İcra başçısı Quşçu Ayrım kəndində vətəndaşların müraciəti ilə yerində tanış olub
Bu gün əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amilinin, vətəndaş məmnunluğunun təşkil etməsi hər bir dövlət məmuruna nümunədir. Ən önəmlisi də bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əks olunur ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları, məcburi köçkün ailələri ilə yanaşı, sərhəddə yaşayan sakinlərə də daim qayğı ilə yanaşılır. Rayon rəhbəri mütəmadi olaraq sərhəddə yerləşən kəndlərdə olur, sakinlərlə görüşərək onları hər zaman diqqət mərkəzində saxlayır. İyulun 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun sərhəddə yerləşən Quşçu Ayrım kəndindən müraciət etmiş sakinlərin su məsələsi ilə bağlı yerində baxış keçirməsi, edilən müraciətin, qaldırılan məsələnin müsbət həlli istiqamətində müvafiq tapşırıq verməsi rayonda vətəndaş amilinin əsas götürülməsinin bariz nümunəsidir. Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri dövlətin, ölkə başçısının hər zaman onların yanında olduğunu diqqətə çatdırıb. Bu cür görüşlərin arxasında dövlətin vətəndaşına olan qayğısının dayandığını söyləyib. Rayon rəhbəri Quşçu Ayrım kəndində sakinlərin su məsələsi ilə bağlı müraciətlərini dinləyib, məsələnin qısa vaxtda müsbət həllini tapacağını qeyd edib. Rayon rəhbəri ilə səmimi söhbət edən kənd sakinləri onlara göstərilən qayğıya, eləcə də etdikləri müraciətə operativ şəkildə baxılmasına və müsbət həll olunması istiqamətində görüləcək işlərə görə ölkə Prezidentinə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin təşəkkürlərini ifadə ediblər.
Facebook-da paylaş