Qazaxda IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib
Bu gün
Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun 30 avqust 2019-cu il
tarixli F-531 nömrəli Əmrinə əsasən təsdiq edilmiş 2019-2020-ci tədris ili üçün
Təhsil Nazirliyinin Fəaliyyət planında müəyyən edilmiş hədəflərin yerinə
yetirilməsi ilə bağlı respublikanın bütün ümumtəhsil məktəblərinin IX sinif
şagirdləri üçün buraxılış imtahanlarının 2-ci mərhələsinə uyğun şəkildə sınaq
imtahanı keçirilib. Qazax
rayonunda da imtahan yüksək səviyyədə təşkil olunub. Belə ki, 2 mərkəzdə -
S.Əfəndiyev adına şəhər 1 nömrəli və S.Vurğun adına 2 nömrəli tam orta
məktəblərdə imtahanın təlimata uyğun, şəffaf və ədalətli şəkildə keçirilməsi
üçün əvvəlcədən lazımi hazırlıq işləri görülüb. İmtahan aparılan məktəblərdə
şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait
yaradılıb. İmtahan zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb. İmtahanda
şəhər və kənd üzrə olmaqla 39 tam orta məktəbin IX siniflərində təhsil alan
1016 nəfər şagird iştirak edib. Şəhər 1 nömrəli tam orta məktəbdə 505 nəfər, 2
nömrəli tam orta məktəbdə isə 511 nəfər şagird imtahanda öz biliyini sınayıb. Şagirdlərə
Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil fənləri üzrə 90 sual
(hər fənn üzrə 30) təqdim olunub. Suallar açıq və test qaydasında tərtib edilib.
İmtahan üçün şagirdlərə 135 dəqiqə vaxt verilib. Təhsil
Nazirliyinin nümayəndələri Şəhriyar və Ülvi Məmmədovlar başda olmaqla rayon
Təhsil şöbəsinin əməkdaşları da imtahanın qayda-qanunla aparılmasına nəzarət
edib. Eyni zamanda imtahanın gedişinə nəzarət etmək üçün iki mərkəz üzrə 50
nəfərdən artıq müəllim cəlb edilib. Məlumat
üçün qeyd edək ki, imtahanın cavabları növbəti həftədə məlum olacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş