Qazaxda şair-publisist Güləmail Muradın 75 illik yubileyi qeyd olunub
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsində ədəbi məsləhətçi Mustafa Rasimoğlu, Ağstafadan qonaq gəlmiş AYB üzvü Bəyaz Əliyeva,qazaxlı yazarlardan Gülsənəm Cəlilli, Tamella Poladlı, Səhlədar Hidayətoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, sazın, sözün beşiyi sayılan Qazaxda şair-publisist Güləmail Muradın 75 illik yubiley tədbirində iştirak etməkdən məmnun olduqlarını söyləyib, yubilyara təbriklərini, ürək sözlərini çatdırıblar. Qələmə aldığı şeirlərində, yazılarında hər zaman Vətəni, müstəqil, suveren Azərbaycanı tərənnüm edən şairəyə yeni yaradıcılıq uğurları və cansağlığı arzulayıblar. Gənc AşıqSamir Cəlaloğlu, Aşıq Saqif Məzəmli Güləmail Muradın qələmə aldığı şeirləri saz havası üstə səsləndirərək yubilyara olan təbriklərini çatdırıblar. Şair, AYB üzvü, Rüfət Axundlu şairənin “Şəhid anasıyam”, BDU Qazax filialında Turizm fakültəsinin tələbəsi Məhəmməd Aslanbəyli şairənin “Türkü Şuşaya çağırdı”, Azərbaycan dili və ədəbiyyatı fakültəsinin tələbəsi Tərlan Aslanlı şairənin “Baba Heydərim” şeirini səsləndiriblər. “BABA HEYDƏRİM” Gözlərin mavidir, sanki bir dəniz, Bir sonsuz ümmansan, Baba Heydərim Sənsən millətimə əzizdən əziz, Doğma, mehribansan, Baba Heydərim! Qorqud ölkəsinin baharısan sən, Babəklər, Nəbilər diyarısan sən! Cavanşir yurdunun vüqarısan sən! İgid, qəhrəmansan, Baba Heydərim! Hər şah gedişinə mat qaldı fələk! Kəsmədi önünü min fitnə, kələk! Sinəmdə döyünən ürəksən, ürək! Damarımda qansan, Baba Heydərim! Sevdin doğmasını, sevdin yadını, Verdin millətinə könül odunu! Yazdın tarixlərə xalqın adını, Tarxisən, zamansan Baba Heydərim! Haqqın, ədalətin tərəfisən sən, İlhamtək oğulun sələfisən sən! Bilgə xaqanların xələfisən sən, Bilgəsən, xaqansan, Baba Heydərim! Heykəlin ucalır bu gün hər yanda, Cismin torpaqdadır, sən asimanda! Çox şahlar, xaqanlar görən cahanda, Özün bir cahansan, Baba Heydərim! Göylərə baş vuran bir qoca dağsan, Əbədi gül açan bağçasan, bağsan! Naxçıvan, Qazaxsan, sən Qarabağsan, Sən Azərbaycansan, Baba Heydərim! Tədbirdə yubilyara Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib. Məlumat üçün qeyd edək ki, şair-publisist Güləmail Murad(Güləmayıl Novruzəli qızı İsayeva) 1950-ci ildə Qazax rayonunun (indiki Ağstafa) Sadıqlı kəndində dünyaya göz açıb. Böyük Kəsik kənd məktəbini 1968-ci ildə fərqlənmə attestatı ilə bitirib və həmin il də Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) neft-mədən fakültəsinə daxil olub. Nümunəvi tələbə kimi Tələbə Elmi Cəmiyyətinə üzv seçilib. Bədii yaradıcılığa orta məktəb illərindən başlasa da, ilk mətbu şeiri 1969-cu ilin sonlarında Neft-Kimya İnstitutunun “Neft kadrı uğurunda” qəzetində dərc edilib. İlk elmi məqaləsi də həmin qəzetdə işıq üzü görüb. O məqaləyə görə mükafata layiq görülüb. İlk qonararı da oradan alıb. 1973-cü ildə ali təhsilini tamamlayıb və əmək fəaliyyətinə başlayıb. Ali dərəcəli mühəndis-müəllimdir. Uzun müddət Gürcüstan Respublikasında öz ixtisası üzrə işləyib (1974-1991). Sonra Bakıya köçüb və müxtəlif elm-təhsil müəssisələrində ali dərəcəli mühəndis-müəllim kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdindəki Neft-Energetika Kollecində ixtisas fənnindən dərs deyib (2016-cı ilə). Güləmail Murad ədəbi ictimaiyyətin maraqla qarşıladığı “Güldüm göynəyə-göynəyə” (2002), “Sənli-sənsiz” (2006), “Gecələr ulduzlar üstümə tökülür” (2007), “Qarabağ harayı” (2009), “Anasızlıq fəryadı” (2010), “Qələmim əlimdə lələkdən idi” (2010), “Yazmadıqlarım qapımı döyür” (2012), “Vətən sağ olsun!” (2012), “Balaca müdrik” (2013), “Sevgi dastanı” (fransızca 2013), “Dostluq körpüsü” (ingilis və ərəbcə, 2013), “Dağlarda şəhid səsi” (2014), “Günəş qürub edəndə” (2015), “Bir damla yaş” (2016), “Ruhumun qanadları” (2016), “Qayıdış” (2017), “Aprel döyüşləri” (2018), “Yaddaşlardan gələn səslər” (2018), “Qəhrəmanlıq yüksəkliyi” (2018), “Aprel döyüşləri” - tirilogiya (2018), “Yaddaşlardan gələn səslər” (2018), “Günnüt zəfəri“ (2019), “Canını Vətənə sərhəd elədi...” (2019), “Zəka çırağı” (2019), “Mən bulud gözlü, sən yağış “ (hayku və vakalar, 2019), “Döyüş yolları” (2020), “”Akula” ləqəbli kəşfiyyatçı” (2021), “Tovuz döyüşləri” (2021), “Zəfərnamə” (2021), “Vətən uğrunda” (2021),” Boyevıye doroqi” (2022), “Qürur dastanı” (2022), “Nuru Paşa dastanı” (2022), “Cənnətim Şuşa” (2022), “Kadirlidə 4 gün” (2022), “Dədə Anar dastanı” (2023), “Sən Azərbaycansan”, ”Ağdam kəndi-Qəhrəmanlar diyarı” (2023), “Teymurun səsi” (2023), “5 Ulduz” və seçilmiş əsərləri (2024) kitablarının müəllifidir. Şeirləri bir neçə xarici dilə tərcümə edilib və kitab şəkilində çap olunub. “Qarabağ fəryadı” (türkcə, 2010), “Sevgi dastanı” (fransızca, 2013), “Dostluq körpüsü” (ingiliscə və ərəbcə, 2013) və “Döyüş yolları” (rus dilində, 2022), “Nuru Paşa dastanı” (dörd dilə tərcümə edilb, 2023)”, ”Sən Azərbaycansan” (2023 (4 dildə), “Dədə Anar dastanı” (2023”, “Kadirlidə 4 gün (özbək və azərbaycanın türkcəsi dilində), ”Teymurun səsi”(2023), “Ağdam kəndi-Qəhrəmanlar diyarı” (2023), “Beş Ulduz” (2024) və “ Seçilmiş əsərlər” (2024) kitabları, müəllifini ölkəmizin hüdudlarından kənarda da tanıtdırıb. Sözlərinə mahnılar, hərbi marşlar bəstələnib. Ən böyük uğurlarından biri hayku və vakalardan ibarət “Mən - bulud gözlü, sən - yağış” kitabıdır. Azərbaycan ədəbiyyatında ilk xanım yazardır ki, yapon janrı olan haykuda - 3 misra və 17 hecada on bəndlik şeirdə söylənə biləcək sözünü deyə bilir. Vakaları, tankaları da eynilə... Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər İttifaqının, Respublika Qadınlar və Dünya Türk Qadınları Cəmiyyətinin üzvüdür. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İdarə Heyətinə üzv və həmin Mərkəzin Qadınlar Şurasına sədr müavini seçilib ( 2007). Avrasiya Sanat Kültür Edebiyat və Bilim Federasyonunun, Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvüdür. İran İslam Respublikası Beynəlxalq şeir festivalının laureatı olub. Fəxri diplom və ödüllərlə təltif olunub. 2006-cı ildə “Sənli-sənsiz” şeir kitabı “İlin lirika kitabı” fəxri diplomuna, yaradıcılığı “Oskar-Ozan” Mükafatı Fəxri Diplomuna (2009), Eskişehir Şairlər Dərnəyinin “Onur Belgesi” diplomuna (2010), “Dostluq körpüsü” kitabına görə Misir Mədəniyyət Mərkəzi tərəfindən Fəxri Fərmana (2010) və Təşəkkürnaməyə (2012), bir çox əsəri Gürcüstanın Qardabani şəhər 3 saylı məktəbinin Fəxri Fərmanına (2011) və Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin Fəxri Fərmanına (2012) layiq görülüb. 17 oktyabr 2012-ci ildə Azərbaycan Sərhəd Xidmətinin 93-cü ildönümünə həsr olunmuş müsabiqənin ədəbiyyat nominasiyası üzrə Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədovun xatirəsinə yazılmış “Qəhrəmanlıq dərsi” hekayəsi 2-ci yeri tutub, mükafat və Fəxri Diplomla təltif edilib. Vətənpərvərlik mövzusunda şeir müsabiqəsinin qalibi, ADSO Xidmətinin keçirdiyi müsabiqənin, Az.TV-nin keçirdiyi Vətənpərvərlik mövzusunda ilin ən yaxşı şeiri müsabiqəsinin lauratı olub. Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanova həsr edilmiş “Vətən sağ olsun” kitabına görə H.B.Zərdabi diplomuna layiq görülüb. Həmin kitab əsasında çəkilmiş sənədli filmə görə 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən “General Əliağa Şıxlinski” yubiley medalı ilə təltif olunmuşdur. “Vətənpərvərlik işində xidmətlərinə görə” medala (2018), Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə təsis edilmiş “Milli Ordu-100” medalına və “Faşizm üzərində qələbəmizin 75 illiyi” medalına layiq görülüb. Xocalı soyqırımının təbliğ edilməsində və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunub (2017). Aprel döyüşlərinə həsr olunmuş “Qayıdış” kitabına görə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Fəxri Fərmana layiq görülüb (2017). ASKEF-Avrasiya Sanat Kültür Edebiyat və Bilim Federsyonunun üzvü, eyni zamanda, Fəxri diplomçusudur. “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Vətənpərvərlik təbliğatında fəal iştirakına görə onu Fəxri Fərman təltif (2022) edib. Uluslararası Kadirli Türk Dünyası Kültür ve Sanat Festivalı KATILMA BELGESİ (2022), Kaya Haber Ajansı Okurlarına Görə Yılın “Edebiyat Oskarı” mükafatına layiq görülüb. Dövri mətbuatda xüsusi olaraq fərqləndiyinə görə “Qafqaz-Media” İctimai Birliyi və ASKEF-in Milli Mətbuat Günü münasibətilə “Ustad Qələm Sahibi” diplomu ilə (2017), Dünya Ozanlar, Şairler və Yazarlar Derneyinin (Bursa) “Onur Belgesi” (2022) ilə təltif olunub. BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü, Sülh Səfiridir (2017). Yaradıcılıq uğurlarına görə “Xarıbülbül” poeziya diplomu ilə təltif olunub. Türkmen Edebiyatçı və Yazarlar Birliyinin (2016)üzvü. İLESAM (Türkiye İlim və Edebiyat Eseri Sahipleri Meslek Birliyinin (2017) üzvü. “İrak Türkmən Edebiyatçılar Örgütünün (2018) üzvüdür. Beynəlxalq “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb (2013). İstanbulda “Şiir Fırtınası”nın iştirakçısı olub və “Türk kültürüne, Türk Edebiyatına vermiş olduğu hidzmetlerinden dolayı” fəxri diplomu ilə mükafatlandırılıb (2014). Azərbaycan Sərhəd Xidmətinin 102-ci ildönümü münasibətilə “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqədə ədəbiyyat nominasiyası üzrə birinci yeri tutmuş və I dərəcəli Diplom ilə təltif olunmuşdur. 27 avqust 2023-cü ildə Qala gecəsində ilin peşəkar yazarı nominasiyasında mükafat və “Trend Of The Year” 2023 layihəsində peşakar TREND yazar adı alıb. Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi (Ankara) tərəfindən “Türk Dünyası Edebiyatına Üstün Hizmetlerinden Dolayı Altın Madalya” ilə (2023) dəyərləndirilmişdir. Səməd Behhrəngi adına Fəxri Fərmana (2023) layiq görülüb. 37. Uluslararası Türk Dünyası Kültür Sanat Şöləni Bursa katılması münasibətilə təşəkkürnamə (2024) ALIB. Azərbaycan Yazıçılar Birliyi Hərbi-Vətənpərvərlik Komissiyasının üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür. Prezident təqaüdçüsüdür. Hazırda Azərbaycan Yazıçılar Birliyinin əməkdaşıdır.
Dekabrın 4-də Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax Bölməsinin birgə təşkilatçılığı ilə Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı,şair-publisist Güləmail Muradın (İsayeva Güləmayıl Novruzəli qızının) anadan olmasının 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB üzvləri, ziyalılar, şəhid ailələri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, gənclər, KİV nümayəndələri iştirak ediblər.


Tədbirdə Güləmail Muradın qələmə aldığı, musiqisi Arif Mehmandosta məxsus olan və özünün ifa etdiyi “Ali Baş Komandanımız” mahnısının klipi videoçarx şəklində nümayiş etdirilib.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, yubilyarın ünvanına xoş sözlərini, təbriklərini səsləndirib. B.Vüsal müstəqil ölkəmizdə şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. “Ulu Öndər Heydər Əliyev söyləyirdi ki, mənəvi dəyərləri olmayan xalq xalq, dövlət dövlət deyil. Bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli dəyərlərə çox böyük diqqət göstərilir, böyük ehtiram var. Bugünkü tədbirin keçirilməsi Güləmail Muradın simasında dövləti dövlət edən mənəvi dəyərlərə xidmət edir. Ulu Öndər siyasətinin davam etdirilməsi deməkdir”, - söyləyən şair bu gün Qazax rayonunda həmin qayğını yüksək səviyyədə hiss etdiyini bildirib. B.Vüsal ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından təşəkkürünü bildirib. Yubilyarın yaradıcılığından söz açan B.Vüsal G.Muradın öz sözünü demiş, təvazökar, Vətəninə, xalqına, ölkəsinə olan sevgisini şeirlərinin dili ilə çatdırmış azərbaycanlı, qazaxlı şair olduğunu, bunu Onun haqqında dəyərli ziyalıların söylədikləri fikirlərdən də aydın şəkildə gördüyümüzü bildirib. B.Vüsal qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyinin sədri,Xalq yazıçısı hörmətli Anar müəllimin Güləmail Muradın 75 illik yubileyi münasibətilə Ona ünvanladığı təbrik məktubunda vurğulandığı kimi, “Vətənpərvərlik mövzusunda olan bu şeirlər yazılanda torpaqlarmız hələ işğaldan azad edilməmişdi, zamanın dumanlı-çiskinli vaxtları idi. Bu gün artıq torpaqlarımız düşmən tapdağından azad edilib, amma siz yenə də Qarabağ müharibəsi, şəhidlər, qazilər haqqında şeirlərinizi yazırsınız. Yəni siz öz mövzusu olan şairsiniz və bunu yazıçı, şair üçün önəmli sayıram. Siz şəhid analarnın dilindən yazdığınız şeirlərdə xalqımzın böyük kədəri, eyin zamanda, qüruru, dəyanəti, əyilməzliyinin bədii ifadəsini verirsiniz. Bəzən tədbirlərdə, müxtəlif yazılarda sizə Güləmail Ana deyə müraciət olunduğunu görürəm və haqlıdırlar. Çünki siz öz şeirlərinizdə bütün Azəraycan analarının sözçüsü kimi çıxış edirsiniz. Sizin şeir və poemalarınızın daha bir diqqətçəkən tərəfi ümumtürk dünyasına bağlılığınızdır. Biz gənc olanda ən adi bir türk sözünü işlətmək belə qəti yasaq idi. Hamının başı üstündə pantürkist damğası təhlükəsi var idi. İndi bu qorxulu yasaqlar, qadağalar aradan qaldırılıb və türk xalqlarının vahid mədəni birliyinə qayııdış prosesi başlayıb”.
