• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının imzaladığı 22.02.2022-ci il tarixli Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.

 

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək mülki müdafiənin məqsəd və vəzifələrindən, müharibə və dinc dövrdə oynadığı mühüm roldan ətraflı söz açıb. Bildirib ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Qeyd edib ki, mülki müdafiə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, mülki müdafiənin təşkili məsələləri barədə təbliğat və təşviqat işlərinin aparılması olduqca mühüm əhəmiyyət kəsb edir.

"İctimai və təbiət fənləri” kafedrasının müəllimi Pəri Məmmədova "Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi” mövzusunda məruzə ilə çıxış edərək fövqəladə hallar zamanı insanların və ətraf mühitin mühafizəsi və müdafiəsi, qorunma və təhlükəsizlik məsələləri barədə ətraflı söz açıb.

Filialın mülki müdafiə qərargahının rəisi İlqar Nəbiyev mülki müdafiə zamanı vətəndaşların üzərinə düşən vəzifələrdən, mülki müdafiə və pandemiya ilə bağlı filialda görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışıb.

Filialın IV kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova isə pandemiyaya qarşı mübarizədə könüllülərin rolundan və bir könüllü kimi Qazax rayonunda gördükləri işlərdən ətraflı bəhs edib.


Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Mülki müdafiə ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırıqlarına əsasən bu sahədə görülmüş işlərdən söz açıb.

Sonda Qazax rayonunda keçirilmiş mülki müdafiə tədbirlərini özündə əks etdirən videoçarx nümayiş olunub.




 

BDU Qazax filialının Mətbuat Mərkəzi



Facebook-da paylaş