• Təqvim

  • Maraq



Qazaxda yeni “Yaşa Tibb Mərkəzi” açılıb


Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurla icrası sayəsində nəinki paytaxt Bakıda, eləcə də bütün bölgələrimizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir, sosial layihələr icra olunur. Son illər ölkə başçısının qayğısı sayəsində gündən-günə inkişaf edən rayonlarımızdan biri də ölkəmizin Qərb qapısı sayılan Qazax rayonudur. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən və sənaye müəssisələrinin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar. 

Bu gün rayonda elə bir sahə olmaz ki, orada bir yeniliyin şahidi olmayasan. Bu günlərdə açılışı olan “Yaşa Tibb Mərkəzi” də səhiyyə sahəsində olan uğurlardandır. Qazax şəhəri Azadlıq küçəsi 34B ünvanında yeni istifadəyə verilən Mərkəz sakinlərimizə səhiyyə sahəsində yüksək səviyyədə xidmət göstərəcək. Mərkəzdə sakinlərə endokrinologiya, endokrinoloji, laboratoriya, klinik, klinik-biokimyəvi ambulator tibbi xidmətlər göstəriləcək. Ən əsası da bütün növ analizlərin Mərkəzdə dəqiq və düzgün aparılması həyata keçiriləcək. Hazırda 4 nəfərin çalışdığı Mərkəzdə analizlərin aparılması üçün lazım olan bütün şərait yaradılıb. 


“Yaşa Tibb Mərkəzi”nin direktoru Durna Qocayeva Mərkəzin açılışında göstərilən dəstəyə, qayğıya görə əməyi keçən insanlara, eləcə də rayon rəhbərliyinə minnətdarlığını bildirir. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və rayon rəhbərliyinin şəhid ailələrinə, qazilərimizə göstərdiyi qayğıdan söz açan D.Qocayeva hər zaman həmin qayğını nümunə götürdüyünü söyləyir. Məhz həmin qayğını əldə rəhbər tutaraq Mərkəzdə şəhid ailələrinə tam təmənnasız, qazilərimizə isə 50 faiz endirimlə tibbi xidmət göstərildiyini vurğulayır. Artıq bu istiqamətdə işlərə başlanıldığını qeyd edərək Mərkəzin əməkdaşları tərəfindən şəhidlərimizin ailələrinin ziyarət olunduğunu bildirir. İlkin olaraq rayonun İkinci Şıxlı, Birinci Şıxlı və Yuxarı Salahlı kəndlərindən olan şəhidlərimizin evlərində olaraq onlardan qan analizləri götürüldüyünü qeyd edir. D.Qocayeva daha sonra Mərkəzdə qan analizlərinin yoxlanılaraq nəticələri barədə lazımi addımlar atılacağını, hər hansı bir xəstəlik aşkarlandığı zaman aidiyyəti üzrə istiqamət verilərək həkimlərə yönləndiriləcəyini bildirir. Şəhid ailələrinin ziyarətlərinin bundan sonra da davam etdiriləcəyini qeyd edir.  




Facebook-da paylaş