• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialının kollektivi onlara göstərilən qayğıya görə minnətdarlıq məktubu ünvanlayıb


Hörmətli Rəcəb müəllim,                  
Azərbaycanda təhsilin inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən milli təhsil konsepsiyası onun ən layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq davam və inkişaf etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya olunaraq özünün ən yüksək inkişaf dövrünü yaşayır, məzmunca yeniləşərək daha da modernləşir. Ölkəmizin təhsil sistemində uğurla həyata keçirilən islahatlar sayəsində milli təhsilimiz ən yüksək dünya standartları səviyyəsinə çatmışdır.
Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsəd və vəzifələr Qazax rayonunda da uğurla həyata keçirilir. Rayonumuzda iqtisadiyyat, kənd təsərrüfatı və sənaye sahəsində əldə edilən davamlı inkişaf və uğurlar təhsil sahəsində də özünü əyani şəkildə göstərir. Gün kimi bir həqiqətdir ki, Qazaxda bu inkişafın əsası Sizin rəhbərliyiniz altında qoyulmuşdur. Sizin diqqət və qayğınız sayəsində rayonumuzda təhsil sahəsi daim ön planda olmuş, inkişaf edərək özünün ən yüksək səviyyəsinə çatmış, bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Bu gün Qazaxda elm və təhsil sahəsində respublika miqyasında qazanılmış bütün uğurlarda Sizin əvəzedilməz xidmətləriniz vardır.
Hörmətli Rəcəb müəllim,
Bakı Dövlət Universitetinin Qazax filialının kollektivi də öz fəaliyyətində daim Sizin diqqət və qayğınızı hiss etmiş, bundan ruhlanaraq elm və təhsil sahəsində yüksək uğurlar qazanmaqla regionun ən qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilmişdir. Bu gün filialda əldə edilmiş yüksək elmi biliyə, möhkəm nizam-intizama və şəffaflığa Sizin ayırdığınız böyük diqqət və qayğınız, yüksək tələbkarlığınız sayəsində nail olunmuşdur. Sizin filialın fəaliyyətini daim diqqətdə saxlamağınızın, kollektivimiz tərəfindən qaldırılan bütün məsələlərə həssaslıq göstərib qayğı ilə yanaşmağınızın nəticəsidir ki, bu gün filial günün ən yüksək tələbləri səviyyəsində öz fəaliyyətini davam etdirir, kollektivimizi daha həvəslə çalışmağa sövq edərək elm və təhsil sahəsində daha böyük uğurlara aparır.

Sizin göstərdiyiniz doğmalıq və səmimiyyət, qaldırdığımız hər hansı problemə dərhal reaksiya verərək onun həll olunması üçün göstəriş verməyinizin bir daha əyani şahidi olduq. 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası zamanı Sizin diqqətiniz sayəsində qarşılaşdığımız problemlər öz müsbət həllini tapdı. Göstərişinizlə filialda yaranmış elektrik enerjisi fasilələri və internetin zəif olması kimi çətinilklər aradan qaldırıldı, imtahanların yüksək səviyyədə keçirilməsi təmin olundu, müəllim və tələbələr heç bir çətinliklərlə üzləşmədi. Ona görə də birmənalı şəkildə deyə bilərik ki, filialda yaz semestr imtahanlarının yüksək səviyyədə başa çatmasında Sizin böyük əməyiniz vardır.
Çox hörmətli cənab Başçı!
Tərəfinizdən Qazax filialına göstərilən böyük diqqət və qayğı, tükənməz səmimiyyət professor-müəllim heyəti və tələbələr tərəfindən daim məmnunluq hissləri ilə qarşılanır, Sizə daha böyük hörmət və rəğbət gətirir, kollektivimizin hər bir üzvü Sizi öz doğması bilir. Qazax filialına göstərdiyiniz diqqət və qayğıya, səmimiyyətə görə müəllim və tələbələr adından Sizə bir daha öz dərin minnərdarlığımızı bildirir, gələcək işlərinizdə uğurlar arzulayırıq. Əmin edirik ki, bizə göstərdiyiniz qayğı və tələbkarlığı öz əməli işimizlə doğruldacaq, elm və təhsil sahəsində böyük nailiyyətlər qazanmaqla cavab verəcəyik.
Böyük hörmətlə,
BDU-nun Qazax filialının kollektivi adından direktor Arif Rüstəmov, dosent



Facebook-da paylaş