• Təqvim

  • Unutma

  • Maraq



İctimai həyatımızda, xalqımızın yaddaşında Qənbər Şəmşiroğlunun özünəməxsus yeri, əvəzsiz ağsaqqal mövqeyi hər zaman görünəcək


Azərbaycan ictimaiyyəti və ədəbi-mədəni mühitinə ağır itki üz verib. El ağsaqqalı, tanınmış ictimai xadim, ziyalı, şair Qənbər Şəmşiroğlu (Qurbanov) dekabrın 30-da 88 yaşında vəfat edib. Yaşadığı müddətdə Azərbaycanın sosial-mədəni həyatında özünəməxsus rolu olan Qənbər Şəmşiroğlu uzun və mənalı ömrünün sonunacan hər zaman fəal ictimaiyyətçi, nüfuzlu ziyalı, əsl Azərbaycan vətənpərvəri, fədakar el-oba təəssübkeşi çəkən insan kimi yaşadı. Ustad Aşıq Şəmşirin ailəsində doğulub-böyüyən Qənbər müəllim təkcə bu ulu ocağa xas bütün nəcib keyfiyyətləri, dəyərli xüsusiyyətləri öz şəxsiyyətində layiqincə təcəssüm etdirmədi, eyni zamanda, bu adın ucalığını qorumaq üçün var qüvvəsi ilə çalışdı. Aşıq Şəmşirinövladı olaraq atasının adını daim uca tutmağı, eləcə də aşıq, ozan sənətini yaşatmağı hər zaman özünün həyat amalı, iş fəaliyyətinin tərkib hissəsi bildi. Dəyərli ziyalı el ağsaqqalı, Aşıq Şəmşir ocağının yadigarı kimi ümumxalq məhəbbəti qazandı.   

Özünün müdriklik, kamillik yaşlarında da Qənbər Şəmşiroğlu ictimai-mədəni fəaliyyətdən qalmadı, ədəbi yaradıcılığını uğurla davam etdirdi. "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəal iştirak etdi.  Müntəzəm şəkildə ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərin iştirakçısı, sosial qayğıya, mənəvi dəstəyə ehtiyac duyan insanların qayğıkeş, fədakar yardımçısı oldu. Qənbər müəllim son 30 ilə yaxın müddətdə qaçqın və məcburi köçkünlərin, şəhid, əlil ailələrinin, tələbə və gənclərin  sosial problemlərinin həllinə, yaşayış şəraitlərinin yaxşılaşdırılmasına bir vətəndaş və ziyalı kimi dəyərli töhfələr verib, daim onların yanında oldu. Q.Şəmşiroğlunun sədrliyi ilə "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı ilk gündən mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması naminə ölkədə və xaricdə müxtəlif tədbirlər həyata keçirib. Neçə-neçə gənc aşıqların, yazarların həyatında dərin izlər qoydu.

Candan sevdiyi doğma Kəlbəcərin işğalı, əzəli yurd-yuvanın illər boyu düşmən tapdağında olması Qənbər Şəmşiroğlunun ruhunda dərin sarsıntılara yol açmışdı. Vətən həsrəti həyat və yaradıcılığında niskilli izlər qoymuşdu. Odur ki, 44 günlük Vətən müharibəsinin şanlı zəfərlə bitməsi, Qarabağın, eləcə də Kəlbəcərin azad edilməsi Qənbər müəllimi çox sevindirmişdi. Bu böyük qələbə onun Vətən sevdalı ürəyinə sonsuz fərəh gətirmiş, şair ilhamını daha da qanadlandırmışdı.

İctimai həyatımızda, ədəbi-mədəni mühitimizdə, el-obada, xalqımızın yaddaşında dərin izlər qoymuş Qənbər Şəmşiroğlunun özünəməxsus yeri, əvəzsiz ağsaqqal mövqeyi hər zaman görünəcək.

Qazax ziyalılar adından dəyərli ziyalımızın vəfatından kədərləndiyimizi bildirir, ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

Barat VÜSAL,

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair



Facebook-da paylaş