BDU-nun Qazax filialında gənclərlə görüş keçirilib
Aprelin 28-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Bakı Dövlət Universitetinin Qazax filialı Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə gənclərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə Bakı Dövlət Universitetinin Qazax filialı Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova açaraq gəncləri salamlayıb, rayonumuzda könüllülük hərəkatının geniş vüsət almasından, gənclərin könüllülük fəaliyyətlərinə cəlb olunmasının vacibliyindən, gənclərin asudə vaxtlarını səmərəli keçirmələrindən, fərdi inkişafları və karyera quruculuğunda könüllülüyün rolundan danışıb.
Sonra "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxış edərək Qazax Gənclər Evinin ümumi fəaliyyət istiqamətləri barədə gənclərə ətraflı məlumat verib. Gənclərin potensialından daha səmərəli istifadə etməyin, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmağın, onlara peşə vərdişlərini aşılamağın və biliklərini artırmağın, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməyin və ölkədə könüllülük hərəkatını inkişaf etdirməyin vacibliyini vurğulayıb.
Daha sonra Bakı Dövlət Universitetinin Qazax filialının tələbələrlə və ictimaiyyətlə iş şöbəsinin müdiri Qasım Əliyev gənclərin ictimai, mədəni, sosial və digər sahələrdə könüllü kimi fəaliyyət göstərmələrinin əhəmiyyətindən, faydalarından söz açıb.
Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, Qazax Gənclər Evinin fəal könüllüsü Fuad Ələsgərov çıxış edərək gənclərə yaradılan yüksək şəraitdən danışıb, Qazax Gənclər Evində fəaliyyət göstərən kurslardan, dərnəklərdən, gənclərin maraq dairələrinə uyğun olaraq təşkil olunmuş klublardan yararlandığını qeyd edib, gələcək inkişafları üçün bir sıra təkliflər irəli sürüb.
Sonda gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş