“Əjdaha” ləqəbli kəşfiyyatçı leytenantın xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Qazax Rayon Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib
Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin idman zalında 44 günlük Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Daş Salahlı kənd sakini, məktəbin məzunu olmuş şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Qazax Rayon Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib.
Yarışda ümumilikdə 104 nəfər iştirak edib.
Yarışdan əvvəl Daş Salahlı kənd Şəhidlər Xiyabanında dəfn olunmuş Vətən müharibəsi şəhidi Mayis Yaqubovun məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla anılıb.
Yarışın açılış mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Sahib Namazov, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, kapitan Samir Çobanov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, “Mübarizlər” Cəmiyyətinin Qazax rayonu üzrə sədri, ehtiyatda olan hərbçi, Qarabağ müharibəsi veteranı, Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək Şəhidlik zirvəsinin müqəddəsliyindən söz açıblar. Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirərək bu cür yarışların keçirilməsində əsas məqsədin şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etmək, yeniyetmə və gənclər arasında vətənpərvərlik hissini gücləndirmək, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin asudə vaxtının səmərəli təşkili, onlarda idmana olan marağın artırılmasından ibarət olduğunu qeyd ediblər. Yarış iştirakçılarına uğurlar arzulayıblar.
Sonda şəhid Mayis Yaqubovun atası Rəhim Yaqubov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının xatirəsinə həsr olunmuş yarışın təşkilində əməyi keçən insanlara, yarış iştirakçılarına razılığını ifadə edib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I, II, III yerləri tutmuş idmançılar təşkilatçılar tərəfindən müvafiq qiymətli hədiyyə, diplom, medal və kubokla təltif olunub.
Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin 8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib, 26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
“N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının “Əjdaha” ləqəbi ilə çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
İgid Vətən oğlunun doğulduğu kənddə xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunub. 08.11.2021-ci ildə həmin bulağın açılışı olub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.
Facebook-da paylaş