YAP Qazax Rayon Təşkilatının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Bu gün qürurla deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələ başlandı. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət etdilər. Ulu Öndər çox keçmədən xalqa dövlətçiliyimiz üçün “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Bu gün YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısındakı xidmətləri misilsizdir. Bu partiya bu gün də Heydər Əliyev ideyalarını sədaqətlə yaşadır. 2003-cü ildən bəri partiyaya Prezident İlham Əliyev rəhbərlik edir. Həmin ildən etibarən əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu milli inkişaf strategiyası uğurla reallaşdırılır. 1993-cü il iyul ayının 24-də Qazaxda YAP Rayon Təşkilatının təsis konfransı keçirilib. Həmin gündən başlayaraq 32 ildir ki, təşkilat çətin və eyni zamanda şərəfli bir yol keçib. İyulun 24-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, partiya veteranları, fəalları, ərazi partiya təşkilat sədrləri, müavinləri, YAP üzvlük vəsiqələrinin təqdim olunacağı gənclər, məktəblilər, KİV nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb. Sonra YAP Qazax Rayon Təşkilatının iclas zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, dünyasını dəyişən partiya və təşkilat üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının, şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək rayon rəhbərliyini və tədbir iştirakçılarını salamlayıb, partiya veteranlarını, fəallarını əlamətdar gün münasibətilə təbrik edib. Keçirilən tədbirin əhəmiyyətindən söz açan A.Nəbiyev YAP Qazax Rayon Təşkilatının həyatında əlamətdar gün olduğunu qeyd edib. Bildirib ki, YAP 1992-ci il noyabrın 21-də Naxçıvanda çox çətin, ağır bir şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yarandı. Məşhur 91-lər YAP-ın yaranması və ona Ulu Öndərin rəhbərlik etməsi üçün dahi şəxsiyyətə müraciət etdilər. Ulu Öndər hər zaman olduğu kimi, bu dəfə də xalqın çağırışına müsbət cavab verdi, YAP yarandı və Heydər Əliyev partiyanın sədri seçildi. A.Nəbiyev YAP Qazax Rayon Təşkilatının Ulu Öndərin səsinə ilk səs verən rayonlardan biri olduğunu söyləyib. Təşkilatın təsisçisi Abbas Göyüşovun rəhbərliyi altında 110 nəfərin iştirakı ilə YAP Qazax Rayon Təşkilatının yarandığını, 1993-cü il iyul ayının 24-də Qazaxda YAP Rayon Təşkilatının təsis konfransının keçirildiyini vurğulayıb. A.Nəbiyev yeni yarananda 110 nəfəri ətrafında birləşdirən YAP Qazax Rayon Təşkilatının ötən 32 il ərzində çətin, keşməkeşli sınaqlardan keçdiyini, sıralarını gündən-günə genişləndirdiyini bildirib. Bu gün rayon təşkilatının 80 ərazi partiya təşkilatında 10714 nəfər üzvünün olduğunu, həmin üzvlərdən 6916 nəfərin qadınlar, 2491 nəfərin gənclər təşkil etdiyini, cari ildə 2 yeni ərazi partiya təşkilatının yarandığını, son 6 ayda 92 nəfərin partiya sıralarına üzv daxil olduğunu diqqətə çatdırıb. A.Nəbiyev bu gün YAP-ın Heydər Əliyev partiyası adlandığını, günü-gündən sırasını genişləndirən könüllülər, ziyalılar partiyası olduğunu bildirib. “YAP-ın üzvü olmaq Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalmaq deməkdir. Ulu Öndərin qurucusu olduğu YAP-ı onun adına layiq şəkildə təmsil etmək deməkdir. Partiyamızın sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, sədrin birinci müavini Mehriban xanım Əliyevanın ətrafında birləşmək, yanlarında olmaq deməkdir”, - söyləyən natiq YAP Qazax Rayon Təşkilatının üzvlərinin də məhz bu amal uğrunda bir yumruq tək birləşdiyini diqqətə çatdırıb. A.Nəbiyev sonda dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın gündən-günə qüdrətlənməsi, daha da təşkilatlanması və dövlətimizə öz töhfəsini verməsi üçün bundan sonra da böyük səylə çalışacaqlarını qeyd edib, bu yolda hər kəsə uğurlar arzulayıb. YAP Qazax Rayon Təşkilatının təsisçisi, ilk partiya sədri, partiya veteranı Abbas Göyüşov çıxış edərək rayon rəhbərliyini və tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. A.Göyüşov 32 illik tarixi yol qət edən Təşkilatın yaranmasından, necə təsis olunmasından, bu günə kimi keçdiyi keşməkeşli yoldan söz açıb. A.Göyüşov YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi altında böyük qələbələrə, nailiyyətlərə, uğurlara imza atdığını söyləyib. “Harada olmağımızdan, kimliyimizdən, peşəmizdən asılı olmayaraq hər zaman dövlətimizin, dövlət başçısının yanında olmalıyıq. Ölkəmizin parlaq gələcəyi naminə dövlət başçısının ətrafında sıx birləşməliyik. Dövlət-xalq-partiya bir yerdə olduğu müddətcə ölkəmizin uğurları daha böyük olacaqdır. Çalışmalıyıq ki, ölkəmizin uğurlarına kölgə salmaq istəyən qüvvələrə qarşı birlikdə mübarizə aparaq, bu sahədə ayıq-sayıq olaq”, - deyən natiq bu yolda hər kəsə uğurlar diləyib. Partiya veteranlarından Nəsibə Tağıyeva, YAP üzvlüyünə yeni qəbul olunmuş gənc partiya üzvü, Qazax M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyində elmi işçi Esmira Qəribova çıxış edərək YAP-ın yaranma tarixindən danışıb, tarixi zərurətdən yaranan, əsası Ümummilli Lider tərəfindən qoyulan bir partiyanın üzvü olmaqdan, qalib ölkənin vətəndaşı olmaqdan qürur duyduqlarını bildiriblər. YAP-ın yaranmasının, təşkilatlanmasının dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər. YAP-ın fəallarının yüksək səviyyədə fəaliyyət göstərməyə qadir olduqlarını söyləyiblər. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, qurub-yaratdığı YAP-ın gördüyü işlərin, xalq və dövlət qarşısında olan xidmətlərinin illər ötsə belə heç zaman unudulmayacağını vurğulayıblar. Partiya veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm, şair Kazım Kazımlı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə xoş arzularını çatdırıblar. YAP-a həsr etdikləri şeirləri səsləndirərək partiya üzvlərinə təbriklərini ifadə ediblər. Tədbirdə iştirak edən Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər. Tədbirdə Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının yaradılmasının 32-ci ildönümü münasibətilə yüksək siyasi fəallığına görə YAP Qazax Rayon Təşkilatının təsisçilərindən biri, 1999-2007-ci illərdə YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri və Yeni Azərbaycan Partiyasının I, II, III Qurultaylarında nümayəndə olmuş, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Nəbiyev Anar Telman oğlu Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. YAP sıralarında yüksək siyasi fəallıq göstərdiyinə görə, YAP Qazax Rayon Təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında xidmətləri olan bir qrup fəal partiya üzvünə YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanları təqdim edilib. YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə isə üzvlük vəsiqələri təqdim olunub.Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, YAP Qazax Rayon Təşkilatının yaranmasının 32-ci ildönümü münasibətilə səmimi ürək sözlərini çatdırıb. İcra başçısı YAP-ın hakim partiya olduqdan sonra Azərbaycan dövlətinin inkişafına böyük töhfələr verdiyini, ötən müddət ərzində ölkəmizin misli görünməyən uğurlar, nailiyyətlər qazandığını bildirib. Rayon rəhbəri vurğulayıb ki, müstəqil Azərbaycanın keçmişi, dünəni və bu günü, eləcə də gələcəyi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İstər SSRİ, istərsə də sonrakı dövrlərdə Azərbaycanın inkişafında, iqtisadi, sosial, ictimai, siyasi, eləcə də bütün sahələrdə əldə edilən uğurlarda Ümummilli Liderin danılmaz əməyi olduğunu vurğulayıb. Bugünkü Azərbaycanın dünya dövlətləri arasında güclü, müstəqil dövlət kimi söz sahibi olmasında, xalqımızın qürurlu xalq kimi dünya xalqları arasında seçilməsində dahi şəxsiyyətin böyük xidmətlərinin olduğunu diqqətə çatdırıb. Rayon rəhbəri bu gün Ulu Öndərin aramızda olmasa belə onun yürütdüyü düzgün, dəqiq, düşünülmüş siyasətinin onun layiqli varisi, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi icra edilməsi sayəsində ölkəmizin gündən-günə daha da inkişaf etdiyini, dahi şəxsiyyətin arzuladığı Azərbaycanın var olduğunun şahidi olduğumuzu qeyd edib. Bu gün iqtisadiyyatda, təhsildə, səhiyyədə, mədəniyyətdə, eləcə də digər sahələrdə olan inkişafın təməlində dahi şəxsiyyətin yürütdüyü dövlət siyasətinin Prezident, YAP-ın sədri İlham Əliyev tərəfindən olduğu kimi icra edilməsinin dayandığını söyləyib. İcra başçısı 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü, o vaxt səsləndirdiyi "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərinin bu gün gerçəyə çevrildiyini bildirib. Artıq illərdir ki, xalq olaraq bu ümidlərin doğrulduğunun şahidi olduğumuzu söyləyib. Xüsusilə də Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasətinin yüksək səviyyədə davam etdirilməsinin 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin İyul döyüşləri, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı bir daha şahidi olduğumuzu diqqətə çatdırıb. Xalq-iqtidar birliyindən söz açan icra başçısı bunu 44 günlük Vətən müharibəsində xalqımızın ölkə rəhbərinin ətrafında bir yumruq kimi birləşməsində bir daha gördüyümüzü söyləyib. Rayon rəhbəri vurğulayıb ki, döyüşlərdə qəhrəman oğullarımızın göstərdiyi igidliklər sayəsində haqq savaşında tarixi ədalət bərpa olundu. Bu gün əldə etdiyimiz şanlı Zəfər, tarixi Qələbə sayəsində doğma Qarabağımızda, Şuşamızda, Xankəndimizdə, Xocalımızda, əzəli torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. İcra başçısı "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qazaxın 4 kəndinin geri qaytarılmasını dövlətimizin növbəti uğuru, qalibiyyəti, zəfəri kimi qiymətləndirib. Rayon rəhbəri ölkə başçısının da söylədiyi kimi, ötən ilin ən böyük uğurlarından birinin məhz Qazax rayonunun 4 kəndinin geri qaytarılmasının olduğunu söyləyib. 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, xüsusilə də qazaxlıların, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri kimi qiymətləndirib. Rayon rəhbəri qazanılan qələbələrimizə görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. “İllər ötsə belə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş YAP-ın Azərbaycan dövləti və xalqı qarşısında olan misilsiz xidmətləri heç zaman unudulmayacaq”, - deyən icra başçısı bu yolda hər kəsə uğurlar arzulayıb. Bundan sonra da Partiyanın sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşməyi tövsiyə edib.
Facebook-da paylaş