“Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı layihə çərçivəsində ötən il sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan igid Vətən oğullarının məzarları ziyarət olunub
“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı layihəsinin icrası çərçivəsində 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatının qarşısını alan zaman Şəhidlik zirvəsinə ucalan “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş baş leytenant Kazımov Yunis Qasım oğlunun, “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş baş gizir Məmmədov Azər Mustafa oğlunun, “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş gizir Kərimov Azad Zakir oğlunun məzarları ziyarət olunub.
26-27 yanvar tarixlərində təşkil olunmuş ziyarətlərdə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Azər Əliyev, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, şəhidlərin yaxınları iştirak ediblər.
Şəhidlərin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla anılıb.
“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Azər Əliyev layihə, donor haqda ətraflı məlumat verib, eləcə də layihə çərçivəsində şəhidlərin xatirəsinə həsr olunmuş qol güləşi və mini futbol turnirlərinin keçiriləcəyini bildirib.
Tədbir iştirakçılarından Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Qazax RİH başçısının Kəmərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Səməd Orucov, Qazax RİH başçısının Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Səbuhi Əliyev, Vətən müharibəsi şəhidlərindən gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov, gizir Amid Məmmədovun atası Müqabil Məmmədov, qazilər və veteranlardan Namiq Alıyev, Azər Məmmədov, Cəfər Cəfərov, Avdı Məmmədov, ehtiyatda olan zabit Rəşad Fərzəliyev, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin idarə heyətinin üzvləri İsmayıl Mustafayev, Süleyman Süleymanov və Emin Əliyev Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşüblər. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirələrinin hər zaman əziz tutulacağını, Azərbaycan xalqı var olduqca qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacaqlarını qeyd ediblər. Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, rayon rəhbərliyinin şəhid ailələrinə, qazilərə göstərdikləri diqqət və qayğının hər kəsə nümunə olduğunu söyləyiblər. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür layihələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək layihənin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Şəhidlərimizin yaxınları göstərilən qayğı və diqqətə, övladlarının xatirəsinin əziz tutulmasına görə layihə təşkilatçılarına, iştirakçılara razılıqlarını ifadə ediblər.
Baş leytenant Kazımov Yunis Qasım oğlu
Kazımov Yunis Qasım oğlu 24 sentyabr 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbini bitirmişdir. Ali təhsillidir. 2011-2015-ci il tarixlərdə Azərbaycan Dövlət Aqrar Universitetində yol kadastrı ixtisasını bitirmişdir. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, rütbəsi baş leytenant olmuşdur. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində iştirak etmişdir. 4 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə sol ayağından qəlpə yarası almışdır. İlk tibbi yardım göstərildikdən sonra döyüşə qayıtmış, Şuşa azad olunduqdan sonra müalicə üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Tovuz rayonunda hərbi hospitalda müalicəsini davam etdirmişdir. Xidmət etdiyi hərbi hissəyə qayıtmışdır.
12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. 1 övladı var.
44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı”, 5.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Baş gizir Məmmədov Azər Mustafa oğlu
Məmmədov Azər Mustafa oğlu 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Qazax rayon Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsillidir. 2011-ci ilin aprel ayından 2012-ci ilin oktyabr ayına qədər Lənkəran rayonunda Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ilin oktyabr ayından Xaçmaz rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində snayper bölməsində 2B qrupunda xidmətə başlamışdır. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mərdəkan qəsəbəsində Çevik Hərəkat Dəstəsində xidmətini baş gizir olaraq davam etdirib. 30.07.2022-ci il tarixdə ailə həyatı qurub.
12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Qubadlı-Zəngilan istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur.
44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları, 5.11.2022-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Gizir Kərimov Azad Zakir oğlu
Kərimov Azad Zakir oğlu 27 may 1994-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Kərimov Azad Zakir oğlu 2014-cü ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir kimi xidmətə başlamışdı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi, 2 övladı yadigar qalıb.
44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, bundan əlavə, “Vətən müharibəsi iştirakçısı” medalları, 5.11.2022-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş