr, Coğazçay su anbarında 8 milyon kubmetr və İncəsu çay su anbarında 0,38 milyon kubmetr).

2018-ci il suvarma işlərinə hazırlıq məqsədilə 261,19 km uzunluğunda arxlarda təmizləmə işləri nəzərdə tutulduğuna baxmayaraq, rayon İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi ilə rübün sonuna 264,72 km (122,35 km texnika vasitəsilə, 142,37 km isə əl əməyi ilə) uzunluğunda arx və kanallar kol-kosdan, lildən təmizlənərək vegetasiya suvarmasına tam hazır vəziyyətə gətirilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

2018-ci ilin məhsulu üçün rayonda cəmi 12.349 hektar taxıl, 990 hektar kartof, 556 hektar qarğıdalı, 508,5 hektar tərəvəz, 7 hektar darı, 3.527 hektar yonca, 200 hektar noxud, 69 hektar günəbaxan, 60 hektar tütün, 38 hektar bostan bitkiləri və 87 hektar sorqo əkilməsi proqnozlaşdırılmışdır. Rübün sonuna 12.622,2 hektar taxıl səpilmişdir ki, bunun 270,5 hektarı 2018-ci ilin birinci rübündə aparılmışdır. Birinci rübdə 105 hektar kartof, 221 hektar yonca, 32 hektar vələmir, 44 hektar noxud, 30,6 hektar tərəvəz, 24 hektar süpürgə səpilmiş və səpin işləri davam etdirilir. Tütün əkini ilə bağlı 1.000 kv.m ştilliklər hazırlanaraq toxum səpilmişdir. 14 nəfər fiziki və 1 hüquqi şəxs tərəfindən tütün əkilməsi üçün 60 hektar sahədə şum aparılmışdır.

5.000 kq barama becərilməsi nəzərdə tutulmuş və hazırlıq işləri davam etdirilir. Rayonun Yuxarı Salahlı kəndində 1 hektar ərazidə tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksinin tikintisi davam etdirilir.

Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Süni yolla mayalandırılmış heyvanlardan 75 baş bala alınmış və həmin balalara görə subsidiyaların alınmasın üçün sənədlər Respublika Komissiyasına təqdim edilmişdir. 61 baş iribuynuzlu heyvanlarda süni mayalanma aparılmışdır. Rüb ərzində ət istehsalı 1.390 ton, süd istehsalı 7.600 ton, yumurta istehsalı 2.696.000 ədəd olmuşdur.

Qazax rayon Baytarlıq İdarəsi tərəfindən 2018-ci ilin birinci rübündə fərdi və fermer təsərrüfatlarında olan 31.406 baş iribuynuzlu və 1.153 baş təkdırnaqlılar qarayara, 31.634 baş iribuynuzlu heyvanlar dabax, 3.950 baş sahibli ev itləri quduzluq xəstəliyinə qarşı peyvənd edilmiş, 1.363 baş iribuynuzlularda vərəmə qarşı alleroji müayinə aparılmış, heç bir müsbət reaksiya qeydə alınmamışdır. Həmçinin, 109.570 baş körpə və 63.171 baş yetgin ev quşları taun xəstəliyinə qarşı peyvənd olunmuşlar.

2018-ci ilin 3 ayı ərzində rayon İcra Hakimiyyətinə 441 müraciət daxil olmuşdur ki, bunlardan 18-i minnətdarlıq və təşəkkür məktublarıdır. Müraciətlərdən 76-sı Prezidentin Administrasiyasına, 2-si Milli Məclisə, 4-ü Nazirlər Kabinetinə, 9-u respublikanın digər təşkilatlarına, 350-si isə bilavasitə İcra Hakimiyyətinə ünvanlanan müraciətlərdir.

Rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 20,6 faizi mərkəzi orqanlardan, 79,4 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Keçən ilin müvafiq dövründə isə müraciətlərin 20,2 faizi mərkəzi orqanlardan, 79,8 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Daxil olan müraciətlərin 35,2 faizi müsbət həll olunmuş, 17,9 faizi qismən həll olunmuş, 0,7 faizi əsassız sayılmış, 36,7 faizinə müvafiq izahat verilmiş, 1,3 faizi baxılmaq üçün aidiyyəti orqanlara göndərilmiş, 8,2 faizi isə icradadır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə müsbət həll olunmuş müraciətlər 5,9 faiz artmışdır.

2017-cı ilin ilk 3 ayı ərzində Qazax RİH başçısının RİHB aparatında keçirdiyi qəbullar zamanı 504 nəfər, 2018-ci ilin ilk 3 ayı ərzində isə 412 nəfər vətəndaş müxtəlif məsələlər üzrə müraciət etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə müraciət edənlər 92 nəfər azalmışdır. Müraciətlərdən 27-si torpaqla əlaqədar məsələlər, 23-ü mənzillə təmin olunmalarına, 16-sı evinin təmir olunmasına köməklik, 182-si işlə, 20-si ünvanlı sosial yardımla təmin olunmalarına köməklik, 5-i enerji, 4-ü təbii qaz, 4-ü içməli su məsələsi, 11-i görülmüş işlərin nəticəsi ilə əlaqədar minnətdarlıq və təşəkkürünü bildirmiş, 120-si isə digər məsələlərlə əlaqədar olmuşdur.

Həmçinin, İcra Başçısı tərəfindən vətəndaşların qəbulu üçün təsdiq olunmuş qrafikdən əlavə olaraq 176 nəfər vətəndaş fərdi qaydada qəbul edilmişdir.

2018-ci ilin 3 ayı ərzində Qazax RİH başçısı tərəfindən kəndlər və şəhərdə 10 səyyar görüş keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 2.631 nəfər, müraciət edənlərin sayı 105 nəfər olmaqla 52 təklif irəli sürülmüşdür. Qaldırılan problemlər və təkliflərdən 20-i icra edilmiş, 16 məsələ üzrə işlər davam edir, 16 təklif ilə əlaqədar isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

Bundan sonra da Dövlət Proqramının icra olunmasında hər birimiz daha məsuliyyətlə çalışmalı, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində fəal iştirak etməliyik. Bu yolda hər birinizə uğurlar arzulayıram.


Facebook-da paylaş