İcra başçısı Daş Salahlı kəndində yaşayan sakinlərin etdikləri müraciətin həlli istiqamətində görülmüş son tamamlanma işləri ilə yerində tanış olub
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanması hər bir dövlət məmuruna nümunədir. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. Dekabrın 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun Daş Salahlı kəndində yaşayan bir qrup sakinin müraciətinə əsasən yerində baxış keçirməsi barədə ötən yazılarımızda məlumat vermişdik. Vətəndaşların yaşadıqları küçədə elektrik enerjisinin gərginlik düşgüsü ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsəyə həssaslıqla yanaşılacağını söyləmişdi. İcra başçısı sözügedən məsələnin həlli istiqamətində nəzərdə tutulmuş işləri müzakirə edərək aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını vermişdi. Təqdirəlayiq haldır ki, Qazax Elektrik Şəbəkəsi tərəfindən vətəndaşların qaldırdıqları məsələ artıq öz müsbət həllini tapdı. Dekabrın 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yenidən Daş Salahlı kəndində oldu, sakinlərlə görüşərək görülmüş işlərin nəticəsi ilə maraqlandı. Qazax Elektrik Şəbəkəsinin rəisi Firdovsi Qasımov görülmüş işlər barədə məlumat verərək bildirmişdi ki, köhnə yararsız taxta dayaqlar və naqillər ləğv edilərək 8 ədəd yüksəkgərginlikli 6 kilovoltluq dəmir metal dayaqla əvəz edilib. 80 ədəd 0,4 kilovoltluq dəmir dayaqlar və özünü daşıyan SİP kabellə əvəzlənib. Ən əsası da 6 kilovoltluq 250 KVA yeni transformator qoyularaq əlavə güc mənbəyi yaradılıb, elektrik enerjisinin gərginlik düşgüsü artırılıb. Eyni zamanda, 80 evin sayğac qutusu və sayğacları yenisi ilə əvəzlənib. Həmçinin, Şəbəkə rəisi işlərin davam etdirildiyini vurğulamışdı. Bu gün işlər demək olar ki, tam yekunlaşıb. Rayon rəhbərliyi növbəti dəfə Daş Salahlı kəndində olub, sakinlərlə görüşərək görülmüş son tamamlanma işləri ilə yerində tanış olub. Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qazax Elektrik Şəbəkəsinin əməkdaşlarına, əziyyəti keçən hər kəsə razılıqlarını ifadə ediblər.




Facebook-da paylaş














