• Təqvim

  • Unutma

  • Maraq



“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə


Xəbər verdiyimiz kimi, artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin "Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalara yenidən start verilib.

IX-XI sinif şagirdlərinin iştirakı ilə baş tutan bu tur-aksiyalara Qazax rayonunun məktəbliləri də qatılıb.

Bu gün səhər saatlarında "Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən 40 nəfər məktəbli və təhkim olunmuş şəxslər ulu öndərin adını daşıyan Heydər Əliyev parkına toplaşaraq abidə önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra ulu öndərin adını daşıyan Mərkəzdə olub, dahi şəxsiyyətin həyat və fəaliyyətinə bir daha nəzər salıblar.

Səhər saat 08:00-da Heydər Əliyev parkından yola düşən məktəblilər martın 23-dən 26-na kimi Qəbələ-Şəki-Zaqatala marşurutu üzrə həmin rayonların gəzməli, görməli, tarixi yerlərinə səfər edəcək, bölgə ilə əyani tanış olacaq, rayonların sosial, iqtisadi və mədəni həyatı barədə məlumat alacaqlar. Tur-aksiya çərçivəsində şagirdlər intellektual oyunlarda da iştirak edəcəklər.

Günorta saatlarında Qəbələyə çatan tur-aksiya iştirakçları səfərin ilk günü Nohur gölünə və Yenicə kəndindəki zooparka səyahət ediblər. Buradan xoş təəssüratlarla ayrılan məktəblilər Qəbələ şəhərindəki Zərifə Əliyeva prospektinin ərazisində ağacəkmə aksiyasında da iştirak ediblər.

Məlumat üçün bildirək ki, səfərin 2-ci günü məktəblilər qədim Şəkiyə ekskursiya edəcəklər.

Onu da qeyd edək ki, ənənə halını alan bu cür layihənin təşkil olunmasında əsas məqsəd şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Bundan əlavə, respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərini təşkil etməklə məktəblilərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da formalaşdırmaqdır.

Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 10 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 23 min 444 nəfər iştirak edib.

Martın 15-18 və 23-26 tarixlərini əhatə edəcək növbəti 11-ci tur-aksiyada isə 6 istiqamət üzrə Naxçıvan MR-sı, 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3370 nəfər iştirak edəcək. Bununla da, "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 26 mindən çox olacaq.









GOYEZEN.AZ



Facebook-da paylaş