• Təqvim

  • Maraq



Qazaxda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirilib


Fevralın 28-də 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd edilməsi ilə bağlı tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənlər təmayüllü məktəb - liseydə “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirilib.

Məktəbin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti Allahverdi Abdullayev, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nəsimi Nəsibov, məktəb-liseyin müəllim-şagird kollektivi iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. A.Hümbətov “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusuna həsr olunmuş tədbirin əhəmiyyətindən söz açaraq bu günün vacibliyini bir daha vurğulayıb. A.Hümbətov qeyd edib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur. Bu gün münasibətilə mülki maarifləndirici tədbirlər keçirilir. Hazırda təşkilata dünyanın 50-dən çox ölkəsi daxildir. 1993-cü ildən nüfuzlu beynəlxalq təşkilata üzv seçilən Azərbaycan Respublikası bu mötəbər qurumla sıx əməkdaşlıq edir. Təşkilatın vəzifələri həm müasir dövrdə müharibələrin, həm də əmin-amanlıq dövründə güclü istehsalat qəzalarının və təbii fəlakətlərin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasıdır. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi dayanır. Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə qurğularında yerləşdirilməsi, təhlükəsiz yaşayış məntəqələrinə təxliyəsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan hücum, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir. Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranması ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edir. Nazirlik ölkəmizdə mülki müdafiə sisteminin yaradılmasına böyük diqqət göstərir. A.Hümbətov qeyd edib ki, “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, - deyən Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülüb. Bu sahədə zəruri qanunvericilik bazası yaradılıb, 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” və “Mülki müdafiə haqqında” qanunlar qəbul olunub. Dövlət başçısının diqqət və qayğısı ilə ölkəmizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilib, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulub. 2005-ci il dekabrın 16-da ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyevin dediyi kimi: “Bütövlükdə, bu gün texniki təminat yüksək səviyyədədir. Son illərdə lazım olan bütün texniki avadanlıq alınmışdır... Yəni bu gün texniki təchizatla bağlı heç bir problem yoxdur... Bir sözlə, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası möhkəmdir, işçilərin peşəkarlığı artır, tədris prosesi düzgün təşkil edilibdir”. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu sahəyə də diqqət və qayğı göstərir. Ali Baş Komandan İlham Əliyevin 2011-ci ildə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağını təqdim etməsi buna bariz nümunədir. Ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə FHN-in mülki müdafiə sisteminin rolu danılmazdır.

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti Allahverdi Abdullayev, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nəsimi Nəsibov çıxış edərək Mülki Müdafiə Günü, onun məqsəd və vəzifələri barədə məlumat verib, əhalinin mühafizəsinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını diqqətə çatdırıblar. Keçirilən bu cür tədbirlərin mülki müdafiə sahəsinin inkişaf etdirilməsinə öz töhfəsini verdiyini qeyd ediblər. Çıxış edən natiqlər mülki müdafiə işinin effektiv təşkilində Beynəlxalq Mülki Müdafiə Təşkilatının rolundan və bu təşkilatın Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyalarında nazirliyin fəaliyyətindən danışıblar. Çıxış edənlər vurğulayıblar ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini bir daha əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Bildirilib ki, 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. Ölkədə mülki müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində aidiyyəti qurumların vəzifələri, bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və görülən işlər haqqında geniş məlumat verilib, mülki müdafiə sahəsinin inkişafının əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirdə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənlər təmayüllü məktəb - liseyin direktoru Vəfa Pirvəliyeva, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədov, Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənlər təmayüllü məktəb - liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini, Mülki Müdafiə Qərargahının rəisi Hüseyn Həsənov, məktəb-liseyin 10A sinif şagirdi Ömər Fərruxov mövzu ətrafında çıxışlar ediblər.

Sonra məktəbin foyesində təşkil edilmiş sərgiyə baxış keçirilib. Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti Allahverdi Abdullayev tərəfindən fərdi mühafizə vasitələrindən istifadə qaydaları izah edilib. Qazax Rayon DYM Hissəsinin rəis müavini Nəsimi Nəsibov yanğınsöndürmə vasitələrindən istifadə qaydaları barədə məlumat verib. Məktəbin müəllimi Tahirə Orucova ilk tibbi yardım və tibbi mühafizə vasitələrindən istifadə qaydaları barədə məktəbliləri məlumatlandırıb. 



Facebook-da paylaş