• Təqvim

  • Maraq

Qazaxda Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib

2025-ci ilin 25 dekabrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi tamam olur.

“Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 4 sentyabr 2025-ci il tarixli Sərəncamı dəyərli ziyalımıza dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilmişdir.

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, doğma Qazax elində də silsilə tədbirlərlə qeyd olunub.

Dekabrın 25-dəQazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax Bölməsinin birgə təşkilatçılığı ilə Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Xalq yazıçısının qızı Mehriban Vəkilova, Xalq yazıçısının kürəkəni Akşin Ziyadov, Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova, Səməd Vurğun Ev Muzeyinin direktoru, pianoçu, yazıçının bacısı nəvəsi Vurğun Vəkilov, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Yuxarı Salahlı kəndinin ziyalıları, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, şəhid ailələri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl rayon rəhbərliyi və qonaqlar Fəxri Qazaxlılar parkında Xalq şairi Səməd Vurğunun heykəli, Xalq yazıçısı Yusif Səmədoğlunun və Xalq şairi Vaqif Səmədoğlunun büstü önünə tər qərənfillər düzərək əziz xatirələrini ehtiramla anıblar. TədbirdəAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının, eləcə də Xalq yazıçısı Yusif Səmədoğlunun əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Xalq yazıçısı Yusif Səmədoğluya həsr edilmiş videoçarx nümayiş etdirilib.

Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. B.VüsalXalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbirin təşkilində əziyyəti olan insanlara, rayon rəhbərliyinə razılığını ifadə edib. Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama görə ölkə Prezidentinə ziyalılar adından təşəkkürünü çatdırıb. Xalq yazıçısı Yusif Səmədoğlunun dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərinin, yaradıcılığının gələcək nəsillərə çatdırılmasında bu sərəncamın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Xalq yazıçısı ilə bağlı xatirələrini bölüşən B.Vüsal onun yaradıcılığının bugünkü gənc yazarlara örnək olduğunu bildirib. B.Vüsal ölkəmizdə şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Ulu Öndər Heydər Əliyevin Xalq yazıçısı Yusif Səmədoğluna göstərdiyi qayğıdan söz açan şair bu gün də həmin qayğının davam etdirildiyini, dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin həmin qayğını davam etdirdiyini söyləyib. Xalq yazıçısının 90 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamı həmin qayğının bariz nümunəsi kimi göstərib. B.Vüsal ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bir daha öz adından və qazaxlı ziyalılar adından təşəkkürünü bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqlaı salamlayıb, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş tədbirdə iştiraklarına görə razılığını ifadə edib. Rayon rəhbəri dəyərli ziyalı, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama görə ölkə başçısına Qazax ziyalıları, rayon ictimaiyyəti və öz adından dərin minnətdarlığını bildirib. Sözügedən Sərəncamı Yusif Səmədoğlunun timsalında bütün qazaxlı ziyalılara göstərilən ehtiramın, dərin hörmətin ifadəsi kimi qiymətləndirib. İcra başçısı bugünkü tədbirin təşkil olunmasına görə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anara, əziyyəti olan hər kəsə minnətdarlığını bildirib. Rayon rəhbəri vurğulayıb ki, bildiyiniz kimi, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 yaşı tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında 4 sentyabr 2025-ci il tarixli Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyi tərəfindən daxil olmuş məktuba əsasən Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına müvafiq olaraq rayonumuzda Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin birgə təşkilatçılığı ilə tələbələrin Fəxri Qazaxlılar parkında Xalq yazıçısı Yusif Səmədoğlunun büstünə və Yuxarı Salahlı kəndində Səməd Vurğun Poeziya evinə ziyarəti təşkil edilmişdir. Bundan başqa, BDU-nun Qazax filialında tələbələr arasında esse müsabiqəsi və “Yusif Səmədoğlunun ədəbi irsi: Ənənə və müasirlik kontekstində” elmi-praktik konfrans keçirilmişdir. Qazax Dövlət Dram Teatrında yazıçının “Simurq quşu” hekayəsi səhnələşdirilmiş, dekabr ayı ərzində Qazax Ədəbiyyat Muzeyində kitabları sərgilənmişdir. Bundan başqa, Xalq yazıçısı barədə məqalələr, xatirələr və videolar sosial media hesablarında paylaşılmışdır. Bu gün də silsilə tədbirlərin davamı olaraq Ədəbiyyat Muzeyində Yusif Səmədoğlunun 90 illiyinə həsr edilmiş ədəbi-bədii gecəyətoplaşmışıq. Yusif Səmədoğlu XX əsr Azərbaycan ziyalılığının ən ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu nəsli təmsil edən bir insan olmuşdur. O, həyatı boyu, həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durmuş, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşamışdır. Millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərləri dəyərli və güclüdür. Yazıçı azad, müstəqil və mədəni həyat yolu keçmişdir. Onda Vətən sevgisi güclü idi. O, həyati mövzular yazmış, zamanın nəbzini tutaraq günün mühüm məsələlərinə toxunmuş, mənəvi-ictimai problemləri ön plana çəkmiş, dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirmişdir. Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olmuş yazıçının "Azərbaycan" və "Ulduz" jurnallarının baş redaktoru, Yazıçılar Birliyinin katibi kimi işləyərkən gənc nəslin istedad və bacarıqlarının üzə çıxarılmasında, onların milli ruhda formalaşmasında, ziyalıların düzgün istiqamətləndirilməsində də müstəsna rolu olmuşdur. Onun keçdiyi şərəfli ömür yolu həqiqi mənada nəsillərə nümunədir. Yazıçının 16 hekayəsi və 1 “Qətl günü” romanı nəşr edilmişdir. Roman 2014-cü ildə “XX əsrin ən yaxşı Azərbaycan romanı” nominasiyasına layiq görülmüşdür. Ölümündən sonra 1999-cu ildə işıq üzü görən “Deyilənlər gəldi başa. Hekayələr və romanlar” kitabı onun ailə üzvləri, dostları, həmkarları, qələm yoldaşları və sözsüz ki, sadiq oxucuları üçün xüsusi dəyərə malikdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan ədəbiyyatına, ədəbiyyat xadimlərinə daim xüsusi qayğı və həssaslıqla yanaşmışdır. Xalq yazıçısı Yusif Səmədoğlunun da yaradıcılığı, fəaliyyəti daim Ulu Öndərin diqqət mərkəzində olmuşdur. Ümummilli Lider Heydər Əliyev Yusif Səmədoğlunun 60 illik yubleyi ilə bağlı çıxışında ədibin yaradıcılığına yüksək qiymət verərək bildirmişdi: "Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki o, böyük şair, böyük insan, böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir. Bəlkə elə bu bəs olardı. Ancaq bununla yanaşı, bu kökün üstündə, bu ailə ab-havasının içində böyüyüb, ərsəyə gəlib atasının yolunu davam etdirmək və cəmiyyətdə özünəməxsus, məhz özünəməxsus yer tutmaq, - bu, böyük xoşbəxtlikdir, cəmiyyətimizin içində insan üçün, şübhəsiz ki, nemətdir...”. Yusif Səmədoğlunun xəstəliyindən xəbər tutan Ulu Öndər onun sağalması üçün bütün mümkün imkanlardan istifadə etmiş, yazıçının müalicəsi ilə bağlı xüsusi göstəriş vermişdi. Lakin bütün cəhdlərə baxmayaraq, Yusif Səmədoğlu 1998-ci il avqustun 16-da dünyaya gözünü əbədi yumdu və böyük yazıçı Fəxri xiyabanda dəfn edildi. Əlbəttə ki, yazıçının xatirəsi günümüzdə də dərin ehtiramla anılır. Ötən dövr ərzində yazıçının 70 illiyi, 80 illiyi yüksək səviyyədə qeyd edilmişdir. Bu onun göstəricisidir ki, görkəmli yazıçı, tanınmış ictimai xadim və səmimi insan Yusif Səmədoğlunun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayır və yaşayacaq!

