• Təqvim

  • Unutma

  • Maraq



COVID-19 pandemiyasına qarşı mübarizədə qalib gəlməyin yeganə yolu vaksinasiya olunmaqdır

Dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyası Azərbaycandan da yan keçmədi. Bunu nəzərə alaraq virusun yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlərlə yanaşı, Azərbaycan dövləti də təxirəsalınmaz tədbirlər həyata keçirdi. Ölkə başçısı İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri işlər bu gün də uğurla davam etdirilir. Azərbaycan koronavirusla mübarizənin başladığı ilk gündən etibarən bütün mümkün ola biləcək tədbirləri zamanında icra etdi və ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində mühüm addımlar atdı.
Bütün dünya dövlətlərində olduğu kimi, Azərbaycanda daCOVID-19 pandemiyasına qarşı vaksinasiya prosesi həyata keçirilir. Yanvar ayından start verilən və qorxulu pandemiyadan yeganə xilas yolunun vaksinasiya olduğunu nəzərə alaraq bu sahədə görülmüş işlər uğurla davam etdirilir.
Bu gün hər bir vətəndaş onu bilməlidir ki, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur. İnsanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir.
Hər kəs onu da yaxşı bilməlidir ki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. Çünki immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir.
Bu gün hər bir vətəndaş onu da dərk etməlidir ki, dünyanı cənginə alan bu xəstəlik yaşa baxmır. Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.
Vaksinasiya olunan hər kəs başa düşməlidir ki, onlar tək özlərini deyil, ətrafdakı insanları da qorumuş olurlar. Peyvəndlər digər insanları da qoruyur. Çox az sayda olsa da vaksinasiyaya əks göstərişi olan insanlar da var. Peyvənd olunanlar qazanılan immunitet sayəsində onları da qorumuş olur. Bu siyahıya vaksinasiya strategiyasına uyğun olaraq hamilə qadınlar, süd verən analar, 18 yaşdan kiçik vətəndaşlar da aiddir. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir.
Tarixin bütün dönəmlərində hər zaman məlum olub ki, yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlə mümkün olub. Əminliklə demək olar ki, peyvəndlənməyi seçmək yaşamağı seçmək deməkdir.1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirdi. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25‑30%‑i vəba xəstəliyindən ölüb. 1916-1920-ci illərdə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-nə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdu. Ən kiçik ehtimalla müqayisə etsək, bu xəstəlik Birinci Dünya müharibəsində ölənlərdən daha çox insanı məhv edib. 1618-ci ildə 20 milyon olan Meksikadakı İnka əhalisinin sayı çiçək xəstəliyi səbəbindən 1,6 milyona düşüb. Havay adalarında tifo xəstəliyi səbəbindən 1779-cu ildə əhali sayı 500 mindən 84 minə düşüb. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb.
Bu gün tibb sahəsində əldə edilmiş uğurlu nəticələr onu söyləməyə əsas verir ki, müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib. Peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu - bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomielit tamamilə yox olub.
Sözügedən xəstəliklərin qısa tarixcəsinə nəzər salanda bir daha əmin oluruq ki, vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. Ən əsası da uşaqların gələcəyi üçün vaksin vacibdir. COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya "müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir.
Bütün sahələrdə olduğu kimi, peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısı da alın bilər. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq (konsertlər, kino, teatr, sərgilər və s.) insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır.
Bu gün hər bir ölkə vətəndaşı fəxrlə söyləyə bilər ki, Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Bunu vətəndaşlar pandemiya təhlükəsi başlayanda dövlətin atdığı vacib addımlardan da bir daha aydın şəkildə gördülər. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.
Bütün bunların kökündə isə Prezident İlham Əliyevin pandemiya ilə mübarizədə təyin etdiyi dəqiq yol xəritəsi dayanır. Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söylədiyi: "Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir” fikri hər birimiz üçün örnək və nümunədir. Hər kəs bilməlidir ki, bu aydın hədəflər nəticəsində Azərbaycanın səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu.
Bir daha əminliklə söyləyə bilərik ki, Azərbaycan dövləti daim əhalinin sağlamlığını düşünür. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın qəbul olunması da bu sahədə atılan ən uğurlu addımlardandır. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.
"Sağlam və firavan gələcək öz əlimizdədir!”. Bu gün hər birimizin ən böyük şüarı bu olmalıdır. Əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Yalnız ölkə əhalisinin 70‑80%-dən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər.
Son aylarda COVID-19 infeksiyasına yoluxma hallarının sayında əhəmiyyətli azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi də məhz həyata keçirilən səmərəli tədbirlərin təzahürüdür. 2021-ci ilin əvvəlindən həyata keçirilməsinə başlanmış vaksinasiya prosesinin uğurla davam etdirilməsinin nəticəsidir ki, xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına əlavə imkanlar yaranır. Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci il iyulun 1-dən bir sıra şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul etməsi də bu dediklərimizin bariz nümunəsidir.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir. Vaksinasiya prosesi başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 72 min 237 doza vaksin vurulub ki, birinci doza vaksin vurulmuş şəxslərin sayının 40 min 538 nəfər, ikinci doza vaksin vurulmuş şəxslərin sayı isə 31 min 699 nəfərdir.
Əminik ki, Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində də "Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib oldu. Vaksinasiya prosesində də bu şüarı əldə rəhbər tutaraq qalib gələcək.

GOYEZEN.AZ



Facebook-da paylaş