• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında filialın şəhid məzunlarına həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin I Elmi Konfransı keçirilib


8 iyun 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında filialın şəhid məzunları -Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenant Məmmədov Məhəmməd Zakir oğlunun və 19-20 sentyabr 2023-cü il tarixində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış, Vətən müharibəsindəki şücaətinə görə "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Vətən müharibəsi işirakçısı” medalları, ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş baş leytenant Orucov Niftalı Qəfər oğlunun xatirəsinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin I Elmi Konfransı keçirilib.

Tədbir iştirakçıları filialın foyesində 44 günlük Vətən müharibəsi şəhidlərinə və filialın şəhid məzunlarına həsr olunmuş guşəyə baxıb, şəhidlərə həsr olunmuş kitablarla tanış olublar.



Filialın Heydər Əliyev auditoriyasında keçirilən plenar iclas şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Filialın direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbirdə iştirak etdiklərinə görə şəhid ailələrinə minnətdarlığını bildirib, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışaraq konfransın işinə uğurlar arzulayıb.

Sonra şəhid analarından Telxanım Eynalova və Yaqut  Məmmədova çıxış edərək elmi konfransın övladlarının xatirəsinə həsr edilməsinə görə filialın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə şəhid məzunlara həsr edilmiş slayd nümayiş olunub.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov məruzə ilə çıxış edərək keçirilən konfransın tələbələrin gələcək elmi fəaliyyətlərində mühüm rol oynayacağına əmin olduğunu bildirib.   

Filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova, İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova və Tələbə Elmi Cəmiyyətinin sədri, filologiya ixtisasının IV kurs tələbəsi Telli Nəsibova çıxış edərək konfransın işini yüksək qiymətləndiriblər.

Çıxışlar başa çatdıqdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Konfransın sonunda iştirakçılara Sertifikatlar təqdim olunub.

Filialın Mətbuat Xidməti



Facebook-da paylaş