• Təqvim

  • Maraq



DİN “Son zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib


İyunun 14-də ümumi təhsil müəssisələrində “Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə təşkili və keçirilməsi üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən bütün zəruri tədbirlər görüləcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərin keçiriləcəyi məktəblərin ətrafında polis naryad qruplarının sayı artırılacaq, ictimai asayişin qorunması və məzunların avtomobillərlə hərəkəti zamanı qayda pozuntularının qarşısının alınması məqsədilə nəzarət gücləndiriləcək. Yollarda süni tıxacların yaranmaması, dayanma-durma və parklanma qaydalarına əməl olunması üçün Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş rejimdə çalışacaq.

“Məzunları bu əlamətdar gün münasibətilə təbrik edir və valideynlərə çağırış edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil idarə etməyə icazə verməsinlər. Məzunları isə ictimai davranış qaydalarına ciddi riayət etməyə və sevincli günlərini təhlükəsiz şəkildə keçirməyə səsləyirik”, - deyə müraciətdə bildirilir.

Məlumat üçün onu da qeyd edək ki, 14 iyun günü Qazax Rayon Polis Şöbəsinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışacaqlar. Bundn əlavə, rayonda "Son zəng" tədbirlərinin yüksək səviyyədə qeyd edilməsi, həmin tədbirlərin məktəb daxilində keçirilməsi, bu tədbirlərin keçirilməsində təhlükəsizliyin təmin edilməsi və digər məsələlərlə bağlı məktəb direktorlarına tapşırıq verilib. Valideynlərlə, məktəbi bitirən məzunlarla maarifləndirici söhbətlər aparılıb, həmin gün hər hansı bir xoşagəlməz hadisənin baş verməməsi üçün məktəb direktorlarına sahə rəisləri ilə əməkdaşlıq etmələri tövsiyə edilib. 

https://azertag.az/xeber/din_son_zengle_bagli_valideynlere_ve_mezunlara_muraciet_edib-3607895



Facebook-da paylaş