QAZAXIN GÜNDÜZÜ DƏ, GECƏSİ DƏ GÖZƏLDİ YENİLƏNİB
Elçin İsmayıl ---------------------------------------------
Çağırıram Qazaxa bütün dostu, tanışı
Bu obanı, bu yurdu görüb bir də tanısın,
Daha da gözəlləşib bu gün Qərbin qapısı,
Hər qayası, hər daşı qədim, ulu, özəldi.
Qazaxın gündüzü də, gecəsi də gözəldi.
Neçə kəndə-kəsəyə çəkilibdir bulaqlar,
Asfalt yollar salınıb yaxın olub uzaqlar,
Neçə yeni məktəbdə təhsil alır uşaqlar,
Bütün bu gözəlliyi quran qabarlı əldi.
Qazaxın gündüzü də, gecəsi də gözəldi.
Hər kəs işini bilir - nə çağır, nə də səslə,
Qışda da gül bitirir qaynar, isti nəfəslə,
Hamı qurub yaradır böyük arzu, həvəslə,
Yeni başçı Qazaxda yeni şəhər düzəldir.
Qazaxın gündüzü də, gecəsi də gözəldi.
Damcılı, Göyəzən tək hikməti var dərində,
Dosta məhəbbət bəslər ürəyində, qəlbində,
Yeni bir günəş doğdu gözəl may səhərində,
Elə bil bu torpağa yeni bir nəfəs gəldi.
Qazaxın gündüzü də, gecəsi də gözəldi.
Şəhərim abadlaşır, kəndlərə yol çəkilir,
Səkilərə, parklara qızılgüllər əkilir,
Qədim, ulu diyarın budur yeni şəkili,
Ucalan binaların hərəsi bir əsərdi.
Qazaxın gündüzü də, gecəsi də gözəldi.
Vidadi, Vaqifi an, Vurğunu sal yadına,
Tarix boyu qoşulub neçə dastan adına,
Mirvarid, Mehdi, Osman alışıbdır oduna,
Deyilən hər kəlməsi şeir, nəğmə, qəzəldir.
Qazaxın gündüzü də, gecəsi də gözəldir.
Yurduma qonaq olun, gəlin, gəzin, tanıyın
Burda qədəri yoxdu gözəlliyin sayının,
Əzəli beşiyisən sən Elçin İsmayılın,
Bu eldən ilham alır vurub döyünən qəlbi.
Qazaxın gündüzü də, gecəsi də gözəldi.
Facebook-da paylaş