BDU-nun Qazax filialında Respublika Günü qeyd olunub
Bakı Dövlət Universitetinin Qazax filialında 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
Filialın direktor müavini, dosent Məmməd Yusifov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış AXC milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
İctimai və təbiət fənləri kafedrasının müəllimi Tərlan Bədəlova məruzə ilə çıxış edərək bildirib ki, AXC dövlət quruculuğu sahəsində böyük işlər görmüş, Azərbaycan dilinin dövlət dili elan olunması, Milli Ordunun yaradılması haqqında qanunlar qəbul etmişdir.
Filialın müəllimi Mübariz Süleymanov, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, tələbələrdən Səbinə Camalova, Nurlan Quliyev, Nərmin Əzizli çıxış edərək AXC-nin respublikamızın dövlətçilik tarixindəki əhəmiyyətindən söz açıblar.
Tədbirin sonunda YAP-a daxil olmuş bir qrup tələbəyə üzvlük vəsiqələri təqdim olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş