• Təqvim

  • Maraq



Qazaxda 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib

Hər il Dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.

Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var.

Müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib.

XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizin tarixinin dinamik və hərtərəfli inkişaf mərhələsi başlayıb. Prezident İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsidir. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac yaranmışdı və təbii ki, bu sahədə könüllülük fəaliyyəti mühüm önəm daşımağa başladı. Məhz bu dövrdə - 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində müxtəlif mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı. Ən əsası, könüllülərin əməyi yüksək qiymətləndirildi və bu iş davam etdirilir.

Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 6 il əvvəl 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan könüllüləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Məhz yüzlərlə könüllü Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun sıralarına yazılaraq torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə atıldılar. Könüllülərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində könüllülərin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan könüllülərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı könüllü gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib.

Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətində gənclərlə keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd Diviziyasında Diviziya komandirinin şəxsi heyət üzrə müavini, polkovnik Əzizbala Hacıyev, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatında məsləhətçi Polad Ağakişiyev, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədriPəri İbrahimova və şura üzvləri, könüllülər, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını salamlayıb, 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə gəncləri, könüllüləri təbrik edib, səmimi ürək sözlərini bölüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edən icra başçısı bu gün ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait yaradıldığını bildirib. Respublika Prezidentinin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə 2007-ci ilin "Gənclər ili", 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini həmin uğurlu siyasətin və gənclərə olan qayğının bariz nümunəsi kimi qeyd edib. İcra başçısı ölkə rəhbərinin bu Sərəncamını gənclərimizin yeni ideyalarının daha geniş vüsət alması, ölkə həyatının bütün sferalarında yeni nəfəs və innovativ düşüncənin bərqərar olması üçün yaradılan şans, əlverişli fürsət kimi dəyərləndirib. “Könüllü kimi fəaliyyət göstərən hər bir gənc gələcəyin uğurlu kadrı hesab edilir. Müstəqil Azərbaycanın gələcəyi siz gənclərin, könüllülərin əlindədir”, - deyən icra başçısı onlar üçün yaradılan bu şansı layiqincə dəyərləndirməyi və öz töhfələrini vermələrini tövsiyə edib. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən gənclərə qayğı göstərdiyini qeyd edərək həmin qayğının bundan sonra da davam etdiriləcəyini, hər zaman onlara dəstək olmağa hazır olduğunu bildirib. İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası üzvlərinin ötən müddət ərzində gördükləri işlərdən, şura üzvlərinin rayonda keçirilən tədbirlərdə fəal iştiraklarından, irəli sürdükləri nümunəvi təşəbbüslərdən söz açaraq bütün bunları yüksək qiymətləndirib. Rayon rəhbəri şura üzvləri olaraq könüllülük fəaliyyətləri dövründə bundan sonra da fəallıq göstərəcəklərinə, fəal gənclər olaraq öz töhfələrini verəcəklərinə bir daha əminliyini vurğulayıb. Rayon rəhbəri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edildiyini, idman paytaxtının açılış mərasiminin 2026-cı ilin yanvar ayında təntənəli şəkildə keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Artıq bir neçə gündür ki, Qazaxda "İdman paytaxtı"na hazırlıq işlərinə start verildiyini, bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"nın loqosunun hazırlandığını, həmin loqonun şəhərin mərkəzi hissələrinə vurulduğunu diqqətə çatdırıb. Gənclərin, könüllülərin bu sahədə də nümunəvi fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib və bu istiqamətdə onlara uğurlar arzulayıb.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə səmimi təbriklərini çatdırıb. Ə.Məsmalıyev qeyd edib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ə.Məsmalıyev vurğulayıb ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Ə.Məsmalıyev könüllük fəaliyyəti ilə məşğul olan gənclərin bu gün nümunəvi təşəbbüsləri, savadları, bacarıqları, qabiliyyətləri, ölkəmizi layiqincə təmsil etmələri, qazandıqları uğurlu nailiyyətləri ilə hər zaman onlara olan etimadı doğrultduqlarını söyləyib. Bundan sonra da ölkəmizin inkişafı naminə gələcək fəaliyyətlərində uğurlu nəticələr əldə etmələrini arzulayıb.

Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd Diviziyasında Diviziya komandirinin şəxsi heyət üzrə müavini, polkovnik Əzizbala Hacıyev, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında məsləhətçi Polad Ağakişiyev, təqaüddə olan müəllimBəsdi Ələkbərova çıxış edərək könüllüləri 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüblər.

Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova çıxış edərək vurğulayıb ki, bu gün bizim üçün çox dəyərli və mənalı bir gündür. Bu gün burada dayanaraq sizlərlə birlikdə Beynəlxalq Könüllülər Gününü qeyd etmək hər bir könüllü üçün həm böyük bir qürur, həm də sonsuz sevincdir. 5 Dekabr - Beynəlxalq Könüllülər Günü, yalnız könüllüləri təbrik etmək üçün deyil, onların əzmkarlığını, insanlıq adına göstərdikləri fədakarlığı və cəmiyyətə verdikləri misilsiz töhfəni qeyd etmək üçün bir fürsətdir. Qazax rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası olaraq, biz də fəxrlə deyə bilərik ki, könüllülük prinsiplərinə sadiq qalmış, cəmiyyətin inkişafına xidmət edən çoxşaxəli fəaliyyətlər həyata keçirmişik. Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası olaraq, 2019-cu ildən bu yana könüllülük fəaliyyətlərini geniş şəkildə dəstəkləyir və bu prinsipləri rəhbər tutaraq gənclərlə işləyirik. Şura olaraq həyata keçirdiyimiz hər bir layihə könüllülərin fədakarlığı, əzmi və enerjisi sayəsində uğur qazanıb. Şura Qazax Rayon İcra Hakimiyyətinin davamlı dəstəyi ilə fəaliyyət göstərir. Məşvərət Şurası olaraq, əsas məqsədimiz rayon gənclərimizi inkişaf etdirmək, onları faydalı fəaliyyətlərə cəlb etmək və onların potensialını üzə çıxarmaqdır. Bu günə qədər bu missiyanı uğurla icra etmişik və inanırıq ki, bu yolda daha böyük nailiyyətlər əldə edəcəyik. Könüllülük dəyərlərini öz işimizin əsas prinsipi kimi qəbul edərək, bir-birindən maraqlı və unikal layihələr reallaşdırmışıq. Hər zaman diqqət çəkməyi və yaxşı mənada fərqlənməyi bacarmışıq. Məşvərət Şurası olaraq, hər zaman çalışmışıq ki, gənclərimizin potensialını üzə çıxaraq, onların cəmiyyət üçün faydalı olmasına dəstək verək. Bu gün fəxrlə deyə bilərik ki, komandamızla birlikdə bir çox uğurlu layihələrə imza atmışıq və qarşıdakı illərdə də daha böyük işlər görməyə hazırıq. P.İbrahimova sonda bir daha 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə başda Şura gəncləri olmaqla bütün könüllüləri təbrik edib, könüllülük ruhunu yaşadaraq bu amal uğrunda birlikdə irəliləməyi arzulayıb.

Görüşdə könüllülər də çıxış edərək gənclərə göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü və onlara olan səmimi münasibəti razılıq hissi ilə qeyd edən gənclər Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini ifadə ediblər. Ölkəmizdə 2015-ci ildən başlayaraq geniş vüsət alan könüllülük fəaliyyətini və bu sahənin inkişaf etdirilməsi istiqamətində görülən işləri, atılan uğurlu addımları qeyd edən gənclər bu cür addımları Azərbaycanda gənclər ordusuna verilən yüksək qiymət kimi vurğulayıblar. Hər bir gəncin arxasında güclü Azərbaycan dövlətinin və gənclərə daim qayğı göstərən ölkə başçısının dayandığını bildirən könüllülər bunun bariz nümunəsi kimi 2020-ci ilin məhz “Könüllülər ili” elan edilməsini göstəriblər. Gənclər, xüsusilə də rayonda fəaliyyət göstərən könüllülər onlara göstərilən etimadı bundan sonra da layiqincə doğrultmağa çalışacaqlarına, onlara verilən şansı hər zaman səmərəli şəkildə dəyərləndirəcəklərinə söz veriblər.

Tədbirdə könüllülərə Qazax Rayon İcra Hakimiyyəti başçısının, YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanları, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin və DSX “Qazax” Əlahiddə Sərhəd Diviziyasının Təşəkkürnamələri təqdim edilib.

Sonda gənclərlə xatirə şəkli çəkdirilib.



Facebook-da paylaş


{sape_links}