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini səsləndirib. Millət vəkili Xalq yazıçısının 90 illik yubileyinə həsr edilmiş tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə razılığını ifadə edib. Xalq yazıçısının həyat və yaradıcılığından, siyasi fəaliyyətindən söz açaraq Vəkilovlar ailəsinin parlaq siması kimi Yusif Səmədoğlunun gələcək nəsillərə örnək olduğunu bildirib. Onun şair, publisist, yazıçı, dramaturq kimi gənc nəslə örnək olan bir ziyalı ömrü miras qoyduğunu qeyd edib. Həmçinin, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin şəxsiyyətinə və yaradıcılığına yüksək dəyər verdikləri böyük siyasi xadim kimi onun xalqı və dövləti qarşısında misilsiz xidmətləri olduğunu dilə gətirib.

Səməd Vurğun Ev Muzeyinin direktoru, pianoçu, yazıçının bacısı oğlu Vurğun Vəkilov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dəyərli ziyalımızın Vətəni olan Qazaxda olmaqdan məmnunluq duyduğunu söyləyib. Natiq Azərbaycan ədəbiyyatının, mədəniyyətinin parlaq nümayəndələrindən biri olan Yusif Səmədoğlu yaradıcılığına verilən yüksək dəyərə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Xalq yazıçısının ailəsi ilə bağlı xatirələrini bölüşən natiq onun hər zaman qəlblərdə yaşadığını, heç vaxt unudulmayacağını qeyd edib.

Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, bu tədbirin Yusif Səmədoğlu yaradıcılığının gələcək nəsillərə çatdırılmasında mühüm töhfə olduğunu bildirib və buna görə tədbirin belə yüksək səviyyədə təşkil olunmasına görə Vəkilovlar ailəsi adından rayon rəhbərliyinə razılığını ifadə edib. O, Xalq yazıçsının qardaşı Vaqif Səmədoğlu və bacısı Aybəniz Vəkilova ilə bağlı, həmçinin özü ilə olan xatirələrini bölüşüb.

Yazıçı, AYB üzvü (Ağstafa) Əli Cəfəroğlu, BDU Qazax filialında Tələbələr və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, təqaüddə olan Ədəbiyyat müəllimi Məmməd Qocayev, Səməd Vurğun Poeziya Evinin direktoru Mətanət Rəhimova çıxış edərək Xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafı naminə gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən söz açıblar.

BDU Qazax filialında Turizm fakültəsinin tələbəsi Məhəmməd Aslanbəyli Mirvarid Dilbazinin Xalq yazıçısına həsr etdiyi “Vurğundan miras” şeirini səsləndirib.

Aktyor Elvin Abbasov Yusif Səmədoğlunun kiçik həcmli “Qartal” hekayəsini təqdim edib.

BDU Qazax filialında Azərbaycan dili və ədəbiyyatı fakültəsinin tələbələri Tərlan Aslanlı Fikrət Qocanın yubilyara həsr etdiyi “Min il əvvəlin yuxusu”, Gülər Məmmədli Zərəngiz Dəmirçi Qayalının yubilyara həsr etdiyi “Baba sənin xəbərin var?” şeirini səsləndiriblər.

Xalq yazıçısının qızı Mehriban Vəkilova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, atası ilə bağlı tədbirdə iştiraklarına görə razılıq edib. M.Vəkilova atasının yaradıcılığına verilən dəyərə, onun 90 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün imzaladığı müvafiq Sərəncama görə ölkə Prezidentinə ailəsi adından təşəkkürünü ifadə edib. Tədbirin yüksək səviyyədə təşkil olunmasında əziyyəti olan insanlara, rayon rəhbərliyinə Xalq yazıçısının qızı kimi ailəsi adından minnətdarlığını bildirib. Atası ilə bağlı xatirələrini bölüşərək onun unudulmadığını, illər keçsə də daim qəlblərdə yaşadığını söyləyib.




Facebook-da paylaş


{sape_links}