“Qətl günü” – yaddaşın və milli kimliyin aynası
Sözügedən müsabiqədə Bakı Dövlət Universitetinin Qazax filialının Filologiya ixtisasının F-1-23 qrup 3-cü kurs tələbəsi Ələkbərova Sevinc Adil qızının II yerə layiq görülmüş ““Qətl günü” – yaddaşın və milli kimliyin aynası” adlı yazısını təqdim edirik: “Qətl günü” – yaddaşın və milli kimliyin aynası Bəzən bir xalqın taleyi bir romanın sətirlərinə sığar. Yusif Səmədoğlunun "Qətl günü" romanı da elə bu cür əsərlərdəndir, unudulmaq təhlükəsi ilə üz-üzə qalan yaddaşın fəryadı, milli kimliyin sükut içindəki harayıdır. Yazıçı sanki tarixin toz basmış səhifələrindən bir xalqın ruhunu oyadır, biz oxucunu yaddaşın dərin qatlarına endirir. Romanın hər cümləsi bir xatirə kimi nəfəs alır. Keçmişin ağrısı, bu günün susqunluğu, gələcəyin ümid işığı bir-birinə qarışır. Yusif Səmədoğlu insan talelərində zamanın qırılma nöqtələrini göstərir, o anı ki, yaddaş sönür, kimlik titrəyir, amma ruh hələ də mübarizə aparır. "Qətl günü"ndə qətlə yetirilən təkcə bədənlər deyil, orada xatirələr, dəyərlər, milli hafizə də qan içindədir. Əsərdəki hər bir obraz sanki bir xalqın aynasındakı parıltıdır. Kimi unudulmaqdan qorxur, kimi xatırlamaqdan. Amma hər kəsin içində bir eyni sual dolaşır: "Biz kimik?" Bu sual romanın nəfəsidir, onun ruhudur. Yazıçı bu sualı sadəcə qəhrəmanlara yox, oxucuya da ünvanlayır - sanki deyir: "Əgər yaddaşını itirsən, kimliyini də itirəcəksən". “Qətl günü”ndə faciəvi olmayan obraz yoxdur. Hətta insanları faciəyə sürükləyən qüvvələr də faciə içində yaşayırlar, azğın hökmdarın faciəsi bəlkə daha böyükdür. Çünki onu uşaqlıqda axtalamış, kişilikdən məhrum etmişlər. Odur ki, hökmdar başına gətirilən bu müsibətin əvəzini insan kəllələrindən minarələr ucaltmaqla, şəhərləri yerlə-yeksan etməklə, şairləri edam etməklə çıxır. Amma hökmdar bir insan kimi çox zəif və cılız məxluqdur. Öz faciəsini və zəifliyini dərk edir: “Xacə Ənvər zirzəminin ağır qapısını açdı və bu açılan qapının arxasındakı qaranlıqda hökmdar içəridə dayanmış, başı daz, qulaqları iri. Gözləri quzğun gözləri təki kirpiksiz olan bir adam gördü. Və əlini qaldırıb, bu adamın haçansa bir oğlan uşağının sifətinə yaxdığı qanı silmək istədi”. Müsibətli tale Xacə Ənvərin də, başı kəsilən sərbazın da, şairin cəsədi üstündə ağı deyən qarının da alın yazısı imiş. - Sizin kökünüz kəsilsin, ay ikiayaqlı bəndələr! Amma şərin kökü kəsilmir. Başqa bir mühitdə azğın hökmdarların yerini Muxtar Kərimlilər, Adil Salahovlar tutur. “İnsan iztirab üçün yaranmamışdır!” doğrudur, elə Yusif Səmədoğlu da öz romanında bu fikri təlqin edir. Və düşünürəm ki, “Qətl günü” yazmaqda da əsas məqsədi insanı aciz və zavallı şərə boyun əyən bir varlıq kimi təsvir etmək olmamışdır, əksinə, insan faciələri fonunda onun əyilməzliyini və böyüklüyünü, bədii sözün qüdrəti ilə təsdiq etmək olmuşdur. Bütün bu xüsusiyyətlərə baxmaraq, biz oxucuları Səmədoğlunun dili bəzən sakit bir çayın axını kimi, bəzən də qopan tufan kimi sarsıdır. Hər sətirdə bir yanğı, bir dirəniş var. Yazıçı oxucunu o yaddaşın içində gəzdirir, unudulmuş səsləri eşitdirir, itirilmiş dəyərləri yenidən yaşadır. Bu roman milli ruhun qayıdış yoludur. “Qətl günü” sadəcə bir roman deyil o bir millətin xatirəsinə yazılmış duadır. Yaddaşını qoruyan millət sağ qalır, kimliyini unudan millət isə zamanın tozunda itib gedir. Yusif Səmədoğlu bizə bunu xatırladır: “Unutmaq – qətlin başlanğıcıdır”. Romanın ruhunda bir səssiz haray var xalqın itirdiyi illərin, unutduğu adların, sönən ocaqların harayı. Səmədoğlu bu romanla oxucunu təkcə hadisələrin içində deyil, yaddaşın öz içində gəzdirməyə çalışır. O, yaddaşı daşlaşmış bir abidə kimi göstərmir, əksinə, onu yaşayan, nəfəs alan bir varlıq kimi təsvir edir. Hər xatirə, hər ağrı, hər sükut sanki bir xalqın can damarında döyünür. Əsərdə zaman düzxətli deyil – keçmişlə bu gün bir-birinə qarışır, çünki yaddaşda zamanın sərhədi olmur. Romanın bu bədii quruluşu da təsadüfi deyil, yazıçı göstərir ki, xalq öz keçmişi ilə hər an üz-üzədir. Hər oxucu “Qətl günü”nü oxuyarkən bir anda öz içindəki yaddaş qapılarını açır, itirdiklərini, qorxularını və kimliyini xatırlayır. Yusif Səmədoğlu üçün milli kimlik sadəcə pasportdakı bir ad deyil – bu, insanın öz vicdanında daşıdığı tarixdir. O tarix ki, nə qədər ağrılı olsa da, biz onsuz yaşaya bilmərik. “Qətl günü”ndə bu ağrı həm bədii, həm mənəvi dəyərə çevrilir. Yazıçı oxucuya deyir ki, “sən keçmişi unutduqca, gələcək səni tanımayacaq”. Bu roman Azərbaycan ədəbiyyatında “yaddaş ədəbiyyatı”nın simvolu sayılır. O oxucuya sadəcə keçmişin izlərini göstərmir, həm də gələcəyin məsuliyyətini xatırladır. Çünki yaddaş təkcə xatırlamaq deyil – yaşatmaqdır. “Qətl günü”nü oxuyanda insan anlayır ki, unudulmuş hər ad bir millətin ürəyində açılmış yaradır. Amma bu roman həmin yaraya işıq salır, onu sağaltmaq istəyir. Yusif Səmədoğlu sanki demək istəyir: “Xatırlamaq acıdır, amma unutmaq – məhv olmaqdır”. Əsərin ən böyük gücü ondadır ki, oxucu sonunda yalnız bir ədəbiyyat nümunəsi ilə deyil, öz xalqının ruhu ilə qarşılaşır. “Qətl günü” bizi həm düşündürür, həm silkələyir, həm də milli varlığımıza qaytarır. “Qətl günü” romanı oxucunu sakitliklə silkələyir. O səni qışqırmadan düşündürür, sükutla çağırır “xatırla, unutma, dirən”. Yusif Səmədoğlu bu əsərlə bir millətin hafizəsini oyadır, bizə unudulmuş dəyərlərin qədrini anlatmaq istəyir. Roman bitir, amma onun qoyduğu suallar bitmir. Hər oxucu öz içində bir “qətl günü” yaşayır, yaddaşın, vicdanın, kimliyin imtahanını verir. Bu əsərdən sonra insan anlayır ki, millətin yaddaşı onun varlığının nəfəsidir. Unudulan hər xatirə, susdurulan hər səs xalqın ruhundan bir parça aparır. Səmədoğlunun qəhrəmanları bəzən danışmır, amma onların sükutu bütün bir əsrin fəryadıdır. Yazıçı sanki öz oxucusuna deyir: “Yaddaşını qoru, çünki yaddaşsız millət köksü boş bir ağac kimidir – kökü yoxdur, meyvəsi olmaz”. “Qətl günü” elə bir aynadır ki, orada təkcə əsərin qəhrəmanlarını deyil, özümüzü, öz tariximizi görürük. Hər oxunuş bir oyanışdır, hər sətir bir xatırlamadır. Bu əsər bizə bir həqiqəti öyrədir: kimliyimizi yaşatmaq üçün yaddaşımızı qorumaq borcumuzdur. Xalq yazıçısı Anarın bu fikri ilə tam razıyam ki: “Manim fikrimca, bu romanın meydana çıxması ədəbi fakt çərçivəsindən qat-qat böyük əhəmiyyətə malikdir. “Qətl günü” müasir ədəbiyyatımızın həqiqət günüdür”.
Bakı Dövlət Universitetinin Qazax filialında Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi keçirilib. 
Facebook-da paylaş















