Qazaxda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələri üçün bayram şənliyi təşkil edilib
“Sultan Süleyman” şadlıq sarayında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin, eləcə də ondan sonrakı dövrlərdə həlak olmuş şəhidlərin ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ziyalıları, səhiyyə işçiləri, KİV nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda, Vətən yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanova torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarına olan ehtiramına, şəhid ailələrinə göstərdiyi qayğıya görə Qazax Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanı təqdim edilib. Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş Babək Həsənovun anasıGülarə Həsənova və Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş Əlizamin Mustafalının anası Ülviyyə Nəbiyeva çıxış edərək şəhid ailələrinə göstərilən qayğıya, diqqətə görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Vətən uğrunda canından keçən övladları ilə bütün Azərbaycan xalqının fəxr etdiyini söyləyiblər. Nə qədər Azərbaycan xalqı var, şəhidlərimizin də daim ehtiramla anılacaqlarını qeyd ediblər. Bugünkü bayram tədbirini, şəhid ailələri, qazilərlə olan görüşü şəhidlərimizin timsalında onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi göstəriblər. Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, təqaüddə olan müəllim Məzahir Qocayev çıxış edərək tədbir iştirakçılarını və şəhid ailələrini salamlayıb, səmimi ürək sözlərini çatdırıblar. Şəhidlərimizə Allahdan rəhmət diləyib, ruhları qarşısında baş əydiklərini söyləyiblər. Respublikamızda ölkə başçısı tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğının Qazax rayonunda rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə yerinə yetirildiyini qeyd ediblər. Rayonda şəhid ailələrinə, qazilərə verilən dəyərə, göstərilən diqqət və qayğıya görə öz adından və ziyalılar adından rayon rəhbərliyinə minnətdarlıq ediblər. Tədbir bayram konserti ilə davam etdirilib.Gənc müğənni Nəsimi Kamaloğlu “Dur gedək Qazağa bir salam verək”, gənc Aşıq Samir Cəlaloğlu, Aşıq Yaşar Gülümcanov sazda ifa etdikləri mahnılarla, Vüsalə Quliyeva “Qarabağ Azərbaycandır”, Zəmanə Dərviş “Qələbən mübarək Azərbaycanım”, Nəsimi Kamaloğlu və Zəmanə Dərviş “Azərbaycan” mahnıları ilə şəhid ailələrinin könlünü oxşayıb, tədbirə xoş ovqat bəxş ediblər. Tədbirdə rayon rəhbəri şəhid ailələrinin oturduqları stollara yaxınlaşaraq onlarla görüşüb, səmimi ürək sözlərini bölüşüb. Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kəndinin igid oğlu, baş gizir Hacıyev Teymur Zaur oğlunun övladı şeir töhfəsi ilə şəhid övladları adından təbriklərini çatdırıb.
Dekabrın 29-da Qazaxda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələri üçün bayram şənliyi təşkil edilib.











Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş çıxış edərək şəhid ailələrini və rayon rəhbərliyini salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıblar. Aparıcılar bugünkü görüşün əsas məqsədinin Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi, 13.09.2022-ci il tarixdə erməni silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində və xidməti vəzifələrini icra edərkən şəhid olmuş qəhrəmanlarımızın, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış oğullarımızın ailələri ilə süfrə ətrafında toplaşmaq, onlarla bir arada olmaq, dövlətin, ölkə Prezidentinin və rayon rəhbərliyinin diqqət və qayğısını bir daha çatdırmaq olduğunu söyləyiblər. Aparıcılar Azərbaycan xalqına şanlı zəfər, tarixi qələbə bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun rəhbərliyi altında qəhrəmanlıq göstərən əsgər və zabitlərimizə, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu dil gətiriblər. Qazaxın igid oğullarının şücaətindən söz açan aparıcılar qeyd ediblər ki, Ermənistanla 168 km sərhədi olan Qazax rayonundan Qarabağ müharibəsində ümumilikdə, 348 nəfər Şəhidlik zirvəsinə yüksəlib. Onlardan 282 nəfəri Birinci Qarabağ müharibəsində, 3 nəfəri Aprel döyüşlərində, 3 nəfəri Birinci Qarabağ müharibəsindən sonrakı dövrlərdə xidməti vəzifələrini yerinə yetirərkən, 1 nəfəri Tovuz döyüşlərində, 49 nəfəri Vətən müharibəsində, 1 nəfəri Vətən müharibəsindən sonrakı dövrdə xidməti vəzifəsini yerinə yetirərkən, 1 nəfər mülki şəxs minaya düşərək, 3 nəfəri 2022-ci ilin sentyabr ayının 13-də erməni təxribatı nəticəsində, 5 nəfəri isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalıb. Həmin şəhidlərdən ümumilikdə, 78 nəfəri, onlardan 22 nəfəri Birinci Qarabağ müharibəsi şəhidləri, 56 nəfəri isə Vətən müharibəsi şəhidləri olmaqla, müxtəlif adda orden və medallarla təltif ediliblər. Birinci Qarabağ müharibəsi şəhidlərindən 7 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 nəfəri “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Vətən müharibəsində 8 nəfər “Azərbaycan Bayrağı” ordeni, 2 nəfər “Qarabağ” ordeni, 5 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 14 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,habelə 58 nəfər müxtəlif adda 226 ədəd orden və medallarla təltif ediliblər. Vətən müharibəsində iştirak edən 250 nəfər hərbi qulluqçu 617 ədəd orden və medallarla təltif olunub. Bala Çaylı kəndinin igid oğlu polkovnik-leytenant Nicad Bədəlov isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Aparıcılar Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, 2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də digər vaxtlarda Vətən uğrunda canlarından keçən, qanları ilə dastan yazan oğullarımızın adlarını əbədiləşdirmək üçün Qazaxda təqdirəlayiq işlər görüldüyünü bildiriblər. Qeyd olunub ki, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərdir. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş"Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər”və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər”, “Şanlı Vətən Oğulları” kitabları ilə şəhidlərimizin də yaşayacaqlarını vurğulayıblar. İllər ötsə də nəfis tərtibatı ilə seçilən bu kitabların gənclərin vərənpərvər ruhda böyüməsində böyük töhfə olacağını, gələcək nəsillərin kitabı oxuyarkən hər bir şəhidimizin həyatı, keçdiyi döyüş yolu haqqında ürək yanğısı ilə yazılmış hekayələrdən vətənpərvərliyi, Vətəni sevməyi öyrənəcəklərini qeyd ediblər. Aparıcılar 2025-ci ilin bir sıra mühüm hadisələrlə yaddaşlarımıza yazıldığını, müəllifi Ümummilli Lider Heydər Əliyev olan Konstitusiyamızın 30-cu, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərimizin 5-ci ildönümlərini əhatə edən 2025-ci ili “Konstitusiya və Suverenlik İli”ni çox uğurla başa vurduğumuzu diqqətə çatdırıblar. Aparıcılar 2025-ci ilin Qazaxımız üçün də yaddaqalan bir il olduğunu, abadlıq-quruculuq ili kimi yaddaşlara yazıldığını, çoxlu sayda uğurlara imza atdığımızı, rayonumuzun bir sıra ölkə əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini, yüksək səviyyəli qonaqlar qarşıladığını, bir neçə yerli və beynəlxalq konfransların keçirildiyini, möhtəşəm tədbirlərin təşkil edildiyini, ən önəmlisi də rayonumuzun Azərbaycanın 2026-cı ildə İdman Paytaxtı elan edildiyini, Qazaxıstanın Taras şəhəri ilə qardaşlaşdığını tədbir iştirakçılarının nəzərinə çatdırıblar. Təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində qazanılmış uğurlardan, nailiyyətlərdən söz açaraq 2026-cı ilin də rayonumuz, qazaxlılarımız üçün düşərli bir il olmasını diləyiblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, qaziləri salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib, səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri qarşıdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün və Yeni ilin gəldiyini qeyd edərək bu ildə onlara sağlam can arzulayıb, 2026-cı ilin qansız-qadasız, müharibəsiz bir il olmasını diləyib. Bu il dünyasını dəyişən şəhid atalarını, analarını ehtiramla yad edən icra başçısı övladları kimi, onların da heç zaman unudulmayacaqlarını söyləyib. İcra başçısı bildirib ki, bu gün qalib, qəhrəman xalq olaraq qürurla danışırıqsa, bu adı daşıyırıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına olub, buna görə onlara borcluyuq. Rayon rəhbəri qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. “Şəhid ailəsi bilməlidir ki, onlara göstərilən qayğı tək bir il üçün deyil, nə qədər Azərbaycan xalqı var, Azərbaycan dövləti var şəhid ailələri daim diqqət mərkəzində olacaq. Sizin övladlarınız tarix yazdılar, tarixi yaşatdılar”, - deyən rayon rəhbəri şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onlarla hər kəsin qürur duyacağını söyləyib. İcra başçısı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından söz açıb. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır", - deyən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizin ailələri ilə süfrə ətrafında görüşməyi özünə borc bildiyini dilə gətirib. "Siz şəhid ailələri ilə bir süfrə ətrafında oturmaq bizim üçün fəxr və qürurvericidir. Sizin övladlarınızı, Vətən torpaqlarını canı bahasına azad edən şəhidlərimizi yad etmək bizim mənəvi borcumuzdur”, - deyən icra başçısı şəhid ailələrinə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.






















Facebook-da paylaş















