• Təqvim

  • Maraq



Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün yeni tikilən binanın inşası sürətlə davam etdirilir


Son illər Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri qayğı sayəsində ölkəmizdə yeni tikilən və ya əsaslı təmir edilən təhsil müəssisələrinin sayı hər il daha geniş miqyas alır. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” proqramlarının rolu isə əvəzsizdir. Məhz bu proqramlar çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur.

Ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da daim hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Son dövrlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının əyani təzahürüdür.


Ölkə başçısı tərəfindən yararsız halda olan Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam da dövlətin Qazaxda təhsil sahəsinə olan növbəti qayğısıdır. Təhsil Nazirliyi tərəfindən məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın inşa olunması dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğının davamı deməkdir.    


Hazırda məktəb-lisey üçün yeni tikilən binada işlər sürətlə davam etdirilir. İş icraçısı Sakit Rəsulov görülmüş işlər barədə məlumat verərək yeni inşa olunan məktəb binasının 4 korpusdan ibarət olduğunu bildirir. Tədris korpusunun 4 mərtəbədən, 2 korpusun 3 mərtəbədən, idman zalının yerləşəcəyi korpusun isə 1 mərtəbədən ibarət olduğunu qeyd edir. Yeni inşa edilən məktəbdə geniş, işıqlı sinif otaqlarının, kimya, fizika, biologiya laboratoriya otaqlarının, kompüter otaqlarının, 172 yerlik yeməkxana və 312 yerlik akt zalının inşa olunduğunu vurğulayır. İş icraçısı işlərə ötən ilin noyabr ayının əvvəlindən başlanıldığını, bütün işlərin paralel olaraq həyata keçirildiyini, bu ilin sonuna kimi təhvil verilməsinin nəzərdə tutulduğunu bildirir. 

Yeni inşa edilən məktəb müəllim-şagird kollektivi üçün əsl töhfə, təhsilimizə, gələcəyimiz olan gənclərə göstərilən dövlət qayğısı kimi qiymətləndirilir. Yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə olunur.

GOYEZEN.AZ



Facebook-da paylaş