Qazaxda əhalinin “Özünüməşğulluq” layihəsi uğurla icra olunur
Son illər Azərbaycanda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, neft sektorundan asılılığın azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və s. sosialyönümlü problemlərin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirilir. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar davamlı surətdə yeni iş yerlərinin açılması sahəsində mühüm addımlar atılır.
Ölkə prezidentinin əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramına başlanılması da bu sahədə mühüm addımların atılmasını şərtləndirir. Əhalinin özünüməşğulluğunun təmin olunması və aztəminatlı ailələrin dövlətdən asılılığının aradan qaldırılması üçün bu layihə olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, özünüməşğulluq proqramının praktik icrası çərçivəsində işsiz və işaxtaran vətəndaşlar üçün təlim kursları təşkil olunur. Onlardan uğurlu biznes planlara malik şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təmin edilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da özünüməşğulluq proqramı uğurla icra olunur. Əhalinin özünüməşğulluğunun təmin edilməsi ilə bağlı Sərəncama uyğun olaraq Qazax rayon Məşğulluq Mərkəzinə müraciət etmiş rayon sakinləri "Özünüməşğulluq” layihəsində fəal iştirak edirlər.
2017-ci ildə 11 nəfər işaxtaran kimi Mərkəzə müraciət etmiş rayon sakini "Özünüməşğulluq” layihəsindən yararlanmışdısa, 2018-ci ildə bu rəqəm daha da artıb. Ötən ilrayonda özünüməşğulluq proqramı çərçivəsində 100 ailədən 85-i aktivlərlə təmin olunaraq dövlət dəstəyindən faydalanıb. Həmçinin, yerdə qalan 15 ailə də yaxın zamanda aktivlərlə təmin olunacaqlar.
Rayonun Daş Salahlı, Aslanbəyli, Qarapapaq, Canalı, Qazaxbəyli, Cəfərli, Çaylı, Xanlıqlar, Ürkməzli, Birinci Şıxlı, Fərəhli, Aşağı Əskipara kəndlərindən olan və özünüməşğulluq layihəsindən yararlanan sakinlər, sadə kəndlilər məşğulluqlarının təmin edilməsi, maddi rifah hallarının yaxşılaşdırılması üçün yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq edirlər. Bu layihəni kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan insanlara olan dəstəyin, qayğının əyani sübutu kimi qiymətləndirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş