Qazaxlı gənclərdən nümunəvi addım…
Ümummilli Lider Heydər
Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun
17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu gün "Qazax Gənclər
evi" sosial xidmət müəssisəsinin əməkdaşları Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən
uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”,
"Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”
medalları ilə təltif olunmuş, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir
oğlunu cənnətdəki
növbəti peşə bayramında yad ediblər. İgid Vətən oğlunun şəhər qəbiristanlığındakı məzarı ziyarət olunub. Qəhrəman şəhidimizin
məzarı üstünə tər qərənfillər düzərək əziz xatirəsini ehtiramla anıblar. Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə
Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət
fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini
bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur.
2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin "Hərbi həkim
işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa
rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin qərargah
və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev
22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında
izdihamla dəfn edilmişdir. Subay idi. 25 yaşında Şəhidlik
zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş
meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi.
O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Vətən uğrunda”, 29
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi
xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin
azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə
təltif olunmuşdur. Qəhrəman şəhidimizin
adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında
bulaq-abidə kompleksi inşa olunub, yaşadığı evin önündə barelyefi vurulub.
GOYEZEN.AZ
Facebook-da paylaş