• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı gənclərdən Qələbə Günü münasibətilə nümunəvi addım


27 sentyabr və 10 noyabr tarixləri. Azərbaycan təqvimində bu iki rəqəm hər zaman xüsusi qeyd ediləcək. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri göstərdikləri şücaətlə, qəhrəmanlıqla qısa müddət ərzində ciddi uğurlar qazandı. 44 günlük Qarabağ adlı haqq savaşında Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı. 2020-ci ilin 10 noyabr tarixi Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü. 

Respublikamızın hər yerində olduğu kimi, qazaxlılar da qələbə sevincini böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Qazanılan tarixi qələbəyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və onun rəhbərliyindəki qüdrətli Azərbaycan Ordusuna minnətdarlıq edirlər.

Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi və "Qazax Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən gənc könüllülərin iştirakı ilə Qələbə Günü münasibətilə gözəl bir tədbir həyata keçirilib. Gənclər tarixi gün münasibətilə müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı olan ulu öndər Heydər Əliyevin abidəsini və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanını ziyarət ediblər. Ümummilli Liderin və adlarını tarixə qızıl hərflərlə yazdıran igid Vətən oğullarının xatirəsini yad edib, onlara olan ehtiramlarını bildiriblər. Abidə və memorial önünə tər qərənfillər düzərək ruhları qarşısında baş əyiblər.

Müstəqil Azərbaycanı bizlərə miras qoyan Ulu Öndərə və Qələbə Gününü bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyib, Vətən naminə canını fəda edərək yaralanan əsgər və zabitlərimizə tezliklə sağalıb ailələrinin yanına qayıtmalarını arzu ediblər. Qələbə sevincini onlara bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan əsgərinə, şəhidlərimizə minnətdar və borclu olduqlarını dilə gətiriblər.










 

GOYEZEN.AZ



Facebook-da paylaş