• Təqvim

  • Unutma

  • Maraq



Daş Salahlı kənd yolunun çəkilişində son tamamlanma işləri görülür

Son illər Azərbaycanda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən genişmiqyaslı işlərdən biri də yol infrastrukturunun yenidən qurulmasıdır. Diqqət çəkən məqamlardan biri isə odur ki, yol infrastrukturu ilə bağlı görülən işlər paytaxtla yanaşı, respublikamızın bütün bölgələrində də uğurla həyata keçirilir.

Dövlət başçısı İlham Əliyevin respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlara əsasən Qazax rayonunda da məqsədyönlü işlər görülür.

Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir. Ən əsası da yeni asfalt yolların çəkilməsi vətəndaşların rahatlığının təmin olunmasına xidmət edir.

Ötən illərdə olduğu kimi, bu il də yeni yol asfalt yolların çəkilməsi uğurla həyata keçirilir. Belə ki, bu il daha bir yolun - uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması da bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir.

Ötən yazımızda məlumat verdiyimiz kimi, artıq xeyli müddətdir ki, Daş Salahlı kəndində də uzunluğu 11,5 km olan yeni asfalt yol çəkilir. İlk olaraq "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun "Damcılı” filialına gedən yolda işlərə başlanılmışdır.

Ümumiyyətlə, ölkə başçısının tapşırıq və sərəncamları əsasında cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq uzunluğu 16 km olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki  hissə üzrə yenidən qurulub. Bu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11,5 km uzunluğa malik Daş Salahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax-Yuxarı Əskipara avtomobil yolunun 11 km-dən ayrılan və 4,5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.

Yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu IV texniki dərəcəli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin, torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmışdır. Layihəyə uyğun olaraq sözügedən yolun 4,5 km-lik Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri tam yekunlaşıb və həmin yol sakinlərin istifadəsinə verilib.

"28 nömrəli Yol İstismarı” MMC tərəfindən Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun 11,5 km-lik Daş Salahlı hissəsinin yenidən qurulması işləri də yekunlaşmaq üzrədir. Bu gün demək olar ki, son tamamlanma işləri görülür.

Yolda əsasən mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, təqribən 24 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb. 

Yol boyu 4 ədəd 48 p/m uzunluğunda 500 mm diametrində yeni suötürücü dəmir-beton borular quraşdırılaraq izolyasiya olunub, 4 nöqtədə müxtəlif diametrlərə malik suötürücü boruların başlıqlarının isə təmiri işləri görülüb, 5800 p/m uzunluğunda küvet hissələr açılıb.

Daha sonra torpaq yatağı avtoqreyderlə profilə salınıb, 36 sm hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının 130 min kv.m sahədə tikintisi işləri görülüb. Yol əsası hazır olan hissələrin isə artıq asfaltlanması işləri də uğurla həyata keçirilib. Belə ki, əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınlıqda iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə inşa edilib, çiyin hissələr xüsusi qruntla bərkidilib, 14 ədəd yol birləşməsi isə təmir edilib.

Layihənin sonuncu mərhələsində isə 5 yerdə avtobus dayanacağı qoyulacaq, hərəkətin normal təşkili üçün 42 km göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılacaq, 48 km yolcizgi və yol göstərici xətləri çəkiləcək. 

Bir sözlə, 16 km uzunluğa malik Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulur.

GOYEZEN.AZ



Facebook-da paylaş