• Təqvim

  • Unutma

  • Maraq



Qol güləşi üzrə XXX Avropa çempionatından 5 qızıl medalla qayıdan qazaxlı idmançıları siz də tanıyın


Respublikamızda daim diqqət və qayğı göstərilən sahələrdən biri də idman sahəsidir. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən idmançılarımıza göstərilən qayğının nəticəsidir ki, onlar istər beynəlxalq, istərsə də respublika səviyyəli yarışlarda daha böyük qələbələr qazanaraq Azərbaycanı bütün dünyada idman ölkəsi kimi tanıdırlar.

İdman sahəsində qazanılan uğur və nailiyyətlərdə qazaxlı idmançıların da payı az deyildir. Hər zaman güləş məktəbinin beşiyi kimi tanınan Qazax rayonu da qazanılan uğurlara öz töhfəsini verib. Ölkə rəhbərinin mütəmadi olaraq uğur qazanmış idmançılarla görüşməsi, qayğıları ilə maraqlanması, yüksək nəticə əldə edən idmançıları mükafatlandırması idmançılarımızda böyük ruh yüksəkliyi yaradır. Bu gün istər dövlətin, istərsə də rayon rəhbərliyinin qayğısını hər an hiss edən idmançılarımız öz növbələrində nailiyyətlərini və medallarının sayını gündən-günə artırırlar. Dövlət Himnimizi səsləndirərək üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırırlar.


Növbəti qələbə xəbəri 26 oktyabr – 01 noyabr 2021-ci il tarixlərdə Litvanın Vilnüs şəhərində keçirilən Qol güləşi üzrə XXX Avropa çempionatından gəlib. Həmin yarışda iştirak edən qazaxlı idmançılar da ölkəmizi layiqincə təmsil ediblər.

Milli komandamızın tərkibində yer alan Qazax Olimpiya İdman Kompleksinin idmançıları Azərbaycan Qol Güləşi Federasiyası gənclər yığmasının baş məşqçisi, Əməkdar məşqçi, Fəxri bədən tərbiyəsi və idman işçisi Azər Əliyevin yetirmələri olan Mustafayev İsmayıl Arif oğlu və Mustafayev İsgəndər İlqar oğlu da həmin çempionatda uğur qazanıblar. İdmançılarımız həmin yarışdan 5 qızıl medalla qayıdıblar.

Qazax rayonunun Canalı kənd massivində yaşayan İsmayıl Mustafayev 18 yaşda 60 kq çəkidə sol və sağ qollarda I yerin qalibi olub. Kosalar kəndinin yetirməsi İsgəndər Mustafayev isə 21 yaşda sol qolda 1 dəfə, sağ qolda isə 2 dəfə I yeri qazanıb. Hər iki idmançımız Qol güləşi üzrə XXX Avropa çempionatında həm ölkəmizin, həm də rayonumuzun adını uca ediblər.

Biz də öz növbəmizdə hər iki idmançımızı təbrik edir, ölkəmiz və rayonumuz naminə daha böyük nailiyyətlər əldə etmələrini arzu edirik.

GOYEZEN.AZ



Facebook-da paylaş