Dekabrın
10-da Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət
Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin
anım günü ilə bağlı "Ən Böyük Azərbaycanlı” adlı tədbir keçirilib.
Qazax
Gənclər Evində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış
Operativ Qərargahın tələblərinə uyğun olaraq keçirilən tədbirdə Ulu Öndərin
müstəqil Azərbaycanın inkişafı naminə gördüyü işlərə bir daha nəzər salınıb.
Əvvəlcə
Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dahi
şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Qazax
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin
əhəmiyyətindən danışıb. V.Nəbiyev qeyd edib ki, Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt saya bilər ki,
onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi
Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti və əzəmətli ideyaları üzərində qərar
tutur. Heydər Əliyevin ölkəmizin rəhbəri seçilməsinin 40 illiyi ərəfəsində
müasir tariximizin bu həqiqəti Azərbaycanın indiki əzəmətli inkişafı fonunda
daha aydın, daha bariz şəkildə qavranılmaqdadır. Heydər Əliyev daim Azərbaycanın
gələcəyi haqqında düşünür, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. Ümummilli Lider Heydər Əliyev gənclər siyasətinin
uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının
formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi problemlərinin
həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək
edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar,
fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi
formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial
problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə
müsbət təsir göstərib.
Qazax Qazax Rayon
Gənclər və İdman İdarəsinin rəis
müavini Sahib Namazov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə
Hüseynova, Qazax
Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Tərlan Bədəlova, Kollecin tələbəsi Xumar
Tanrıverdiyeva, Bakı Dövlət Universiteti Qazax filialının Tələbə Gənclər
Təşkilatının sədr müavini Zahid Ziyadov mövzu ətrafında geniş çıxış ediblər.Çıxışlarda qeyd edilib ki, XX əsr
dünyasında yaşamış, ömrünün 50 ilini Azərbaycana rəhbərlikdə keçirmiş, daim
siyasi həyatın içində və önündə olmuş Azərbaycan xalqının böyük oğlu Heydər
Əliyev tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdəndir. Bütün
ömrünü xalqın firavanlığına həsr etmiş müdrik siyasətçi, Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətin və xalqının tərəqqisi
naminə gördüyü işlər bu gün də unudulmur. Bu gün Ümummilli Lider Heydər Əliyev
aramızda olmasa da, böyük insanın amalları, bütün mənalı ömrünü həsr etdiyi,
canından artıq sevdiyi müstəqil Azərbaycan Onun arzuladığı kimi yaşayır və
inkişaf edir. Qədirbilən xalqımız da dahi insanın ölkəmiz və dövlətimiz üçün
etdiklərini minnətdarlıqla xatırlayır və daim Onun əziz xatirəsini yad
edir. Əsrin böyük azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan
dövlətinin memarı, Azərbaycanı dünyaya tanıdan Heydər Əliyevin əbədiyyətə
qovuşmasından 18 il keçsə də qədirbilən xalqımız dahi şəxsiyyətin xatirəsini bu
gün də eyni hörmət və ehtiramla anır.
GOYEZEN.AZ
Geri qayıt
|