Qazax Rayon İcra Hakimiyyətinin başçısıRəcəb Babaşovgiriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, yubilyarın ünvanına səmimi ürək sözlərini səsləndirib, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb. Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə qazaxlı şair Güləmail Muradın 75 illik yubiley tədbirinin keçirilməsinə görə razılığını ifadə edib.İcra başçısıAzərbaycanın şairlər və aşıqlar yurdu olan, poeziyamıza dəyərli söz sənəti inciləri bəxş etmiş qədim Qazax elində yubiley tədbirlərinin keçirilməsinin bir ənənə halını aldığını söyləyib. Rayon rəhbəri yubilyarın 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş kitabı yazmaqla Vətən həsrətini, doğma torpaqlarımızın niskilini çəkdiyini sözlərin dili ilə oxucularına çatdırdığını vurğulayıb Onlarla kitabın müəllifi olan şairin vətənpərvərlik mövzusunda yazdığı şeirləri, xüsusilə də şəhidlərimizə, Aprel döyüşlərinə, 44 günlük Vətən müharibəsi qəhrəmanlarına yazdığı kitablarla gənc yazarlara örnək olduğunu qeyd edib. Rayon rəhbəri Vətəni bütöv edən qəhrəmanlarımıza, şəhidlərimizə həsr etdiyi şeirlərə, saysız-hesabsız kitablara görə bir daha razılığını ifadə edib, bu cür kitabların davamlı olmasını arzu edib.
Yubilyar Güləmail Murad çıxış edərək ona göstərilən diqqətə, qayğıya, poeziyamıza, ədəbiyyatımıza, şairlərə, yazarlara göstərilən qayğıya, verilən dəyərə görə başda ölkə Prezidenti İlham Əliyev olmaqla, rayon rəhbərliyinə, əziyyəti keçən insanlara öz adından və ailəsi adından minnətdarlığını bildirib. Bugünkü yubiley tədbirinin təşkilinə görə razılığını ifadə edən yubilyar özünün timsalında şairlərə olan qayğı, ayrılan diqqət kimi dəyərləndirib. Ünvanına xoş sözlər söyləyən, onu təbrik edən hər kəsə səmimi arzularını çatdırıb. Doğma Qazaxı ilə qürur duyduğunu söyləyən Güləmail Murad bundan sonra da Vətən, yurd, el-oba ruhlu, şəhidlərimizi, igid Vətən oğullarını vəsf edən şeirləri ilə oxucularının könlünü oxşayacağını söyləyib. Yubilyar qələmə aldığı “Qazaxım” və digər şeirlərini səsləndirməklə onu təbrikə gələnlərə təşəkkürünü ifadə edib.












Facebook-da paylaş















