Qazaxlı gənclər Vətən müharibəsi şəhidi leytenant Mayis Yaqubovun doğum günündə məzarını ziyarət ediblər
Bu gün döyüş
yoldaşları tərəfindən "Əjdaha" ləqəbi verilən, 44 günlük Vətən
müharibəsində qanı ilə dastan yazan şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun
cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun 24 yaşı tamam
olacaqdı. Bu gün Mayis bizlərin arasında olmasa da xalqımızın, doğma
qazaxlılarının qəlbində əbədi yaşayır, yaşayacaq da… "Qazax Gənclər
evi" sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri şəhidimizin
doğum günündə Qazax rayon Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında uyuyan
Mayis Yaqubovun məzarını ziyarət edərək, şəhidin məzarı önünə qərənfillər düzüb,
öz hörmət və ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Şəhid Mayis
Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan
olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta
məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu
məktəbin 8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi
Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi
təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi
bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən "N” saylı hərbi
hissədə leytenant rütbəsində xidmətə başlamışdır. "N" saylı hərbi
hissədə xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə
keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil dövrünün qısa xronikasıdır. Bu
illərin arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə və böyük zəhmət durur.
O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib, 26 iyun 2018-ci ildə "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley
medalı ilə təltif olunub. "N” saylı hərbi
hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun
komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə
Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə
qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız
22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında
dəfn edilmişdir. Subay idi. Azərbaycanın ərazi
bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid
olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev
tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının "Əjdaha” ləqəbi
ilə çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra
cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın
azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il
tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə
təltif olunmuşdur. İgid Vətən oğlunun
doğulduğu kənddə xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunub,
08.11.2021-ci ildə həmin bulağın açılışı olub.
GOYEZEN.AZ
Facebook-da paylaş