Əsas Səhifə > Manşet / Rəsmi > YAP Qazax Rayon Təşkilatının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
YAP Qazax Rayon Təşkilatının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib24-07-2025, 19:27 |
Bu gün qürurla deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələ başlandı. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət etdilər. Ulu Öndər çox keçmədən xalqa dövlətçiliyimiz üçün “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Bu gün YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısındakı xidmətləri misilsizdir. Bu partiya bu gün də Heydər Əliyev ideyalarını sədaqətlə yaşadır. 2003-cü ildən bəri partiyaya Prezident İlham Əliyev rəhbərlik edir. Həmin ildən etibarən əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu milli inkişaf strategiyası uğurla reallaşdırılır. 1993-cü il iyul ayının 24-də Qazaxda YAP Rayon Təşkilatının təsis konfransı keçirilib. Həmin gündən başlayaraq 32 ildir ki, təşkilat çətin və eyni zamanda şərəfli bir yol keçib. İyulun 24-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, partiya veteranları, fəalları, ərazi partiya təşkilat sədrləri, müavinləri, YAP üzvlük vəsiqələrinin təqdim olunacağı gənclər, məktəblilər, KİV nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb. Sonra YAP Qazax Rayon Təşkilatının iclas zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, dünyasını dəyişən partiya və təşkilat üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının, şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək rayon rəhbərliyini və tədbir iştirakçılarını salamlayıb, partiya veteranlarını, fəallarını əlamətdar gün münasibətilə təbrik edib. Keçirilən tədbirin əhəmiyyətindən söz açan A.Nəbiyev YAP Qazax Rayon Təşkilatının həyatında əlamətdar gün olduğunu qeyd edib. Bildirib ki, YAP 1992-ci il noyabrın 21-də Naxçıvanda çox çətin, ağır bir şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yarandı. Məşhur 91-lər YAP-ın yaranması və ona Ulu Öndərin rəhbərlik etməsi üçün dahi şəxsiyyətə müraciət etdilər. Ulu Öndər hər zaman olduğu kimi, bu dəfə də xalqın çağırışına müsbət cavab verdi, YAP yarandı və Heydər Əliyev partiyanın sədri seçildi. A.Nəbiyev YAP Qazax Rayon Təşkilatının Ulu Öndərin səsinə ilk səs verən rayonlardan biri olduğunu söyləyib. Təşkilatın təsisçisi Abbas Göyüşovun rəhbərliyi altında 110 nəfərin iştirakı ilə YAP Qazax Rayon Təşkilatının yarandığını, 1993-cü il iyul ayının 24-də Qazaxda YAP Rayon Təşkilatının təsis konfransının keçirildiyini vurğulayıb. A.Nəbiyev yeni yarananda 110 nəfəri ətrafında birləşdirən YAP Qazax Rayon Təşkilatının ötən 32 il ərzində çətin, keşməkeşli sınaqlardan keçdiyini, sıralarını gündən-günə genişləndirdiyini bildirib. Bu gün rayon təşkilatının 80 ərazi partiya təşkilatında 10714 nəfər üzvünün olduğunu, həmin üzvlərdən 6916 nəfərin qadınlar, 2491 nəfərin gənclər təşkil etdiyini, cari ildə 2 yeni ərazi partiya təşkilatının yarandığını, son 6 ayda 92 nəfərin partiya sıralarına üzv daxil olduğunu diqqətə çatdırıb. A.Nəbiyev bu gün YAP-ın Heydər Əliyev partiyası adlandığını, günü-gündən sırasını genişləndirən könüllülər, ziyalılar partiyası olduğunu bildirib. “YAP-ın üzvü olmaq Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalmaq deməkdir. Ulu Öndərin qurucusu olduğu YAP-ı onun adına layiq şəkildə təmsil etmək deməkdir. Partiyamızın sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, sədrin birinci müavini Mehriban xanım Əliyevanın ətrafında birləşmək, yanlarında olmaq deməkdir”, - söyləyən natiq YAP Qazax Rayon Təşkilatının üzvlərinin də məhz bu amal uğrunda bir yumruq tək birləşdiyini diqqətə çatdırıb. A.Nəbiyev sonda dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın gündən-günə qüdrətlənməsi, daha da təşkilatlanması və dövlətimizə öz töhfəsini verməsi üçün bundan sonra da böyük səylə çalışacaqlarını qeyd edib, bu yolda hər kəsə uğurlar arzulayıb. YAP Qazax Rayon Təşkilatının təsisçisi, ilk partiya sədri, partiya veteranı Abbas Göyüşov çıxış edərək rayon rəhbərliyini və tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. A.Göyüşov 32 illik tarixi yol qət edən Təşkilatın yaranmasından, necə təsis olunmasından, bu günə kimi keçdiyi keşməkeşli yoldan söz açıb. A.Göyüşov YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi altında böyük qələbələrə, nailiyyətlərə, uğurlara imza atdığını söyləyib. “Harada olmağımızdan, kimliyimizdən, peşəmizdən asılı olmayaraq hər zaman dövlətimizin, dövlət başçısının yanında olmalıyıq. Ölkəmizin parlaq gələcəyi naminə dövlət başçısının ətrafında sıx birləşməliyik. Dövlət-xalq-partiya bir yerdə olduğu müddətcə ölkəmizin uğurları daha böyük olacaqdır. Çalışmalıyıq ki, ölkəmizin uğurlarına kölgə salmaq istəyən qüvvələrə qarşı birlikdə mübarizə aparaq, bu sahədə ayıq-sayıq olaq”, - deyən natiq bu yolda hər kəsə uğurlar diləyib. Partiya veteranlarından Nəsibə Tağıyeva, YAP üzvlüyünə yeni qəbul olunmuş gənc partiya üzvü, Qazax M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyində elmi işçi Esmira Qəribova çıxış edərək YAP-ın yaranma tarixindən danışıb, tarixi zərurətdən yaranan, əsası Ümummilli Lider tərəfindən qoyulan bir partiyanın üzvü olmaqdan, qalib ölkənin vətəndaşı olmaqdan qürur duyduqlarını bildiriblər. YAP-ın yaranmasının, təşkilatlanmasının dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər. YAP-ın fəallarının yüksək səviyyədə fəaliyyət göstərməyə qadir olduqlarını söyləyiblər. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, qurub-yaratdığı YAP-ın gördüyü işlərin, xalq və dövlət qarşısında olan xidmətlərinin illər ötsə belə heç zaman unudulmayacağını vurğulayıblar. Partiya veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm, şair Kazım Kazımlı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə xoş arzularını çatdırıblar. YAP-a həsr etdikləri şeirləri səsləndirərək partiya üzvlərinə təbriklərini ifadə ediblər. Tədbirdə iştirak edən Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər. Tədbirdə Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının yaradılmasının 32-ci ildönümü münasibətilə yüksək siyasi fəallığına görə YAP Qazax Rayon Təşkilatının təsisçilərindən biri, 1999-2007-ci illərdə YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri və Yeni Azərbaycan Partiyasının I, II, III Qurultaylarında nümayəndə olmuş, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Nəbiyev Anar Telman oğlu Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. YAP sıralarında yüksək siyasi fəallıq göstərdiyinə görə, YAP Qazax Rayon Təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında xidmətləri olan bir qrup fəal partiya üzvünə YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanları təqdim edilib. YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə isə üzvlük vəsiqələri təqdim olunub.
Geri qayıt |