Qazaxda 8 Noyabr - Zəfər Günündə “Əjdaha” ləqəbli kəşfiyyatçı leytenant Mayis Yaqubovun adını əbədiləşdirən bulağın açılışı olub
Kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğlu Şəhid
Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan
olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta
məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin
8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə
daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin
artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir.
Naxçıvan Muxtar Respublikasında yerləşən "N” saylı hərbi hissədə leytenant rütbəsində
xidmətə başlamışdır. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay
sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi
təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin
fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib,
26 iyun 2018-ci ildə "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə
təltif olunub. "N”
saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı
qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə
Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına
şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il
tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir.
Subay idi. Azərbaycanın
ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək
şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev
tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının "Əjdaha” ləqəbi ilə
çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab
Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın
azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi
xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin
azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş