• Təqvim

  • Maraq



Yusif Səmədoğlu: Sözün və vicdanın işığında

Bakı Dövlət Universitetinin Qazax filialında Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi keçirilib.

Sözügedən müsabiqədə Bakı Dövlət Universitetinin Qazax filialının İbtidai sinif müəllimi ixtisasının İS-2-23 qrup 3-cü kurs tələbəsi Vəliyeva Ləman Rövşən qızının III yerə layiq görülmüş Yusif Səmədoğlu: Sözün və vicdanın işığında” adlı yazısını təqdim edirik:

Yusif Səmədoğlu: Sözün və vicdanın işığında

Azərbaycan ədəbiyyatının səmasında elə bir ulduzlar var ki, onların işığı zaman keçsə də sönmür, əksinə, hər dövrdə daha parlaq görünür. Bu ulduzlardan biri də Yusif Səmədoğludur – millətin yaddaşında yalnız bir yazıçı kimi deyil, həm də düşüncə, mərdlik və insanlıq rəmzi kimi yaşayır. O, sözün saf qüdrətini dərk edən ədəbiyyatın cəsarət və vicdan səsi olduğuna inanan bir qələm sahibi idi. Yusif Səmədoğlu ədəbiyyata sadəcə yazı yazmaq üçün gəlməmişdi. O, sanki taleyin diktəsi ilə sözün ağır yükünü çiyninə almışdı. Uşaqlıqdan atasının – böyük Səməd Vurğunun poeziya ilə işıqlanmış evində böyüməsi onun ruhuna, həm sənətin, həm də məsuliyyətin dərin mənasını hopdurdu. Amma Yusif Səmədoğlu atasının kölgəsində deyil, öz şəxsiyyətinin gücü ilə ucaldı. O, atasının şeirlərindəki lirizmi, xalqına sevgi hissini özündə qoruyub, onu bambaşqa bir istiqamətdə – daxili azadlığın və vicdanın ədəbiyyatında davam etdirdi. Onun yaradıcılığında ən parlaq nümunələrindən biri “Qətl günü” romanıdır. Bu əsər təkcə bir tarixi dövrün faciəsini deyil, insanın mənəvi parçalanmasını, onun içindəki mübarizəsini təsvir edir. Yusif Səmədoğlu bu əsərdə göstərir ki, ən böyük müharibə insanın içində baş verir.

“Qətl günü”nü oxuyanda elə bil insan vicdanının ayna­sına baxır – orada həm qorxu, həm ümid, həm də səssiz üsyan görünür. Yusif Səmədoğlu insanı sevir, amma kor-korana deyil. O, insanın zəifliyini də, qüdrətini də göstərməyi bacarır. Onun qəhrəmanları həyatdan qaçmır, əksinə onunla çarpışırlar. Həyatın ağırlığını çiynində daşıyan sadə insanların acı taleyi Yusif Səmədoğlunun yaradıcılığında ucalığa çevrilir. Onun dili ağır, amma safdır, cümlələri dərin, amma sadədir. Sanki hər cümlə bir nəfəsdir, xalqın, torpağın, keçmişin nəfəsi. Yusif Səmədoğlunu oxuduqca sanki yazıçının ürəyinin döyüntüsünü hiss edirsən. O, cəmiyyətin ağrısını sözə çevirməyi bacaran bir qələm sahibidir. Əsərlərində təkcə obrazlar deyil, həm də Azərbaycanın vicdanı yaşayır. Bəlkə də elə buna görə onun yazıları bu gün də aktualdır. Çünki insan dəyişsə də, vicdanın səsi dəyişmir. Onun fikrincə yazıçı olmaq sadəcə istedad deyil, həm də cəsarət tələb edir. O, yazıçını cəmiyyətin susduğu anda danışan, qorxduğu anda gerçəyi deyən bir vicdan kimi görürdü. Yusif Səmədoğlu özü də elə idi - sükuta razı olmayan, səsini haqsızlığa qarşı qaldıran bir sənətkar.

Bu gün onun irsini oxuyanda mən təkcə bir yazıçını deyil, bir ruhun dirənişini görürəm. Hər sətrində mənəviyyatın qoxusu, doğmalığın istiliyi, azadlığın nəfəsi var. O, mənə öyrədir ki, söz - sadəcə ifadə vasitəsi deyil, həm də insanın şəxsiyyətidir. Yusif Səmədoğlu mənim üçün yalnız bir müəllif deyil, həm də ruhuma yaxın bir dost kimidir. Onun yazılarında sanki mənim hisslərim, düşüncələrim danışır. O, mənə göstərir ki, həyat nə qədər çətin olsa da, ədalətin və doğruluğun tərəfində dayanmaq insana ucalıq gətirir. Onun ömrü qısa oldu, amma yaratdığı dəyərlər əbədi yaşadı.

Hər dəfə onun adını eşidəndə, elə bil bir səssiz çağırış duyulur - "Düz ol, vicdanlı ol yazdığın sözə xəyanət etmə". Məncə, onun əsl böyüklüyü də bundadır - insana dürüst olmağı öyrətməsində. Bəzən düşünürəm, əgər Yusif Səmədoğlu bu gün yaşasaydı, bəlkə də yenə eyni cəsarətlə, eyni ağrı ilə yazardı. Çünki onun qəlbi zamanla ölçülmürdü, o, daim haqqın və insanlığın tərəfində idi. Onun irsi bu gün gənclərə, bizlərə bir yol xəritəsi kimi lazımdır. O, bizə göstərir ki, yazmaq, danışmaq və yaşamaq - hamısı məsuliyyətdir. Əgər bir gün mən də qələmə sarılsam, istəyərəm ki, mənim sözlərim də onun sözləri kimi vicdanın gücü ilə səslənsin.

Yusif Səmədoğlu - bu ad təkcə ədəbiyyat tarixində deyil, həm də xalqın ruhunda yaşayır. O, sözün qütsallığını qoruyan, insanın mənəvi dünyasını işıqlandıran bir sənətkar idi. Onun yaradıcılığına baxanda anlayırsan ki, əsl yazıçı ölmür - o, sadəcə sözə çevrilir. Və bu gün mən də deyirəm söz yaşadığı müddətcə Yusif Səmədoğlu da yaşayacaq. Bu əsərinə böyük hörmət və dərin sevgi ilə yazdım. Hər sətrində Yusif Səmədoğlunun ruhuna bir addım daha yaxınlaşdığımı hiss etdim. Yusif Səmədoğlu haqqında yazmaq əslində, insan olmaq haqqında düşünməkdir. Onun sözünün gücü mənə vicdanla düşünməyi, səmimiyyətlə yazmağı öyrətdi. Yusif Səmədoğlunun ömrü, yazıları, mövqeyi, mənim üçün yol işığı kimidi – Sönməyən, yön göstərən, ruhu oyadan bir işıq. Əgər bu yazı bir anlıq da olsa bir ürəyə toxunacaqsa, oxucunun qəlbində Yusif Səmədoğlu sevgisini, onun sözə olan inamını oyadacaqsa, deməli mənim qələmim də onun yanan işıqlı yoluna kiçik bir işıq salıb. Bu esseni dərin hörmət və minnətdarlıqla Azərbaycan ədəbiyyatının böyük oğlu Yusif Səmədoğlunun xatirəsinə həsr edirəm.



Facebook-da paylaş


{sape_links}