Qəbələ ilə tanışlıq qazaxlı məktəblilərdə xoş təəssürat yaradıb
"Ölkəmizi
tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyada
iştirak edən qazaxlı məktəblilər Ağcabədi, Ağdam,
Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Göyçay və Tovuzun məktəbliləri ilə birlikdə səfər
proqramına uyğun olaraq turun üçüncü günü Qəbələ rayonu ilə tanış olublar. Şagirdlərə
Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda tarixi abidələr, müasir
istehsal müəssisələri, turizm, mədəniyyət və idman obyektləri, bölgənin gözəl
təbiəti ilə tanış olmaq imkanı yaradılıb. Heydər Əliyev
Mərkəzini ziyarət edən məktəblilər burada ulu öndərin həyatını və siyasi
fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. Heydər Əliyev Konqres Mərkəzi ilə
tanışlıq zamanı diqqətə çatdırılıb ki, binanın birinci mərtəbəsində zallar, 350
yerlik restoran və inzibati otaqlar, ikinci mərtəbəsində isə 1200 yerlik
çoxfunksiyalı konfrans zalı yerləşir. Bu zal kresloların aşağı enməsi ilə
müstəvi halına keçə bilir. Qəbələ konserv zavodunda olan məktəblilərə məlumat verilib ki,
burada fəaliyyət göstərən emal müəssisələrində yarımfabrikat dondurulmuş kartof
və kartof çipsi, həmçinin sərinləşdirici işçilər istehsal olunur. Məktəblilərin Qəbələ ilə tanışlığının növbəti ünvanı "Tufandağ”
Qış-Yay Turizm İstirahət Kompleksi olub. Bölgənin ən çox turist
qəbul edən bu obyektində hazırda 4 kanat xətti və 10 xizək yolu fəaliyyət
göstərir. Kompleksdə turistlərin istirahətinin mənalı təşkili üçün hər cür
şəraiti olan restoranlar və beşulduzlu "Tufandağ” oteli açılıb, dağ-xizək trası
süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleks 3
min nəfərə xidmət göstərə bilir. Dörd kanat xəttinin ümumi uzunluğu 6 kilometr,
10 xizək yolunun uzunluğu isə 17 kilometrdir. "Tufandağ”
Qış-Yay Turizm İstirahət Kompleksi son illər ölkəmiz üçün yeni idman növü olan
xizəkçiliyin gənclər arasında yayılmasına səbəb olub. Kompleksin xizəkçilik
mərkəzi həm turizmin inkişafı, həm də yeni dağ idman növlərinin geniş yayılması
baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məlumatları maraqla
dinləyən məktəblilər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan
Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib,
xatirə şəkli çəkdiriblər. Tur-aksiya iştirakçıları günün
ikinci yarısında Nic qəsəbəsindəki "Çotari” alban-udi kilsəsində olublar.
Məlumat verilib ki, kilsə qədim abidələrdən biridir. Tolerantlığın kiçik modeli
hesab edilən Nic qəsəbəsində üç kilsə və iki məscid var. Altı min əhalisi olan
qəsəbədə dörd mindən çox udi yaşayır. Onlar öz dilini, dinini, adət-ənənələrini
2500 ildir ki, qoruyub saxlayırlar. Qəsəbədəki məktəblərin ibtidai siniflərində
udi dili tədris olunur. Məktəblilərin Çuxur Qəbələ
Tarix və Mədəniyyət Qoruğuna ekskursiyaları da maraqlı keçib. Şagirdlər burada qədim Qəbələ şəhərinin xarabalıqları və
ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji
Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar.
Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox
zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri
mədəni irsimizin nadir inciləri hesab olunur. Sevindirici xəbər
isə odur ki, hər il olduğu kimi, bu il də tur-aksiya olduqca maraqlı keçib və
məktəblilər qələbə qazanıblar. "Ölkəmizi tanıyaq” layihəsində Azərbaycan İntellektual
Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?”
adlı intellekt yarışmasında qazaxlı məktəblilər ikiqat sevinc hissi yaşayıblar.
Məktəblilərimiz 9 rayon arasında keçirilən bilik yarışında öz bilik və
bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu olduğunu bir daha nümayiş
etdiriblər. 51 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Vurğun” və "Günəş”
komandaları 1-ci və 3-cü yerləri qazanıblar. Komandamız Assosiasiya tərəfindən
Kuboka, Sertifikata və medallara layiq görülüblər.
Facebook-da paylaş