Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi ili uğurla başa vurub
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi gənc təşkilat olmasına baxmayaraq yola saldığımız 2019-cu ili uğurla başa vurub.
Bu gün bu fikirlər Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunmuş tədbirdə səslənib.
"Gənc könüllülər" və fiziki məhdudiyyətli uşaqların iştirak etdiyi tədbirdə ötən qısa müddət ərzində qazanılan uğur və nailiyyətlərə nəzər salınıb, qarşıda duran işlər dilə gətirilib.
Qazax GİKM-in direktoru İsmayıl Süleymanov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, ölkəmizdə gənclər üçün yaradılan imkanlardan danışan İ.Süleymanov ölkə başçısının "Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyətini dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunmasına yönəldiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarət olduğunu qeyd edib. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunduğunu, regionda yaşayan gənclərə dövlət tərəfindən onlar üçün yaradılan imkanlardan bəhrələnmək şansı yaratdığını söyləyib. Ölkə rəhbərinin göstərişi ilə bu günə kimi Qazax, Cəlilabad, Masallı, Quba, Qusar, Zaqatala, Qax, Biləsuvar, İsmayıllı, Şəmkir, Bərdə, Ağcabədi, Xaçmaz, Goranboy, Yevlax və Lənkəranda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyini bir daha vurğulayıb, gəncləri yeni ildə də bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət edib.
Gənclərə göstərilən dövlət qayğısına görə ölkə başçısına və Mərkəzin fəaliyyətə başladığı ilk gündən diqqət və qayğısını, dəstəyini əsirgəməyən rayon rəhbərliyinə gənclər adından minnətdarlığını çatdıran İ.Süleymanov həmin qayğının gənclər üçün böyük stimul olduğunu bildirib. Ötən müddət ərzində keçirilən tədbirlərdə, layihələrdə yaxından iştirak edən gənclərə təşəkkürünü çatdırıb.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov GİKM-in fəaliyyətini müsbət dəyərləndirib və gənclərə yeni ildə uğurlar arzulayıb.
Sonra Qazax GİKM-in tədbirlərində fəal iştirak edən "Gənc könüllülər", o cümlədən loqoped Məhəmmədəli Vəliyev fiziki məhdudiyyətli yeniyetmə və gənclərin təlim-tərbiyəsində göstərdiyi fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunublar.
Daha sonra bayram tədbiri əyləncəli mahnıların müşayiətilə davam edib. Gənc gitara ifaçıları musiqi nömrələri ilə çıxış ediblər. Qazax GİKM-in rəqs dərnəyinin üzvləri də öz bacarıqlarını nümayiş etdiriblər. Yeni ilin simvolu olan Şaxta baba və Qar qız fiziki məhdudiyyətli uşaqlara bayram hədiyyələri təqdim ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş