• Təqvim

  • Maraq



Qazaxda icra başçısı şəhid övladının doğum gününü ailəsi ilə birlikdə qeyd edib


Şanlı tarixi Qələbəmizdən illər keçsə də Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə xatırlayır. Bu, o qələbədir ki, 5 il əvvəl başlanğıcını 2020-ci ilin 27 sentyabrda götürdü və 10 noyabrda Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında tarixi ədaləti bərpa etdilər. Ölkə Prezidentinin “Qarabağ Azərbaycandır!” fikrini əldə rəhbər tutan igid Vətən oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hərb tariximizə yeni salnamə yazdılar. Bütün dünya isə Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.


Baş gizir Hacıyev Teymur Zaur oğlu da Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biridir. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Teymur Hacıyev kimi oğullarımızın sayəsində bu gün xalqımız qalib ölkənin vətəndaşı olmağın qürurunu yaşayır. 

Bu gün - sentyabrın 19-da döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”“Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun oğul övladı Hacıyev Hüseyn Teymur oğlunun 10 yaşı tamam olur.


Şəhidimizin ailəsini daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov övladının doğum günündə təbrik etməyi də unutmadı. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğını əldə rəhbər tutan rayon rəhbəri Vətən müharibəsi şəhidi Teymur Hacıyevin övladının doğum günündə ailəsinin yanında oldu. Bu gün rayon rəhbərliyi şəhidimizin övladının doğum gününü ailəsi ilə birlikdə qeyd edib. İcra başçısı şəhidimizin övladına səmimi ürək sözlərini və təbriklərini çatdırıb. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad edib. Rayon rəhbəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı tarixi Qələbədə payı olan Teymur Hacıyev kimi oğullarımızla hər birimizin fəxr etdiyini bildirib. Bu gün hər bir şəhidimizlə qürur duyduqlarını, onların Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlarını qeyd edib. Dövlətimiz, ölkə başçısı tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Şəhidlərimizin övladlarına sahib çıxmağın hər birimizin borcu olduğunu dilə gətirib.


Şəhidimizin atası Zaur Hacıyev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Nəvəsinin doğum günündə onu yad etdikləri və təbrikə gəldikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edib. Şəhidimizin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını Teymurun timsalında bütün şəhid ailələrinə olan qayğının bariz nümunəsi kimi dəyərləndirib. 


Şəhid Hacıyev Teymur Zaur oğlu 28 yanvar 1991-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur. Həmin il Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunu keçərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlamışdır. 2018-ci ildə isə baş gizir vəzifəsinə təyin edilmişdir. 

Teymur Hacıyev xidməti dövründə həmişə öz nizam-intizamı, verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etməsi ilə fərqlənmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Onun haqqında verilmiş xidməti xasiyyətnamədə oxuyuruq: "Baş gizir Teymur Hacıyev xidmət etdiyi müddət ərzində özünü intizamlı, savadlı, bacarıqlı və işgüzar bir hərbi qulluqçu kimi göstərmişdir. Hərbi qanun və nizamnamələri bilir, xidməti vəzifə borclarına məsuliyyətlə yanaşır". 

Bu yüksək dərəcəli xidmətin nəticəsidir ki, Teymur Hacıyev Müdafiə Nazirliyi tərəfindən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalı almışdır.

“N” saylı hərbi hissənin baş giziri Teymur Hacıyev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid baş gizir Teymur Hacıyev 16.10.2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Hüseyn və Zaur adlı iki azyaşlı oğlu yadigar qalıb.  

Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Teymur Hacıyevin də şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Teymur Hacıyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.




Facebook-da paylaş