• Təqvim

  • Maraq



Qazaxda “Yusif Səmədoğlunun ədəbi irsi: ənənə və müasirlik kontekstində” mövzusunda elmi-praktik konfrans keçirilib

2025-ci ilin dekabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi tamam olur.

“Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 4 sentyabr 2025-ci il tarixli Sərəncamı dəyərli ziyalımıza dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilmişdir.

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, doğma Qazax elində də silsilə tədbirlərlə qeyd olunmaqdadır.

Dekabrın 5-də Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsi və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Yusif Səmədoğlunun ədəbi irsi: ənənə və müasirlik kontekstində” mövzusunda elmi-praktik konfrans keçirilib.

Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB-nin üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın professor-müəllim heyəti, tələbələri, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri, Yuxarı Salahlı kənd ziyalıları, KİV nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Fəxri Qazaxlılar parkında Xalq yazıçısı Yusif Səmədoğlunun xatirəsini əbədiləşdirən büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Ədəbiyyat Muzeyində Xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığını əks etdirən kitab və foto-sərgi ilə tanış olublar.

Muzeyin böyük zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Xalq yazıçısı Yusif Səmədoğlunun və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Xalq yazıçısının həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb.

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov salamlama nitqi ilə çıxış edərək tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırıb. “Yusif Səmədoğlunun XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardan olduğunu” deyərək konfransın işinə uğurlar arzulayıb. BDU Qazax filialının kollektivi olaraq Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyini silsilə tədbirlərlə qeyd etdiklərini, bunun üçün Tədbirlər Planı hazırlandığını, bugünkü konfransın da həmin Tədbirlər Planında öz əksini tapdığını diqqətə çatdırıb. Həmçinin, filialın tələbələri arasındaXalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş esse müsabiqəsinin keçirildiyini, 100 nəfərdən artıq tələbənin həmin müsabiqəyə qatıldığını vurğulayıb. Artıq müsabiqə qaliblərinin bəlli olduğunu, bugünkü konfransda onların Təşəkkürnamə ilə təltif olunacaqlarını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı öncə dəyərli ziyalı, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama görə ölkə başçısına Qazax ziyalıları, rayon ictimaiyyəti və öz adından dərin minnətdarlığını bildirib. Sözügedən Sərəncamı Yusif Səmədoğlunun timsalında bütün qazaxlı ziyalılara göstərilən ehtiramın, dərin hörmətin ifadəsi kimi qiymətləndirib. Rayon rəhbəri Qərbin qapısı sayılan Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu, Xalq yazıçısının 90 illiyi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də ziyalımızın adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. İcra başçısı bildirib ki, bu gün möhtəşəm Ədəbiyyat Muzeyində daha bir qazaxlı ziyalı, Vəkilovlar nəslinin nümayəndəsi, yazıçı, ictimai xadim, Azərbaycan nəsrinin görkəmli simalarından olan Yusif Səmədoğlunun 90 illik yubiley tədbirinə toplaşmışıq. Yusif Səmədoğlu XX əsr Azərbaycan ziyalılığının ən ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu nəsli təmsil edən bir insan olmuşdur. O, həyatı boyu həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durmuş, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşamışdır. Millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərləri dəyərli və güclüdür. Yazıçı azad, müstəqil və mədəni həyat yolu keçmişdir. Onda Vətən sevgisi güclü idi. O, həyati mövzular yazmış, zamanın nəbzini tutaraq günün mühüm məsələlərinə toxunmuş, mənəvi-ictimai problemləri ön plana çəkmiş, dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirmişdir. Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olmuş yazıçının "Azərbaycan" və "Ulduz" jurnallarının baş redaktoru, Yazıçılar Birliyinin katibi kimi işləyərkən gənc nəslin istedad və bacarıqlarının üzə çıxarılmasında, onların milli ruhda formalaşmasında, ziyalıların düzgün istiqamətləndirilməsində də müstəsna rolu olmuşdur. Onun keçdiyi şərəfli ömür yolu həqiqi mənada nəsillərə nümunədir. Yazıçının 16 hekayəsi və 1 “Qətl günü” romanı nəşr edilmişdir. Roman 2014-cü ildə “XX əsrin ən yaxşı Azərbaycan romanı” nominasiyasına layiq görülmüşdür. Ölümündən sonra 1999-cu ildə işıq üzü görən “Deyilənlər gəldi başa. Hekayələr və romanlar” kitabı onun ailə üzvləri, dostları, həmkarları, qələm yoldaşları və sözsüz ki, sadiq oxucuları üçün xüsusi dəyərə malikdir. Rayon rəhbəri bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan ədəbiyyatına, ədəbiyyat xadimlərinə daim xüsusi qayğı və həssaslıqla yanaşmışdır. Xalq yazıçısı Yusif Səmədoğlunun da yaradıcılığı, fəaliyyəti daim Ulu Öndərin diqqət mərkəzində olmuşdur. Ümummilli Lider Heydər Əliyev Yusif Səmədoğlunun 60 illik yubleyi ilə bağlı çıxışında ədibin yaradıcılığına yüksək qiymət verərək bildirmişdi: "Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki o, böyük şair, böyük insan, böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir. Bəlkə elə bu bəs olardı. Ancaq bununla yanaşı, bu kökün üstündə, bu ailə ab-havasının içində böyüyüb, ərsəyə gəlib atasının yolunu davam etdirmək və cəmiyyətdə özünəməxsus, məhz özünəməxsus yer tutmaq, - bu, böyük xoşbəxtlikdir, cəmiyyətimizin içində insan üçün, şübhəsiz ki, nemətdir...”. Yusif Səmədoğlunun xəstəliyindən xəbər tutan Ulu Öndər onun sağalması üçün bütün mümkün imkanlardan istifadə etmiş, yazıçının müalicəsi ilə bağlı xüsusi göstəriş vermişdi. Lakin bütün cəhdlərə baxmayaraq, Yusif Səmədoğlu 1998-ci il avqustun 16-da dünyaya gözünü əbədi yumdu və böyük yazıçı Fəxri xiyabanda dəfn edildi. Əlbəttə ki, yazıçının xatirəsi günümüzdə də dərin ehtiramla anılır. Ötən dövr ərzində yazıçının 70 illiyi, 80 illiyi yüksək səviyyədə qeyd edilmişdir. Bu onun göstəricisidir ki, görkəmli yazıçı, tanınmış ictimai xadim və səmimi insan Yusif Səmədoğlunun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayır və yaşayacaq!

Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini səsləndirib. Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama görə ölkə Prezidentinə ziyalılar adından təşəkkürünü çatdırıb. Xalq yazıçısı Yusif Səmədoğlunun dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərinin, yaradıcılığının gələcək nəsillərə çatdırılmasında bu sərəncamın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Xalq yazıçısı ilə bağlı xatirələrini bölüşən B.Vüsal onun yaradıcılığının bugünkü gənc yazarlara örnək olduğunu bildirib. B.Vüsal vurğulayıb ki, Yusif Səmədoğlu yazıçı (şair) ailəsində doğulmuşdu (əsas şərt bu deyildi). Yusif yazıçı doğulmuşdu (bax, əsas şərt budur). Ona görə də ölməzdi və ölə bilməzdi! Yusifin atası Xalq şairi Səməd Vurğun bir gün onu öz kitabxanasına çağırıb və deyibmiş: ”Əgər bilsəm ki, məndən sonra Sabiri, Nizamini... oxumursan, onu bil ki, gorum çatlayar onda! Bunu vəsiyyətim bil, sənə!”. Natiq Y.Səmədoğlunun öz ata vəsiyyətini layiqincə yerinə yetirdiyini söyləyib.

BDU Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, Gəncə Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova məruzələrlə çıxış ediblər.

Eyni zamanda, konfransda filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi, AYB-nin üzvü Mustafa Rasimoğlu, həmin kafedranın müəllimlərindən - Əfranə Həsənli, Nigar Fərzəliyeva, filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Gülər Məmmədli mövzu ətrafında çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Yusif Səmədoğlu nə özündən əvvəlki, nə də özündən sonrakı yazıçılara bənzəyirdi. Onun yaradıcılığında özünəməxsus düşüncə tərzi, dərin fəlsəfi yanaşma və ədəbi dillə susaraq danışmaq bacarığı vardı. O, sözü sadə deyir, amma fikri dərinləşdirirdi. Yazılarında zamanla məkanın, insanla düşüncənin sərhədlərini itirir, oxucunu düşünməyə, özünə dönməyə vadar edirdi. Buna görə də Yusif Səmədoğlu Azərbaycan ədəbiyyatında tək və təkrarsız bir imza olaraq qaldı.

Konfransın sonunda Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tələbələr arasında keçirilmiş esse müsabiqəsinin qalibi olan tələbələrə Təşəkkürnamələr təqdim olunub.

Plenar iclasdan sonra konfrans BDU Qazax filialında bölmələr üzrə öz işini davam etdirib.



Facebook-da paylaş


{sape_links}