• Təqvim

  • Maraq



“Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı layihə çərçivəsində ötən il sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan igid Vətən oğullarının xatirəsinə həsr olunmuş Qol güləşi üzrə açıq Qazax rayon turniri keçirilib


“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı layihəsinin icrası çərçivəsində 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatının qarşısını alan zaman Şəhidlik zirvəsinə ucalan “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”,  “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş baş leytenant Kazımov Yunis Qasım oğlunun, “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş baş gizir Məmmədov Azər Mustafa oğlunun, “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş gizir Kərimov Azad Zakir oğlunun xatirəsinə həsr olunmuş Qol güləşi üzrə açıq Qazax rayon turniri keçirilib.  

Qazax Olimpiya İdman Kompleksində təşkil olunmuş turnirdə Qazax, Ağstafa  və Tovuz rayonlarından olan 90-dan çox idmançı iştirak edib.  

İlk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün qəhrəmanların və Türkiyədə zəlzələ nəticəsində həlak olmuş vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Layihənin rəhbəri, Əməkdar məşqçi, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev tədbir iştirakçılarına turnir haqda ətraflı məlumat verərək donor barədə danışıb. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrindən olan şəhidlərimizin xatirəsini daima uca tutmağı bildirib. Gəncləri pis vərdişlərdən uzaq olmağa, bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırıb. 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Məhəmməd Xəlilli,  Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov, Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayonu üzrə sədri Xasay Balayev, şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev şəhidlərimiz haqda ətraflı danışaraq, turnir iştirakçılarına uğurlar arzulayıblar. 

Layihədə fəal iştirak edən Ramiz Cəfərov, gizir Amid Məmmədovun atası Müqabil Məmmədov, gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev, baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov və Süleyman Süleymanov təşkilat komitəsi tərəfindən diplomlarla təltif olunublar. 

Turnirdə şəhid baş leytenant Yunis Kazımovun atası Qasım Kazımov, baş gizir Azər Məmmədovun atası Mustafa Məmmədov, gizir Azad Kərimovun atası Zakir Kərimov, Qazax Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundov qonaq qismində iştirak ediblər.

Çıxışlardan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Qol güləşi üzrə turnirə start verilib.         

“Qəhrəmanlar unudulmur!” devizi altında keçirilən turnirdə gərgin idman mübarizəsi şəraitində keçən görüşlər nəticəsində 10 çəki üzrə qaliblər müəyyən edilib.

Komanda hesabında 11 medalla (Medalların əyyarına görə) Qazax komandası 1 yerə, 11 medalla Ağstafa komandası 2 yerə, 8  medalla Tovuz   komandası 3 yerə çıxıblar. Qaliblər medal və diplomlarla mükafatlandırılıblar.

Turnirdə iştirak edən qonaqlar fərqlənən idmançıların mükafatlandırılmasında iştirak edərək təşkilat komitəsinə öz minnətdarlıqlarını bildiriblər. 

Turnir gənclərin asudə vaxtlarının düzgün təşkili, onların sağlam həyat tərzini seçmələrinə təkan vermişdir. Turnir çərçivəsində 140 nəfər birbaşa bəhrələniblər.

Gərgin idman mübarizəsi şəraitində keçirilən görüşlər nəticəsində qaliblər müəyyənləşib. 

40 kq çəki dərəcəsində Cavidan Ələkbərov (Ağstafa) I yerin, Sinan Abdullayev (Qazax) II yerin, Ramil Məhərrəmli (Tovuz) III yerin sahibi olublar.

45 kq çəki dərəcəsində Ayxan Ələkbərov (Tovuz) I yerə, Rəsul Qəhrəmanov (Qazax) II yerə, Emin Əliyev (Qazax) III yerə layiq görülüblər.  

50 kq çəki dərəcəsində Ağaməmməd Bayramov (Ağstafa) I yeri, Vüqar İbrahimov (Tovuz) II yeri, Nazim Tağıyev (Ağstafa) III yeri tutublar.

55 kq dərəcəsində İlkin Namazov (Tovuz) I yerin, Murad Mədətov (Ağstafa) II yerin, Ülfən Kamilov (Qazax) III yerin sahibi olublar. 

60 kq çəki dərəcəsində Nihat Yaşılov (Qazax) I yeri, Oruc Musayev (Qazax) II yeri, Amil Qarayev (Ağstafa) III yeri qazanıblar. 

65 kq çəki dərəcəsində Əli Nağıyev (Ağstafa) I yeri, Yaqub Bağırzadə (Qazax) II yeri, Fazil Nəzirli (Ağstafa) III yeri tutublar.

70 kq çəki dərəcəsində Xəyal Qasımzadə (Qazax) I yerin, Ceyhun Mədətli (Qazax) II yerin, Ayxan İbrahimov (Tovuz) III yerin sahibi olublar. 

75 kq çəki dərəcəsində İbrahim Rəhimli (Ağstafa) I yeri, Elgün Vəliyev (Tovuz) II yeri, Kərəm Nağıyev (Tovuz) III yeri qazanıblar. 

80 kq çəki dərəcəsində Said Mustafazadə (Qazax) I yerə, Nihat Musayev (Ağstafa) II yerə, Rəvan Əsgərov (Ağstafa) III yerə layiq görülüblər.

+80 kq dərəcəsində İsmayıl Mustafayev (Qazax) I yerin, Ayxan Hacıyev (Ağstafa) II yerin Mərdan Musayev (Tovuz) III yerin qaibi olublar. 

Turnirin sonunda iştirakçılar Azərbaycan Respublikasının Gənclər Fonduna turnirə dəstək verdikləri üçün öz minnətdarlıqlarını bildirib, belə turnirlərin tez-tez keçirilməsini arzulayıblar.



Facebook-da paylaş