Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbin tikintisindən FOTOREPORTAJ
Son illər Respublika Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə olan yüksək diqqət və qayğısı respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarında da öz real əksini tapmaqdadır. Məhz həmin Dövlət Proqramlarında yeni-yeni təhsil ocaqlarının, çoxsaylı məktəblərin inşa olunması, yaxud da əsaslı şəkildə yenidən qurulması kimi bəndlərin öz əksini tapması bu sahəyə olan qayğıdan, təhsil sahəsinin hər zaman prioritet sahə olmasından xəbər verir. Təqdirəlayiq hal isə odur ki, bu sahədə görülən işlər paytaxt Bakı ilə yanaşı respublikamızın bütün bölgələrini əhatə edir.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin təmirinin əksini tapması da bu sahədə həyata keçirilən işlərin uğurla davam etdirilməsi deməkdir. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması həm Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymət, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğıdır.
5 aydır ki, böyük bir tikinti meydançasını xatırladan Kosalar kənd tam orta məktəbində əsaslı tikinti işləri ilk gündən sürətlə davam etdirilir.
İş icraçısı Əhməd Rəhimov yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, istər əsas binanın, istərsə də keçidlərin dam örtüyü vurulub. Üçmərtəbəli binanın hər üç mərtəbəsində suvaq, astar-üzlük və alçipan vurulması işləri tam yekunlaşıb. Həmçinin hər üç mərtəbədə pəncərələrin qoyulması yekunlaşıb, hazırda isə şüşələrin salınması işi yerinə yetirilir. Yenə də hər üç mərtəbədə otaqlarda döşəməyə beton tökülməsi işi tam başa çatıb. Bundan əlavə, məktəbin kənarına hasar çəkilməsi (hörgü və suvaq işləri) bitib.
İş icraçısı akt zalı, yeməkxana və idman zalında da eyni işlərin aparıldığını və sürətlə davam etdirildiyini bildirib. Bundan başqa, məktəb binasının arxa hissəsində hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, bir ədəd içməli su hovuzu, nasosxana, qazanxananın da tikildiyini və son tamamlanma işlərinin aparıldığını qeyd edib. Bildirib ki, kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyi nəzərə alınaraq məktəbin həyətində arxa hissədə əlavə olaraq tikilən güləş zalının inşası da uğurla həyata keçirilir. Belə ki, artıq güləş zalında suvaq işləri görülür. Dam örtüyünün vurulması üçün alt hissə hazırlanır. Ə.Rəhimov hazırda binanın xarici fasadında suvaq işinin sürətlə davam etdirildiyini qeyd edib. Oyun meydançasında isə ərazinin düzləşdirilməsi işinin, eyni zamanda əlavə olaraq 6 ədəd ayaqyolu (3 oğlan, 3 qız) və 2 ədəd hamam inşa olunduğunu da diqqətə çatdırıb.
Tikinti işlərinin başlanılmasından 5 ay ötməsinə baxmayaraq artıq əsas işlərin xeyli hissəsi arxada qalıb. Ən əsası da kəmiyyətlə yanaşı işin keyfiyyətinə də böyük üstünlük verilir. Bunu isə görülən işlərdən də aydın şəkildə görmək mümkündür.
GOYEZEN.AZ
Facebook-da paylaş