Qazaxda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı “Ən Böyük Azərbaycanlı” adlı tədbir keçirilib
Dekabrın 10-da Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı "Ən Böyük Azərbaycanlı” adlı tədbir keçirilib.
Qazax Gənclər Evində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq keçirilən tədbirdə Ulu Öndərin müstəqil Azərbaycanın inkişafı naminə gördüyü işlərə bir daha nəzər salınıb.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. V.Nəbiyev qeyd edib ki, Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti və əzəmətli ideyaları üzərində qərar tutur. Heydər Əliyevin ölkəmizin rəhbəri seçilməsinin 40 illiyi ərəfəsində müasir tariximizin bu həqiqəti Azərbaycanın indiki əzəmətli inkişafı fonunda daha aydın, daha bariz şəkildə qavranılmaqdadır. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünür, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. Ümummilli Lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
Qazax Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Tərlan Bədəlova, Kollecin tələbəsi Xumar Tanrıverdiyeva, Bakı Dövlət Universiteti Qazax filialının Tələbə Gənclər Təşkilatının sədr müavini Zahid Ziyadov mövzu ətrafında geniş çıxış ediblər.Çıxışlarda qeyd edilib ki, XX əsr dünyasında yaşamış, ömrünün 50 ilini Azərbaycana rəhbərlikdə keçirmiş, daim siyasi həyatın içində və önündə olmuş Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdəndir. Bütün ömrünü xalqın firavanlığına həsr etmiş müdrik siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətin və xalqının tərəqqisi naminə gördüyü işlər bu gün də unudulmur. Bu gün Ümummilli Lider Heydər Əliyev aramızda olmasa da, böyük insanın amalları, bütün mənalı ömrünü həsr etdiyi, canından artıq sevdiyi müstəqil Azərbaycan Onun arzuladığı kimi yaşayır və inkişaf edir. Qədirbilən xalqımız da dahi insanın ölkəmiz və dövlətimiz üçün etdiklərini minnətdarlıqla xatırlayır və daim Onun əziz xatirəsini yad edir. Əsrin böyük azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycanı dünyaya tanıdan Heydər Əliyevin əbədiyyətə qovuşmasından 18 il keçsə də qədirbilən xalqımız dahi şəxsiyyətin xatirəsini bu gün də eyni hörmət və ehtiramla anır.
GOYEZEN.AZ
Facebook-da paylaş