• Təqvim

  • Maraq



Qazaxda "Sağlam yaşamaq öz əlindədir!" mövzusunda tədbir keçirilib


Noyabrın 24-də Qazax Rayon Polis Şöbəsinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üçün "Sağlam yaşamaq öz əlindədir!" mövzusunda tədbir keçirilib.

Qazax Gənclər Evində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, polis əməkdaşları, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Natiq çıxışında qeyd edib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Vurğulayıb ki, Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Bildirib ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edən natiq bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyi qeyd edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. 


Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov çıxış edərək bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün bu istiqamətdə mühüm addımlar atmalı, var qüvvəsi ilə çalışmalıdır. Gənclərə mütəmadi olaraq cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə məlumat verməlidir. Ölkəmizin işıqlı və gözəl gələcəyinin sağlam, savadlı gənclikdən asılı olduğunu bir an belə unutmamalıdır. Odur ki, hər bir yeniyetmə və gəncə zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməli olduğunu bildirmək hər birimizin borcudur. Daxili İşlər Nazirliyinin və yerli polis orqanları əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirdiyini vurğulayıb. Bugünkü tədbiri də həmin görüşlərin davamı kimi göstərib. 


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova gəncləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. K.Cəfərova qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini bir daha diqqətə çatdırmaqdır. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan K.Cəfərova bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi dəyərləndirib. K.Cəfərova rayon rəhbərliyinin bütün sahələrə olduğu kimi, narkomaniya ilə mübarizə sahəsinə də hər zaman həssaslıqla yanaşdığını, bu sahədə görülən işləri daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Tədbirlər Planına uyğun gənclərin sağlam gələcəyi naminə belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini, bu cür görüşlərin daha sıx təşkil ediləcəyini vurğulayıb. Narkomaniya və onun fəsadları, erkən nikah və onun cəmiyyət üçün yaratdığı fəsadlar və antisosial mühitdən necə qorunmağın yolları barədə geniş məlumat verib. K.Cəfərova çıxışı zamanı erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından söz açıb. 


Qazax Dövlət Sosial-İqtisadi Kollecin tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov çıxış edərək narkomaniya və zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq Rayon Polis Şöbəsinin rəhbərliyinə kollecin müəllim-tələbə heyəti adından minnətdarlığını bildirib. Gəncləri sağlam həyat tərzi keçirməyə, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb.  V.Əyyubov kollecin tələbələri ilə mütəmadi olaraq bu mövzularda tədbirlər keçirildiyini bildirib. 

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb. 



Facebook-da paylaş